Neft Fondunun valyuta ehtiyatları azalıb

Hesabat: ”Ötən ildə ARDNF-nin gəlirlərində 2014-cü il ilə müqayisədə dollar ifadəsində 53 faizə qədər azalma baş verib”

Source:


Hesabat: ”Ötən ildə ARDNF-nin gəlirlərində 2014-cü il ilə müqayisədə dollar ifadəsində 53 faizə qədər azalma baş verib”

2015-ci ildə Dövlət Neft Fondunun (ARDNF) və Mərkəzi Bankın (ARMB) strateji valyuta ehtiyatları 38 milyard 590,8 milyon ABŞ dolları səviyyəsində olub.

“Marja”nın məlumatına görə, Fondun 2015-ci il üzrə hesabatında bildirilir ki, il ərzində strateji valyuta ehtiyatlarında 12 milyard 271,6 milyon ABŞ dolları həcmində və ya 24,1 faiz azalma müşahidə edilib. Bu azalma enən neft qiymətlərinin Azərbaycan manatının məzənnəsinə mənfi təsirlərinin qarşısını almağa çalışan ARMB-nin çoxmilyardlı valyuta intervensiyaları ilə bağlı olub. Ehtiyatların 87,0 faizi vəya 33,57 milyard ABŞ dolları ARDNF-nin vəsaitlərinin payına düşüb.

“Hesabat ilində ARDNF-nin valyuta ehtiyatları dollar ifadəsi ilə 9,5 faiz və ya 3,53 milyard ABŞ dolları həcmində azalaraq, ilin sonuna 33,57 milyard ABŞ dolları təşkil edib. İlk dəfə olaraq ARDNF-nin vəsaitlərində azalma müşahidə edilib.”,- Hesabatda deyilir.

Daha sonra bildirilir ki, son illər ərzində ARDNF-nin vəsaitinin ümumidaxili məhsulda (ÜDM) payında artım müşahidə edilir. 2015-ci ildə ARDNF-nin vəsaitinin ÜDM-ə nisbəti 63,4 faizə çatıb.

2015-ci ildə ARDNF-nin gəlirlərinin azalması səbəbindən ümumi yığım səviyyəsidə 9,5 faiz həcmində azalıb.

Hesabatda göstərilir ki, 2001-2015-ci illər ərzində ARDNF-nin daxilolmaları 124,9 milyard ABŞ dolları səviyyəsində olub, bu vəsaitin 33,57 milyard ABŞ dolları (26,9%) yığıma yönəldilib.

2015-ci ildə dövlət büdcəsinin gəlirləri 17 milyard  498,0 milyon manat təşkil edib, bu vəsaitin 8  milyard 130  milyon manatı və ya 46,4 faizi ARDNF-dən transfert hesabına formalaşıb. 2015-ci ildə büdcə kəsiri ÜDM-in -0,5 faizini təşkil edib.


64 milyarda yaxıb vəsait dövlət büdcəsinə köçürülüb

2003-2015-ci illərdə ARDNF tərəfindən dövlət büdcəsinə ümumilikdə 63,9 milyard manat vəsait transfer edilib.

Hesabatda bildirilir ki, 2015-ci ildə dünya bazarında xam neftin qiymətlərindəki kəskin azalma ilə əlaqədar ARDNF-nin karbohidrogenlərin satışından əldə edilmiş gəlirlərində azalma müşahidə edilib. Bununla yanaşı, ARDNF-nin investisiya portfelinə daxil olan valyutaların manata qarşı məzənnəsinin bahalaşması ilə əlaqədar olaraq, ötən ilin sonuna ARDNFnin vəsaitlərində manat ifadəsində artım baş verib. Hesabat ilində ARDNFnin gəlirlərinin formalaşma mənbələrini Azərbaycanın payına düşən karbohidrogenlərin satışından əldə edilmiş gəlirlər, bonus ödənişləri, akrhesabı ödənişlər, neftin və qazın Azərbaycanın ərazisi ilə ötürülməsindən əldə edilən gəlirlər (tranzit haqqı) və ARDNF-nin vəsaitlərinin idarə edilməsindən əldə edilən gəlirlər təşkil edir.


Gəlirlər  53 faiz azalıb

Ümumilikdə qeyd olunan gəlir maddələri üzrə ötən ildə ARDNF-nin gəlirlərində 2014-cü il ilə müqayisədə dollar ifadəsində 53 faizə qədər azalma baş verib, ARDNF-nin daxilolmaları 7  milyard 721,1 milyon manat (7 milyard 670,2 milyon ABŞ dolları) təşkil edib.

