“Nəcis daşıtdırmağa aylıq 200 manat xərcimiz çıxır”

Nə məktəb var, nə bağça…

Source: meydan.tv


Yeni Sumqayıt yaşayış massivindəki ailələrin qazancı şambo təmizlətməyə, bir də oduna gedir

“Vallah, qonşum çox kasıbdır, o pulu verə bilmir, məcburuq ki, onun da pulunu biz toplayıb verək. Kanalizasiya xətti olsa, burada yaşayan əhali bu boyda əlavə xərcdən azad olar. Çörəyə pul tapmırıq, nəcis daşıtdırmağa borca-xərcə girib ayda 200 manatacan pul vermək məcburiyyətindəyik”.

Alqı-satqı portallarında Yeni Sumqayıt yaşayış massivindəki fərdi evlərin satışa çıxarılması ilə bağlı çoxlu elan yerləşdirilib. Evlərin satışa çıxarılmasına səbəb 30 ilə yaxındır salınmış yaşayış məskənində kommunal şəraitin olmamasıdır. Yüzlərlə ailə bu ərazidən torpaq alıb, ev tikib. Ancaq illərdir ki, əraziyə qaz, kanalizasiya, telefon və internet xəttinin çəkilməsinə nail ola bilmirlər. Bu səbəbdən də əhalinin çox hissəsi çıxış yolunu evini satıb başqa əraziyə köçməkdə görür.


“17 ildir nağıl dinləyirik”

Sakin Fikrət Abbasəliyev deyir, 17 ildir ki, burada ev tikib, ailəsiylə yaşayır. Kommunal problemlər ailəni cana yığıb:

“17 ildir nağıllar eşitməkdən qulaqlarımız tutulub. İcra başçısı Sumqayıtın mərkəzini bayram xonçası kimi bəzəyib, ancaq burdan-bura bu məhəllələrə gün ağlamır. Təkcə sentyabr ayı ərzində 15 dəfə icra hakimiyyətində olmuşuq. Hər dəfə bir cılız oğlanı çıxarırlar əhalinin qarşısına, o uşağın qurumda vəzifəsi nədir, onu da bilmirik, hər dəfə qarşımıza çıxıb deyir, başçı söz verir, növbəti həftə qaz xətti çəkiləcək. Deyirik, a bala, get, başçıya de ki, qapının kandarına toplaşan bu boyda əhali səninlə görüşmək istəyir, o vədi sənin öz dilindən eşitmək istəyir”.


“Deyir, başçı daha vacib məsələlərlə məşğuldur”

Başqa sakin Səbinə Mustafayeva deyir, üç azyaşlı övladı var. Mavi yanacağın, kanalizasiya sisteminin olmaması ailənin yaşayışını çətinləşdirir:

“Üçüncü ildir burda yaşayırıq. Evdə odun sobası yandırırıq. Uşaqlarımın üçü də azyaşlıdır. Uşaq olan evdə odun sobası təhlükəlidir, üçünün də əli-ayağı sobaya yapışıb, yanıb. Bələdiyyəyə gedirik, deyir, icra hakimiyyəti həll eləməlidir, icra hakimiyyətinə gedirik, deyir, bələdiyyə eləməlidir. İnsanlar illərdir ki, bələdiyyəylə icra hakimiyyətinin arasında qalıb. Sonuncu dəfə icra hakimiyyətinin binasının qarşısına toplaşanda adamlarla danışmağa bir arıq oğlan göndərmişdilər, başçıyla görüş tələb etdik, dedi, başçı belə şeylərə görə vətəndaşları qəbul eləmir, daha vacib işlərlə məşğuldur. Belə çıxır ki, əhalinin qazsız, kanalizasiyasız, telefonsuz, internet əsrində internetsiz qalması icra başçısı üçün vacib məsələ deyilmiş”.

