Neft büdcədə 50 dollar olsa…

Hökumətin heç bir anti-böhran planı yoxdur

Source:


Hökumətin heç bir anti-böhran planı yoxdur

Azərbaycanın Mərkəzi Bankının köhnə-yeni rəhbəri Elman Rüstəmov 2016-ci ilin büdcəsində neftin baza qiymətinin 50 dollar götürüləcəyini bəyan etdi. Bu ilin – 2015-ci ilin büdcəsində neftin qiyməti 90 dollardan götürülmüşdü, qiymətin indiki səviyyəsi büdcədən çox Feft Fondunun gəlirlərinə təsir göstərəcək.

Prezidentin 19 yanvar 2015-ci il tarixli fərmanı ilə Dövlət Neft Fondunun 2015-ci il üçün büdcəsi təsdiq edildi. Neft Fondunun təsdiq olunmuş büdcəsinə uyğun olaraq, 2015-ci ildə Fondun gəlirlərinin 10 246 611,9 min manat, xərclərinin isə 11 813 909,2 min manat təşkil etməsi nəzərdə tutulur. Görünən odur ki, 90 dollardan hesablanmış büdcədə bu il xərclər gəlirlərdən 1,567 mlrd. manat çox olacaq, yəni, tək dövlət büdcəsi deyil, Neft Fondunun büdcəsi də ciddi kəsirlə icra olunacaq. Gəlirlərin və xərclərin strukturu belədir:


Sıra


№-si


Gəlir mənbələri


Gəlirlərin məbləği


(min manat)

2.1.

Azərbaycan Respublikasının payına düşən karbohidrogenlərin satışından əldə edilən xalis gəlirlər (karbohidrogenlərin nəql edilməsi üzrə məsrəflər, bank, gömrük rəsmiləşdirilməsi, müstəqil nəzarət (sörveyer), marketinq və sığorta xərcləri çıxılmaq şərti ilə, habelə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin sərmayəçiləri, payçısı və ya tərəfdaşı olduğu layihələrdə onun sərmayəsinə və ya iştirak payına düşən gəlirlər istisna olmaqla)

9 741 175,6

2.2.

Karbohidrogen ehtiyatlarının işlənməsi ilə əlaqədar sərmayəçilər tərəfindən müqavilə sahəsindən istifadə üçün ödənilən akrhesabı

1 568,4

2.3.

Neftin və qazın Azərbaycan Respublikasının ərazisi ilə ötürülməsindən əldə edilən gəlirlər

9 410,4

2.4.

Dövlət Neft Fondunun valyuta aktivlərinin yerləşdirilməsindən və idarə olunmasından əldə edilən gəlirlər

494 357,5

2.5.

Qanunvericiliyə uyğun olaraq digər gəlirlər və daxilolmalar

100,0


Cəmi


10 246 611,9

 Görüdüyünüz kimi, Neft Fondunun gəlirlərinin 96%-ə yaxınını xam neftdən gələn gəlir təşkil edir, bir daha xatırladım ki, gəlir neftin qiymətinin 90 dollar olması varsayımı ilə hesablanıb.


Sıra


 №-si


 Xərc istiqamətləri


Xərclərin məbləği


(min manat)

3.1.

Qaçqınların və  məcburi köçkünlərin sosial-məişət və məskunlaşma məsələləri ilə bağlı bəzi tədbirlərin maliyyələşdirilməsi

150 000,0

3.2.

 Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsinə transfert

10 388 000,0

3.3.

Samur-Abşeron suvarma sisteminin yenidən qurulması layihəsinin maliyyələşdirilməsi

90 000,0

3.4.

Bakı-Tbilisi-Qars yeni dəmir yolu layihəsinin maliyyələşdirilməsi

111 487,0

3.5.

2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramının maliyyələşdirilməsi

44 088,0

3.6.

Cənub Qaz Dəhlizi layihələrində Azərbaycan Respublikasının iştirak payının maliyyələşdirilməsi

997 016,2

3.7.