Ötən il ərzində ixrac edilmiş mənfəət neftinin ortaçəkili satış qiyməti 54,31 ABŞ dolları, xalis mədaxil qiyməti 48,06 ABŞ dolları səviyyəsində olmaqla, Azərbaycanda dənizdə və quruda yerləşən yataqların işlənməsi üzrə bağlanmış Hasilatın Pay Bölgüsü haqqında Sazişlərə (HPBS) uyğun olaraq, hasil edilmiş mənfəət neftinin və qazın satışından ARDNF-ə 7 milyard  229,1 milyon ABŞ dolları və yaxud 7 milyard 369,6 milyon manat həcmində vəsait daxil olub.

Mənfəət neftinin və qazın satışından ARDNF-ə  2013-cü ildə 17 milyard 329,2 milyon ABŞ dolları, 2014-cü ildə isə 16 milyard 231,3 milyon ABŞ dolları daxil olmuşdu.

Mənfəət neftinin satışından əldə edilən gəlirlərin 94,9 faizini Azəri-Çıraq-Günəşli (AÇG) yatağından hasil edilmiş mənfəət neftinin satışı təşkil edib və bu yataqlar üzrə gəlirlər 6 milyard  858 milyon ABŞ dolları olub.

Hesabat ilində neft-qaz sazişlərinin imzalanması və ya icrası ilə bağlı ARDNF-ə daxil olan bonus ödənişlərinin məbləği 2,1 milyon manat və ya 2 milyon ABŞ dolları təşkil etmişdir. Cədvəl 4.2.1.-də yataqlar üzrə bonus ödənişləri verilmişdir.


Tranzit haqları

2015-ci ildə ARDNF-nin digər daxilolma mənbəyini karbohidrogenlərin Azərbaycan ərazisi ilə ötürülməsindən əldə edilən gəlirlər (tranzit haqqı) təşkil edib və bu gəlir maddəsi üzrə Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti (ABƏŞ) tərəfindən ARDNF-ə 11,6 milyon manat və ya 11,6 milyon ABŞ dolları həcmində vəsait köçürülüb.

2015-ci ildə ARDNF-nin vəsaitləri borc öhdəlikləri və pul bazarları alətləri, səhm, daşınmaz əmlak və qızıl portfellərində yerləşdirilib. ARDNF-nin vəsaitlərinin müxtəlif portfellərə investisiya edilməsindən ümumilikdə 425,4 milyon ABŞ dolları gəlir əldə edilib. 2015-ci ildə investisiya portfelinin gəlirliliyi 1,24 faiz təşkil edib.

Karbohidrogen ehtiyatlarının işlənməsi ilə əlaqədar xarici sərmayəçilər tərəfindən müqavilə sahəsindən istifadə üçün ödənilən akrhesabı ödənişlərin ümumi məbləği 2,2 milyon manat və yaxud 2,1 milyon ABŞ dolları olub.


ARDNF-in xərcləri

2015-ci ildə ARDNF-nin büdcə xərcləri 9 187,8 milyon manat (9 202,0 milyon ABŞ dolları) təşkil edib və bu xərclərin əsas hissəsi (8 130,0 milyon manat və ya 88,5%) dövlət büdcəsinə transfert edilib, 1029,9 milyon manatı ARDNF-nin büdcəsi çərçivəsində maliyyələşdirilən layihələrə, 27,9 milyon manatı ARDNF-nin idarə edilməsi ilə bağlı xərclərə yönəldilib.


”Fondun ehtiyatları yaxın vaxtlarda azalmaqda davam edəcək”

Qadir İbrahimli

İqtisadçı Qadir İbrahimli Meydan TV-yə bildirib ki, Neft Fondundakı azalma dünya neft bazarında qiymətin enməsiylə və qlobal maliyyə bazarlarındakı tendensiyayla bağlıdır. Halbuki, bu tendensiyalar əvvəlcədən proqnozlaşdırılıldığından burada qeyri-adi heç nə yoxdur. Fondun ehtiyatları yaxın vaxtlarda azalmaqda davam edəcək.

Ehtiyatların azalmasının fəsadlarına gəlincə, İbrahimli deyib ki, yaxın perspektivdə ciddi fəsadlar olmayacaq. Neft Fondunun vəsaitlərinin bir hissəsinin Azərbaycan iqtisadiyyatına aidiyyatı var,  yəni bu hissə investisiya formasında iqtisadiyyatımıza ayrılırdı. Həmin hissə də məhdudlaşdırılıb, söhbət dövlət büdcəsinə olan transferlərdən gedir və bu tendensiya davam edəcək.

Ana səhifəXəbərlərNeft Fondunun valyuta ehtiyatları azalıb