Yeni bitum istehsalı qurğusunun illik istehsal gücü 400 min ton olacaq
Sentyabrın 19-da Bakıda Heydər Əliyev adına neft emalı zavodunun yenidən qurulması layihəsi çərçivəsində yeni bitum istehsalı qurğusunun təməlqoyma mərasimi olub.
AZƏRTAC-ın xəbərinə görə, prezidenti İlham Əliyev mərasimdə iştirak edib.
SOCAR-ın prezidenti Rövnəq Abdullayev prezidentə yeni bitum istehsalı qurğusunun inşası və neft emalı zavodunda aparılacaq yenidənqurma layihəsi çərçivəsində görüləcək işlər barədəməlumat verib.
Prezidentə bildirilib ki, yeni bitum istehsalı qurğusunun illik istehsal gücü 400 min ton olacaq. Bu qurğuda “EN 40/60” markalı yol bitumu istehsal ediləcək və qurğunun 2018-ci ilin ortalarında istismara veriləcəyi gözlənilir.
Yeni bitum istehsalı qurğusunun inşası Heydər Əliyev adına neft emalı zavodunda aparılacaq yenidənqurma tədbirlərinin ilkin mərhələsi olacaq.
Detallı layihələndirmə, satınalma və tikintinin idarə edilməsi işlərinin həyata keçirilməsindən ötrü Avstriyanın “Poerner” şirkəti ilə Heydər Əliyev adına neft emalı zavodu arasında müvafiq müqavilə imzalanıb.
Yeni bitum istehsalı qurğusunun inşası ilə keçmiş “Azərneftyağ” neft emalı zavodunun mövcud infrastrukturu tamamilə istismardan çıxarılacaq. Dənizkənarı ərazilər boşaldılaraq “Ağ şəhər” layihəsinin reallaşdırılmasından ötrütəhvil veriləcək.
Proqrama əsasən, 2019-cu ildə neft emalı zavodunda «Avro-5» standartı üzrə dizel yanacağı, 2020-ci ildə isə “Avro-5” standartı üzrə benzin istehsalı planlaşdırılıb. Layihənin reallaşdırılması ilə Heydər Əliyev adına zavodun emal gücü 7.5 milyon tona qədər artırılacaq.
Xəbərdə qeyd edilir ki, nəticədə ölkənin növbəti 15-20 ildə avtomobil yanacaqlarına olan daxili tələbatı tam ödəniləcək.