Azərbaycan Respublikası Dövlət Neft Fondunun idarə edilməsi ilə bağlı xərclər

33 318,0


Cəmi


11 813 909,2

Neft Fondunun xərclərinin də böyük bir hissəsini, yəni, 90%-dən çoxunu Fonddan büdcəyə transfertlər təşkil edir.

Bu ilin ilk 3 ayı ərzində Azərbaycan neftinin ortalama qiyməti artıq məlumdur:

Aylar               2015                          2014

Yanvar           49,53 $                    108,76 $

Fevral             59,99 $                    110,94 $

Mart               57,33 $                    109,53 $

2015-ci ilin ilk rübündə Azərbaycan neftinin ortalama qiyməti hər barel üçün 55,61 dollar təşkil edib. Yəni, görünən odur ki, artıq Fondun büdcəsində nəzərdə tutulmuş illik 9,741 mlrd. manatlıq hədəfə çatmaq mümkün olmayacaq.

Bu ilin ilk 3 ayında neft istehsalında da az da olsa, geriləmə qeydə alınıb, yəni, bu ilin sonuna qədər hasılatın 2-3% civarında azalması da gözlənilir. Dünyada gedən proseslərin sürəti, İranla Qərbin yeni anlaşması neftin qiymətinə əlavə basqılar yaradır, bir çox analitik mərkəzlərin proqnozlarına görə neftin qiyməti hələ dib nöqtəni görməyib, İran bazara neft çıxarmağa başlayan kimi qiymətlərin 40 dollara qədər enməsi gözlənilir.

Əgər Azərbaycan hökuməti 2016-ci ilin həm Dövlət, həm də Neft Fondunun büdcəsini 50 dollardan hesablasalar, həm büdcə, həm də fondun gəlirləri kəskin azalacaq, yəni, illərdir az da olsa artan büdcəmiz, 2016-c ildə kəskin azalmalıdır. Hökumət bunu izah etməyə hazırdırmı? Çıxıb necə izah edəcəklər ki, büdcə kəskin azalacaq? Büdcənin azalması xərclərin, bu isə öz növbəsində iş yerlərinin, insanların gəlirlərinin azalması deməkdir. Hökumət buna hazırdırmı? Görünən odur ki, hazır deyil, ümumiyyətlə, hökumətin heç bir anti-böhran planı yoxdur.

2016-cı ildə neftin qiyməti 50 dollar götürülsə, Neft Fondunun gəlirləri cəmi 7 mlrd. dollar olacaq. Gələn il büdcədə kəskin azalmaya getməsələr, bu ilki səviyyədə saxlasalar, təqribən, 10 mlrd. dollar büdcəyə tranfert etməlidirlər, Fonddan birbaşa, büdcədənkənar tranfertləri, TANAP layihəsini də nəzərə alsaq, təqribən, 5 mlrd. dollara yaxın lazım olacaq. Yəni, ölkənin neftdən gələn gəliri 7 mlrd dollar, xərcləri isə 15 mlrd. dollar səviyyəsində olacaq. Neftin aşağı qiymətləri manatın məzənnəsinə də basqını artıracaq, Mərkəzi Bankın onsuz da sürətlə əriyən, son 5 ayda 5 mlrd. dollardan artıq azalan ehtiyatları ilin sonuna qədər daha 4-5 mlrd. azalacaq. Beləliklə, 2015-2016-ci illərdə hökumət normal, ağıllı system dəyişikliklərinə, islahatlara getməsə, ölkənin son illərdə yığılan, 2015-ci ilin yanvar ayının 1-ə 50 mlrd. dollar çatan ehtiyatları sürətlə tükənəcək. Neftin hələ uzun illər qiymətinin aşağı olacağını nəzərə alsaq, bu ehtiyatların tükənməsi ölkə üçün faciələrə yol açacaq. Dövlətini, dövlətçiliyini sevən, gələcəyi düşünən hakimiyyət mütləq bunları nəzərə almalı, ölkənin, biznesin, siyasətin önünü açacaq islahatlara getməlidir, bunun alternativi, sadəcə, yoxdur…

Ana səhifəXəbərlərNeft büdcədə 50 dollar olsa…