Neft Fondunu çətin günlər gözləyir

“Dolların manata olan məzənnəsinin sabit qalması Fondun valyuta ehtiyatlarının manat ifadəsində milyarda yaxın zərərə düşdüyünü göstərir…”

Source:


“Dolların manata olan məzənnəsinin sabit qalması Fondun valyuta ehtiyatlarının manat ifadəsində milyarda yaxın zərərə düşdüyünü göstərir…”

Oktyabrın 20-də Dövlət Neft Fondu 2014-cü ilin doqquz ayı ərzində gəlir və xərclərinə dair məlumat açıqlayıb. Məlumatda bildirilib ki, bu ilin 9 ayı ərzində Fondun aktivləri 3,98 faiz artaraq 35877,5 dollar milyondan 37305,3 dollara milyona yüksəlib. Ancaq məlumatların analizi göstərir ki, 3-cü rüb Fond üçün bir o qədər də uğurlu olmayıb.

İqtisadçı Samir Əliyev Facebook səhifəsində açıqlanan məlumatla bağlı öz şərhini paylaşıb.

Samir Əliyev hesab edir ki, dünyanın əmtəə və maliyyə bazarlarında baş verən proseslər, daha dəqiq desək neftin və qızılın ucuzlaşması, dolların isə bahalaşması Neft Fondunun vəsaitlərinə təsirsiz ötüşməyib.

İqtisadçı bu təsirləri aşağıdakı şəkildə təsnifatlaşdırıb:

1. Neft Fondunun vəsaitlərinin idarə olunmasından əldə olunan gəlirlər azalıb. Yanvar-sentyabr aylarında Fondun vəsaitlərinin idarə olunmasından əldə olunan gəlirlər 162,3 milyon manat təşkil edib. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 47,9 faiz azdır. 2013-cü ilin yanvar-sentyabr aylarında Fondun gəlirləri 311,2 milyon manat olub. 2012-ci ilin uyğun dövründə isə bu göstərici daha yüksək – 440,4 milyon manata bərabər olub.

2. Fondun investisiya portfelinin gəlirliliyi azalıb. Əgər ötən ilin 9 ayında portfelin gəlirliliyi 1,1 faaz olduğu halda cari ilin analoji dövründə gəlirlilik 0,6 faizə düşüb. Halbuki 2012-ci ilin müvafiq dövründə gəlirlilik 1,7 faiz olub.

3. Qızılın gəlirliyi azalıb. Ötən ilki 243,2 milyon manatlıq zərərdən sonra Fonda gəlir gətirməyə başlayan qızıl yenidən itki verməyə başlayıb. Qızılın qiymətinin dəyişməsindən yaranan gəlir I rübdə 60,8 milyon manat, II rübdə 78,1 milyon manat olduğu halda III rübdə 3,7 milyon manata düşüb.

4. Fondun aktivləri 0,8 faiz azalıb. Cari ilin 3-cü rübündə Fondun aktivlərinin həcmi əvvəlki rübə nisbətən 317,1 milyon dollar azalaraq oktyabrın 1-i tarixinə 37305,3 milyon dollara düşüb. Aprelin 1-i tarixinə aktivlərin həcmi 37622,4 milyon dollar olub.

5. Valyutaların məzənnələrinin dəyişməsindən yaranan zərər artıb. Fondun hesabatına görə, yaranan fərq üzrə zərər 966,4 milyon manat olub. Halbuki ötən ilin uyğun dövründə zərərin həcmi 38,7 milyon manat təşkil edib. Zərərin bu həddə çatmasına səbəb Fondun valyuta ehtiyatına daxil edilən valyutaların əksəriyyətinin il ərzində ucuzlaşmasıdır. İkinci ən böyük paya malik avronun (35,4 faiz) manata olan məzənnəsi 2014-cü ilin 9 ayında təxminən 7 faiz ucuzlaşıb. Zərərin məhz böyük hissəsi 9,7 milyard avroluq valyutanın dəyərsizləşməsi hesabına yaranıb. Bu müddətdə Britaniya funtu (5,3 faizlik pay) 1,2 faiz, Avstraliya dolları (0,5 faiz-lik pay) 1,8 faiz, Türki lirəsi (1,2 faizlik pay) 5 faiz, rus rublu (1,3 faizlik pay) 16 faiz ucuzlaşıb. Yeganə olaraq 1,2 faizlik paya malik Cənubi Koreya vonu 0,5 faiz bahalaşıb. Ehtiyatın 51,7 faizinə malik ABŞ dolları son aylar əhəmiyyətli dərəcədə bahalaşsa da manata nisbətən məzənnəsi sabit qalıb.

Samir Əliyev bildirib ki, son hesabatın müşahidəsi Neft Fondunun investisiya portfelinin gəlirliyinin azalmasını ortalığa qoyur.

“İnvestisiya siyasətinə edilmiş dəyişiklik nəticəsində portfelə daxil etdiyi yeni valyutalar 2014-cü ildə xeyli ucuzlaşıb. Əgər türk lirəsi və avronun ucuzlaşması əsasən dolların bahalaşması ilə bağlı idisə, rus rublunun dəyərsizləşməsi həm də Rusiyaya tətbiq edilən sanksiyaların nəticəsi idi. Situasiyanı düzgün qiymətləndirən Fond ilin əvvəlində rus rublun müəyyən hissəsində imtina edə bilmişdi. Ən böyük paya malik ABŞ dollarının (51,7 faiz) bahalaşması digər valyutaların ucuzlaşmasını kompensasiya edir. Ancaq dolların manata olan məzənnəsinin sabit qalması Fondun valyuta ehtiyatlarının manat ifadəsində milyarda yaxın zərərə düşdüyünü göstərir…”,-deyə cənab Əliyev belə düşünür.

İqtisadçının sözlərinə görə, Neft Fondunu qarşıda çətin günlər gözləyir: “Güman ki, bir tərəfdən neft hasilatının azalması və onun ucuzlaşması nəticəsində daxilolmaların azalması, digər tərəfdən dövlət büdcəsinin gələn il pula ehtiyacının daha da artması Fondun aktivlərin azalmasına gətirib çıxaracaq. Üstəgəl, Fondun puluna Rusiya şirkətlərinin göz dikməsi vəsaitlərin səmərəsiz istiqamətə yönəldilməsi ilə nəticələnə bilər. Fond Çin yuanını valyuta ehtiyatına daxil etmək planını açıqlayıb. Bu təqdirəlayiqdir, ancaq onun məbləği müzakirə mövzusudur. Çünki Çin iqtisadiyyatında müşahidə edilən zəifləmə yuanın məzənnəsinə mənfi təsir göstərə bilər. Məncə, yuanın daxil edilməsi avronun payının azaldılması hesabına baş verməlidir. Yəqin ki yaxın 1-2 ildə Rusiya aktivləri cəlbediciliyini itirəcək. Müşahidələr göstərir ki, yaxın dövrdə ən etibarlı valyuta məhz ABŞ dolları olacaq”.

Ana səhifəXəbərlərNeft Fondunu çətin günlər gözləyir