Natiq Cəfərli: “Neftin qiymət qalxa bilər, amma, bu, fundamental səbəblərə görə olmayacaq”
“Azərbaycan Neft Fondu son dəfə aprel ayının 1-də öz ehtiyatlarının həcmini açıqlayıb: 34,9 mlrd. dollar. Bu rəqəmi əsas götürərək bəzi hesablamalar aparmaq olar. Bu il Neft Fondunun ümumi xərcləri 11,230 mlrd. dollar olacaq. Gəlirləri isə planlaşdırıldığı kimi 9,7 mlrd. dollar deyil, ən yaxşı halda 7 mlrd. dollar olacaq. Çünki gəlirlər 90 dollardan hesablanmışdı, indi isə ortalama 6 ayın qiyməti 57,30 dollar olub. Deməli, bu ilin sonuna Neft Fondunda, ən yaxşı halda 30-31 mlrd. dollar qalacaq”.
Bu sözləri iqtisadçı Natiq Cəfərli özünün Facebook səhifəsində yazıb. “Yaxın iki ilin ssenarilərinə baxaq: 2016-2017-ci illərdə optimist ssenari ilə (qiymət 60-65 dollar arası olsa) Neft Fonduna 2 ilə 13,5 mlrd dollar, realist ssenari ilə (neft 50-55 dollar arası olsa) 11,5 mlrd. dollar, pessimist ssenari ilə isə (neft 40-45 dollar arası olsa) 9,5 mlrd. dollar pul daxil olacaq”- deyə iqtisadçı qeyd edib.
Natıq Cəfərli Neft Fondunun yaxın 2 ildəki qaçınılmaz xərclərini sadalayıb: “1) Büdcəyə 20 mlrd. dollar, 2) Öhdəliklər götürdüyümüz iri qaz layihələrinə 8 mlrd. dollar, 3) Büdcədən kənar Fondun xərclərinə 2,5 mlrd. dollar. Cəmi: 30,5 mlrd. dollar.
Bu günə olan qalıq və real (orta) ssenari ilə neftin qiymətlərini götürsək: 31 mlrd (qalıq) + 11,5 mlrd. = 42,5 mlrd. dollar.
Deməli, 2017-ci ilin dekabr ayına Neft Fondunda: 42,5 – 30,5 = 12 mlrd. dollar qalma ehtimalı var.
2018-ci ilin öhdəlikləri isə: 1) Büdcə – 11-12 mlrd (seçki ilidir), 2) Qaz layihələri -5-6 mlrd (yekunlaşmağa gedir), 3) Büdcədən kənar xərclər – 1,5-2 mlrd. Cəmi: 20 mlrd. dollar.
2017-ci ilin sonuna qalıq 12 mlrd. + 6 mlrd. (2018-ci ildə hasilat da ciddi azalacaq, amma təxminən, bu qədər vəsait daxil olacaq) = 18 mlrd. dollar.
Nəzərə alın ki, Neft Fondunda bütün vəsaitlər həmən likvidliyə çevrilməli vəsaitlər deyil, qızıl, daşınmaz əmlak, qiymətli kağızlar aktivlərin, az qala 50 faizini təşkil edir, deməli, onları nəğdiləşdirərkən də ciddi itkilər olacaq: məsələn, daşınmaz əmlakın, qızılın qiyməti ciddi enib. Onu da düşünün ki, 2018-ci ilin yanvar ayının 1-ə ölkənin dövlət və dövlət təminatı ilə alınmış borclarının həcmi 20 mlrd. dollara çatacaq.
Beləliklə, 2018-ci, prezident seçkisi ilinə olan vəziyyət belə ola bilər: Ölkənin həmin ilin yanvarın 1-ə qalan ehtiyatı – 12 mlrd. dollar + həmin il gözlənilən gəlir 6 mlrd. dollar = 18 mlrd. dollar. Amma 2018-ci ildə gözlənilən xərclər – 20 mlrd. dollar, həmin ilə xarici borc – 20 mlrd. dollar = 40 mlrd. dollar”.
İqtisadşı yaranacaq iradlara da cavab verib: “Bilərəkdən Mərkəzi Bankın ehtiyatlarını hesaba qatmadım, çünki MB özünün və ümumiyyətlə, bank sistemin vəziyyəti xarabdır, o vəsait məzənnənin saxlanılmasına, bank sisteminin ayaqda tutulmasına xərclənib-bitəcək. Sual oluna bilər ki, büdcə xərclərini azaldacaqlar: a) siyasi sistem kəskin azalmaya getməz, buna dözə bilməz, b) kəskin azalma sosial partlayış demək olar, həm də sistemdaxili qüvvələrin geniş və açıq müharibəsi ilə nəticələnər, Sual olana bilər ki, neft birdən qalxdı, 2011-ci ildə, neftin qiyməti 120 dollar olanda hər çıxışımda, müsahibələrimdə deyirdim ki, neft yaxın gələcəkdə kəskin ucuzlaşacaq, mənə, hətta dostlarım belə dəli kimi baxırdılar, mən falabaxan deyiləm, sadəcə, hər gün 3-4 saatımı bu məsələ ilə bağlı ciddi, elmi araşdırmlara sərf edirəm. Bəli, qiymət qalxa bilər, amma, bu, fundamental səbəblərə görə olmayacaq, ancaq iri, böyük müharibələr müvəqqəti olaraq neftin qiymətini qaldıra bilər”.