“Nəcməddin Sadıqovun adamı” ev dustaqlığına çıxmaq istəyir

Məhkəmə

Zahid Niftəliyevin yüksək vəzifəli şəxslərin adından istifadə edərək rüşvət aldığı bildirilir

Yanvarın 25-də Tərtər Hərbi Məhkəməsində Müdafiə Nazirliyinin Daxili Təhlükəsizlik, həmçinin Hərbi Təhsil və Tədris İdarəsinin Tədrisin planlaşdırılması şöbəsinin tədris vəsaitlərinin hazırlanması bölməsinin baş zabiti Zahid Niftəliyev və N saylı hərbi hissənin tağım komandirinin müavini Elsevər Niftəliyevin məhkəməsi keçirilib.

Onların işinə məhkəmənin sədri İlqar Quliyev özü baxır.

Təqsirləndirilən şəxslərin hər ikisi Cinayət Məcəlləsinin 311.3.1, 311.3.2 və 311.3.3 (bir qrup şəxs tərəfindən külli miqdarda təkrar rüşvət alma) maddələrilə ittiham olunur.

Təxminən 27 il Silahlı Qüvvələrin Baş Qərargah rəisi vəzifəsində çalışmış Nəcməddin Sadıqovun yaxın adamı kimi tanınan Zahid Niftəliyev rüşvətlə yanaşı, həm də vəzifə səlahiyyətlərindən sui-istifadədə ittiham olunur.

Zahid Niftəliyev həbsdədir, digər təqsirləndirilən şəxs barəsində isə başqa yerə getməməyə dair iltizam qətimkan tədbiri seçilib.

Zahid Niftəliyevin vəkili də müvəkkilinin barəsində həbs qətimkan tədbirinin dəyişdirilməsini, onun məhkəmənin yekun hökmünə qədər ev dustaqlığına buraxılmasını istəyib.

Vəkil hüquqlarını müdafiə etdiyi şəxsin yaşının nəzərə alınmasını xahiş edib.

O bildirib ki, müvəkkilinin məhkəmədən yayınmaq niyyəti yoxdur, yaşayış yeri məlumdur və s.

Müdafiəçi Zahid Niftəliyevin Qarabağ əlili olduğunu məhkəmənin nəzərinə çatdırıb, bu barədə sənədləri təqdim edib.

Zahid Niftəliyev. Foto: Trend

Vəkil məhkəmə prosesinin audioyazı ilə aparılması haqda da vəsatət qaldırıb.

Zahid Niftəliyevin ittihamları qəbul etmədiyini vurğulayan vəkilin sözlərinə görə, müvəkkili vəzifəli şəxs deyil, həm də əmək qabiliyyəti yoxdur.

Digər təqsirləndirilən Elsevər Niftəliyevin vəkili işə yeni qoşulduğunu bildirərək, cinayət işinin materiallarıyla tanış olmaq üçün məhkəmədən vaxt istəyib. Bu səbəbdən məhkəmənin hazırlıq iclası təxirə salınıb.

Vəkilin qaldırdığı vəsatətlərlə bağlı qərar da növbəti iclasda məlum olacaq.

1955-ci il təvəllüdlü Zahid Niftəliyev 2022-ci il mayın 27-də həbs olunub. Həmin vaxt o, bir aydan çox idi ki, dələduzluq ittihamıyla axtarışa verilmişdi.

Zahid Niftəliyevə qarşı əvvəlcə Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsilə ittiham irəli sürülsə də, istintaqın gedişində ittiham rüşvət alma ilə əvəzlənmişdi.

İttihama əsasən, Zahid Niftəliyev Müdafiə Nazirliyinin yüksək vəzifəli şəxslərilə münasibətlərindən istifadə edərək müxtəlif hərbi qulluqçuları ordudan tərxis etdirmək, xidmət yerini dəyişdirmək və s. kimi işlər görməyin müqabilində rüşvət alıb. Bu işləri gizir Elsevər Niftəliyevin vasitəsilə həyata keçirib.

1987-ci il təvəllüdlü keçmiş gizir 2019-cu ildə də dələduzluq və rüşvət verməyə təhrik ittihamıyla məhkum edilib. O zaman ona cərimə cəzası kəsilib.

Zahid Niftəliyev müxtəlif işlər həyata keçirmək müqabilində rüşvət almaqla yanaşı, həm də hərbi hissələrdən birinin hərbi qulluqçularını Qəbələnin Vəndam kəndində tikdirdiyi bağ evinə aparıb, tikinti zamanı orada işlətməkdə, bununla da vəzifəsindən sui-istifadə etməkdə ittiham olunur.

İş materiallarına əsasən, həmin vaxt orada işləyən əsgərlər xəstələnib, bir müddət onların səhhətində problemlər yaranıb. Bu haqda cinayət işində ifadələr var.

Zahid Niftəliyev ifadə verməkdən imtina edib, lakin o, ümumilikdə ittihamlara münasibət bildirərkən özünü təqsirli bilməyib, ittihamda göstərilənlərin həqiqətə uyğun olmadığını söyləyib.

Elsevər Niftəliyev isə ittihamda yazılanların hamısını təsdiqləyib. O, özünü təqsirli bildiyini də əlavə edib.

Cinayət işində Zahid Niftəliyevin “Nəcməddin Sadıqovun adamı” olması haqda da müxtəlif ifadələr var.

Hətta iddia olunur ki, Nəcməddin Sadıqov özü onu tapşırmış, “onun sözü mənim sözümdür” demişdi. Bu səbəbdən Zahid Nurəliyevə xüsusi münasibət vardı.

67 yaşlı Nəcməddin Sadıqov 1993-cü ilin noyabrından 2021-ci ilin yanvarına qədər Baş Qərargah rəisi vəzifəsində çalışıb.

Ana səhifəSiyasət“Nəcməddin Sadıqovun adamı” ev dustaqlığına çıxmaq istəyir