“Hətta adamlar razıdır ki, 500 manatdan pul toplayıb versin, kanalizasiya, qaz, telefon problemi həll olunsun. Yüzlərlə ev var burda… Vallah, onu da eləmirlər. Gah deyirlər, qaz çəkilişi layihəyə salınıb, gah deyirlər, başçı sizinlə zarafat eləyib, bu əraziyə qaz çəkilişi 4-5 ildən sonra reallaşa bilər. Hərəsi bir söz deyir, əhalinin başına ip salıb, oynadırlar,”- sakin deyir.

image_from_ios (4).jpg
“Belə çıxır ki, əhalinin qazsız, kanalizasiyasız, telefonsuz, internet əsrində internetsiz qalması icra başçısı üçün vacib məsələ deyilmiş”


“Kanalizasiya xətti çəkilsə, əhali xeyli xərcdən azad olar”

Sabinə Mustafayevanın sözlərinə görə, hər həftə şambonu təmizlətdirmək üçün 40-50 manat xərcləri çıxır. Bu da ayda 200 manata yaxın pul edir. Ailələr var ki, o pulu verə bilmir, nəticədə məhəllələrdə necə deyərlər, nəcis nəcisə qarışır.

Sakinlər deyir, nəcisin və çirkab suların toplandığı yeraltı quyuların – şamboların çirkabçəkən çənlərə vurulub daşınması prosesi zamanı bütün məhəllələri iy basır. “Şambo”lar yoluxucu xəstəliklərin mənbəyidir. Şambolara yığılan çirkab sular adamların əziyyətlə inşa etdiyi evlərin altına axıb yığılmaqla həmin evlərin bünövrəsini zədələyir, evlər qəzalı vəziyyətə düşür. Bəzi məhəllələrdə isə dolub daşan şamboların çirkab suları yollara axır.


“Məktəb yox, bağça yox”

Başqa sakin Mirzə Mirzəliyev isə böyük bir yaşayış massivinə çevrilmiş ərazidə uşaq bağçasının olmamasından şikayətçidir:

“15 ildir burda yaşayıram. Nəvələrimi Sumqayıtın mərkəzinə uşaq bağçasına aparıb-gətirirəm. Yüzlərlə ev var burda, yüzlərlə ailə isə minlərlə uşaq deməkdir. Nə məktəb var, nə bağça… İlin 9 ayını səhərlər uşaqlar tökülür küçələrə, ictimai nəqliyyat pis işləyir, uşaq böyüyün kürəyində, böyük də uşağın kürəyində, avtobuslardan sallana-sallana Sumqayıtın mərkəzinə dərsə, bağçaya gedib gəlirlər. Qışda vəziyyət lap ağır olur, adamın uşaqlara yazığı gəlir. Vallah, o vaxt burdan torpaq almağa gələndə bələdiyyə işçisi o qədər təriflədi ki, bu ərazini… Ev tikəndə də gəlib 4 min manat aldılar. Burda evin özülünü atan kimi icra hakimiyyətinin qoltuğu “papkalı” işçiləri peyda olur. Pul vermədinsə, söküb qoyurlar yerə… pul verdinsə, o qədər xeyir-dua edirlər, o qədər vədlər verirlər ki… Bizə yalandan vəd etmişdilər ki, yaxın 6 ay ərzində qaz xətti çəkiləcək, kanalizasiya xətti çəkiləcək. 15 ildir gözləyirik…”


“Bu qədər dözüblər, bir az da dözsünlər”

Sumqayıt Şəhər İcra Hakimiyyətindən Meydan TV-yə bildirilib ki, qeyd olunan yaşayış massivindəki mövcud problemlərin aradan qaldırılması istiqamətində işlər görülür:

“Qaz xətti çəkilməlidir, buna görə aidiyyəti qurumlar qarşısında məsələ qaldırılıb. Çünki qaz çəkmək icra hakimiyyətinin vəzifəsinə daxil deyil, bunun üçün ayrıca qurum, idarə, nazirlik var. Biz də öz tərəfimizdən müraciət etmişik ki, ərazidə qazlaşdırma işləri aparılsın. Kanalizasiya xətti çəkilməlidir, buna görə də aidiyyəti qurumlara müraciət olunub. Bağça, məktəb problemlərinə görə aidiyyəti qurumlara müraciət etmişik. Bildirmişik ki, ərazidə əhali artıb, ayrıca məktəbə, bağçaya ehtiyac var. Üstəlik, orada yeni yaşayış binaları da inşa olunur. Biz bu şeyləri daim diqqətdə saxlayırıq. Sakinlər bura qədər dözümlülük nümayiş etdiriblər, qısa zaman da dözsünlər, problemlər həllini tapacaq”.

Ana səhifəBölgə“Nəcis daşıtdırmağa aylıq 200 manat xərcimiz çıxır”