Neft Fondunun daimi artan yığımları bu ildən azalır

Fondun gəlirləri xərclənməsəydi adambaşına 10 min 270 min manat yığımımız olardı

Source:


“Fondun gəlirləri xərclənməsəydi adambaşına 10 min 270 min manat yığımımız olardı”

Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) açıqlamasına əsasən aparılan hesablamalara görə, 2001-ci ildən 2015-ci ilin iyul ayına 1-nə qədər Fonda 97 milyard 574 milyon 100 min manat vəsait daxil olub ki, onun da 66,76 faizi və ya 65 milyard 144 milyon 500 min manatı xərclənib. Bu isə nəzəri cəhətdən o deməkdir ki, indiyə qədər satışdan və idarəetmədən əldə etdiyimiz vəsaitlər xərclənməsəydi, hazırda Fondda adambaşına 10 min 270 min manat yığımımız olardı. Lakin qazandığımız vəsaitlərin 66,76 faizi xərcləndiyinə görə, bu il iyul ayının 1-ə ARDNF-nin yığımları 35 milyard 783 milyon 300 min ABŞ dolları olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 4,9 faiz azdır. Hazrda Fondda yığılmış vəsaitlərin məbləği adambaşına 3 min 766 ABŞ dolları təşkil edir. Təhlillər göstərir ki, hazırda dövlətin maliyyə imkanlarını zəiflədən aşağıdakı tendensiyalar müşahidə olunur.

Bu barədə Demokratiya və Rifah Hərəkatının sədri, iqtisadçı Qubad İbadoğlu Facebook səhifəsində yazıb.

Q.İbadoğlu bildirib ki, fondun büdcəsinin illik gəlirlərində 2011-ci ildən başlayaraq azalma müşahidə olunur: “2014-cü ildə büdcənin illik gəlirləri 27,6 faiz azalıb. Bu il Fondun gözlənilən gəlirləri 2009-cu il səviyyəsində olacaq. Fondun büdcəsinin xərcləri yarandığı vaxtdan 2014-cü ilədək artmada davam etmiş, ötən ildən isə azalmağa başlayıb. Bu il ərzində Fondun büdcəsindən 2011-ci il səviyyəsində gözlənilir. Fondun daimi artan yığımları bu ildən başlayaraq azalır və ilin sonuna 2012-ci il səviyyəsinə enəcəyi gözlənilir”.

“Bu tendensiyalar onu göstərir ki, hazırkı situasiyada ARDNF-nin gəlir və xərc siyasətini tənzimləmək üçün fiscal qaydalar qəbul olunmalıdır. Onun büdcəsindən dövlətin strateji layihələrinin birbaşa maliyyələşdirilməsi dayandırılmalı, bütün investisiya layihələrinin maliyyələşdirilməsi hər il üçün nəzərdə tutulan aralıq Dövlət İnvestisiya Proqramı çərçivəsində həyata keçirilməli və büdcə prosesi vasitəsilə tənzimlənərək, parlament tərəfindən qəbul edilməlidir. ARDNF-nin büdcə layihəsinə Hesablama Palatası tətəfindən rəy verilməli və onun büdcəsi detallı formatda parlamendə müzakirəyə təqdim edilməlidir”,- deyə İbadoğlu fikirlərini yekunlaşdırıb.

Ana səhifəXəbərlərNeft Fondunun daimi artan yığımları bu ildən azalır