”Nə vaxta qədər qonşulardan peçeniya, süd dilənəcəyik?!”

“Sizi qarşılayanda bilmirdim hansı tərəfdən qarşılayım. Hansı küçə ilə gedim ki, məni heç kim görməsin. O dərəcədə aptek, mağaza, hamısına borcluyam”.

Humay Məmmədova bir ildən çoxdur işsizdir. Orta məktəbi qurtarıb tibb bacısı və kompyuter üzrə kursları bitirib. Özəl klinikalarda bir müddət işləsə də, deyir, indi iş qəhətə çəkilib.

“İşsizliklə bağlı Məşğulluq İdarəsində olmuşam. Binəqədi rayonu üzrə deputatımızın yanında olmuşam. Dəfələrlə icra hakimiyyətinə getmişəm. Bu gün sözdə qəbulda olmalıyam. Son məktubumda yazmışam ki, artıq dərəcədə xahiş edirəm, əgər bir köməyiniz dəyməyəcəksə, mənə yazılı sürətdə yazıb verin. Yazın verin ki, biz öz vətəndaşımıza baxa bilmirik. Öz ölkəm deyib evin içində acından ölürəmsə, uşaqlarımın üzünə baxa bilmirəmsə, gecə hamı yatanda mən səhərə kimi fikirləşirəm ki, səhər açılanda mən uşaqlara nə yedizdirəcəm, nə verəcəm, dərmanı nə ilə alacam, görən aptekə gedim, nə deyər mənə, verər yenə nisyə, bəlkə vermədi… “

İki övlad anası yoldaşının günlük işlərlə qazandığı pulla dolanır. Bu pul da 4 nəfərlik ailəyə bəs eləmir. Zirzəmidə yaşayan ailə bu yer üçün 110 manat kirayə ödəyir. Onların bir övladı selebral iflic xəstəliyindən əziyyət çəkir. Humay Məmmədova deyir ki, uşağın dərmanlarını alanda hər dəfə apteklərə borclu qalır. Uşağın tam müalicəsinə söz verən Türkiyəli həkim isə 22 min 500 dollara bunu edə biləcəyini deyib. O, nəfəs dərmədən belə işləyib maddi ehtiyaclarını qarşılamaq istəyir. Amma iş tapmır.

“Özümdən əlavə yoldaşım da işsizdir. O da işsiz olduğuna görə evə gələ bilmədi. Bir illik Dağıstana getdi, pulsuz-parasız qayıtdı. Onu hətta döyüb göndərdilər, pulun da vermədilər. İndi də iş olanda bir gün fəhlə, bir gün ofisiant işləyir. Siz inanın ki, Məhərrəmlik ayında, hamı ehsan paylayanda biz gözləyirdik ki, ay Allah Məhərrəmlik qurtarardı, biz ofisiantlıqmı, ya nəsə bir iş olardı. Özüm də iş axtarıram. Bəlkə də çoxlarına qəribə gələr, elə olub fəhlə əvəzinə işə getmişəm. Gedib meşok daşımışam, nədir ki, 5 manat gələcək. Kiminsə evində kömək lazım olub, gedib onu da eləmişəm. Yenə də daimi iş başqadır. İcra Hakimiyyətinə dəfələrlə müraciət eləmişəm. Adi sosial yardım üçün də müraciət eləmişəm, deyirlər ki, iş yerindən arayış lazımdır. Anlamıram ki, iş yerindən arayış olandan sonra sosial yardım kimə lazımdır”.

İşsizlik, pulsuzluq onları bəzən ac qoyur. Bu vaxt qonşular bişirdiyi yeməyi onlarla bölürlər.

Humayın anası Nazənin Məhərrəmova: “Bax, Allahın adı haqqı, bu Quran haqqı, bunu (içində makaron olan qazanı göstərir) qonşu gətirib ki, alın uşaqları yedizdirin. Bax indicə gətirib verib. Leyla xanım (oxu: Əliyeva) itlərə sığınacaq verib. Bu xəstə uşağın it qədər hörməti yoxdur ki, buna da iki-üç otaqlı bir sığınacaq verə. O küçədə, bu iki yaşında uşaq küçədə. Qonşular gətirib yemək verir ki, uşağa yedizdir. Mən nə vaxta kimi qonşulardan peçeniya, süd dilənməliyəm?!”

Ölkə başçısı İlham Əliyev : “Son 13 il ərzində ümumdaxili məhsulumuz 3 dəfədən çox artıb. Biz işsizliyin səviyyəsini 5 faizə endirə bilmişik. Yoxsulluq 6 faizdən azdır”.

Ölkə başçısı İlham Əliyevlə yanaşı Dövlət Statistika Komitəsi də 2017-ci ildə Azərbaycanda işsizliyin 5 faizə düşüyünü açıqlayıb. İqtisadçı ekspert Nemət Əliyev deyir ki, bu işsizliyin real rəqəmi deyil. O bildirir ki, hökumət nümayəndələri yeni iş yerlərinin açılmasından danışsa da, bununla bərabər bağlanan iş yerlərindən söhbət açmırlar. O işsizliyin səviyyəsinin ən az 16 faiz olduğunu bildirir.

“13 il müddətində 2006, 2007 və 2012-ci il istisna olmaqla yerdə qalan bütün illərin hamısında işsizlər ordusunun sıra sayı artıb. 2010-cu ildə işsizlərin sayı 33 min nəfər, 2011-ci ildə 13 min nəfər, 2013-cü ildə 30 min nəfər, 2014-cü ildə 66 min nəfər, 2015-ci ildə 106 min nəfər, 2016-cı ildə isə işsizlərin sayı 87 min nəfər artıb”.

Şəhər əhalisi iş tapmağın asan yoxsa çətin olması ilə bağlı fikirlərini bildirir.

Humay Məmmədovanın iş tapacağına artıq ümidi qalmaıb. Uşaqları ilə bərabər böyüyən problemlərin öhdəsindən necə gələcəyini düşünür. Bu düşüncələrlə qonşudan gələn yemək payını yuxudan yeni oyanan uşağına çəkir.

Ana səhifəVideo”Nə vaxta qədər qonşulardan peçeniya, süd dilənəcəyik?!”