Çingiz Hüseynov Azərbaycanda yaşasaydı, bəlkə də yaşamazdı
Böyük ədibimiz Çingiz Hüseynov 2014-cü ildən İsraildə yaşayır. Burada təəccüblü heç nə yoxdur: müasir dünyada hər bir insan bəyəndiyi yerdə yaşaya bilər. İsrail gözəl ölkədir, qədim tarixi var, orada sabiq sovet vətəndaşlarının böyük icması yerləşir. Qüdsdəki mühit ömrünün əksər hissəsini SSRİ-də yaşamış Çingiz müəllimə özünü qərib hiss etməyə imkan vermir. Mən belə duyuram ki, ədibimizə İsraildə yaşamaq xoşdur. Təki belə olsun, Çingiz Hüseynov müasir Azərbaycan ədəbiyyatının ən tanınmış və fəxr ediləsi simasıdır.
Bununla belə, ədibin diqqətli oxucusu və vətənimizi abad görmək istəyən bir vətəndaş kimi mən özümdən elə-hey soruşuram: nə üçün İsrail? Millətin fəxri sayılası ədib nə üçün ömrünün ahıl çağını doğma vətəndə deyil, uzaq İsraildə keçirməyə üstünlük verib? Nə üçün mən gərəkli məsləhətə ehtiyac duyduqda xatırlamalıyam ki, müdrik ağsaqqalımız uzaq İsraildə yaşayır?
Sual ritorikdir. Arif adam deyə bilər ki, oksigen ilə nəfəs almağa öyrənmiş insan üçün atmosferində totalitarizmin karbon qazı üstünlük təşkil edən Azərbaycanda yaşamaq mümkünsüzdür. Arif adam deyər ki, baxın Azərbaycanın dünyada tanınmış insanlarının taleyinə, baxın hökumətin qocaman yazarımız Əkrəm Əylisliyə qarşı təşkil etdiyi qəbih hücumlara, baxın tanınmış yazıçı və kino xadimi Rüstəm İbrahimbəyova qarşı hakimiyyətin təşkil etdiyi quduz həmlələrə, baxın istənilən azad və məğrur azərbaycanlının ölkəmizdəki acı taleyinə və anlayın ki, Çingiz müəllimin seçimi tam yerlidir və müdrikdir. Ömrünün ahıl çağında gəlib bizim Milli Məclisdə oturanların əttökən ittihamlarına qulaq asmaqdan daha ağır əzab ola bilərmi? Çingiz müəllim mazoxist deyil və bu insanların hədəfi olmaq niyyətindən uzaqdır. Odur ki, Moskvadan köçmək qərarına gələndə tam təbii olaraq İsraili seçib. Orada rus dilində danışan mədəni insanların sayı Moskvadakından xeyli çoxdur.
Həm də axı milli ənənə deyilən şey var. Həmin ənənə ki, milli televiziyamız onun təşviqinə şir payı ayırır. Həmin ənənə ki, onu səhərdən axşama kimi adı Xırdalandan uzağa getməmiş professorlarımız, toy manıslarımız və yüksək vəzifə eşqinin amansız alovunda yanıb-qovrulan gənc fəallarımız tərifləyib, avam teletamaşaçı kütlənin beyninə 10 santimetrlik mıx kimi çalırlar. Bu milli ənənəyə görə cəmi müsəlmanları elmə və mərifətə səsləyən Mirzə Fətəli Axundzadə dünyadan yalqız və munissiz köçməliydi, Həsən bəy Zərdabi biyabanda əbəs çığıran sərsəm kimi qəbul edilməliydi, kütlə Seyid Əzimi, Mirzə Ələkbəri babı və millətə yad saymalı idi. Bu ənənəyə görə Mirzə Cəlil soydaşlarına əl verməkdən çimçəşməli, ömrünün sonunda cahillərin moizələrini acizanə səbrlə dinləməli idi. Bu ənənəyə görə Üzeyir bəyin Mir Qəzəbin acı sözlərini eşidəndən sonra bağrı çatlamalı idi. Məhz bu milli ənənənin təməlində Azərbaycan öz milli hərəkatını aparıb və məntiqi nəticədə özünə layiq milli dövlətini qurub.
Bu dövlət həmin bu milli ənənə ilə sıx çulğalaşıb, biri o birindən törəyib və ayrılmaz vəhdət yaradıblar.
Çingiz Hüseynov ömrü boyu acı bir təzadın içində üzgün yaşayıb və yaradıb. Təzadın bir cinahı onun xalqa sevgisi və ona xoş gələcək arzulaması olub. Məhz bu cinahın təsirindən Çingiz Hüseynov 1975-ci ildə sovet Azərbaycanının gerçək cəmiyyətinin yaramazlıqlarını “Maqomed, Mamed, Məmiş” romanında təsvir edib. Bu roman Azərbaycanı fəlakətə və tənəzzülə sürükləyən hakim mafioz partnomenklaturada qəzəb fırtınası oyadandan sonra həmin bu cəmiyyəti çürüdən və əzən bir hakim ailənin hökmranlığını 1986-cı ildə “Ailə sirləri” romanında təsvir edib. Çingiz müəllim eyni zamanda təzadın digər cinahının təsirini də duyub. Bu təsir avam kütlənin azadlığa yadlığı, yeniliyə düşmənçiliyi, şərəf və ləyaqət barədə ən ibtidai təsəvvürə belə malik olmaması idi. Azərbaycanın və bütün müsəlman dünyasının bu faciəvi təzadını ədibimiz “Fətəli fəthi” romanında tam zənginliyi ilə yaradıb.
“Fətəli fəthi” faciədir. Fikrin pərvazlanıb uçmasından ruhlanan, azad fikrin insan qəlbini fəth etməsini zəfər simfoniyası sanan şəxs bu romanda həm də azad fikrin cahil mühitdə labüd qarşılaşdığı qanmazlıq və düşmənçilikdən doğan ümidsizlik və bədbinliyi də duymalıdır.
Cürət edib romanın “Çərxi-fələk” fəslindən bircə kiçik abzası oxucuya xatırlatmaq istərdim:
“Bəli, ilk növbədə, ölkəni murdar əməlli zadəganlardan təmizləmək; ad-san qazanmış başsızlardan, müftəxorlardan, rüşvətxorlardan! Xalqdan uzaqlaşmış məmurları işdən qovmaq! Təxti-tacdan zəli kimi yapışıb millətin qanını soran boşboğazları, adamların beyinlərini kütləşdirən, itaətkarlıq hisslərini, qul duyğularını möhkəmləndirən din xadimlərini – hamısını rədd eləyib qovmaq! Yalan satanları, ikiüzlüləri, sözdə bir, işdə başqa cür olanları – hamısını aşkara çıxarıb (?!) ifşa eləmək!…”
Bu abzası olduğu kimi, mötərizə-dırnaqsız, istənilən siyasi partiyanın məramnaməsinə salsan, həmin partiyanın qatı müxalifətçi kimi Ədliyyə Nazirliyində qeydiyyatdan keçməməsi yüz faiz təmin olunacaqdır! Yəni Yusif Sərracın arzuları Şah Abbas Səfəvinin üsul-idarəsini bərpa etmiş indiki hakimiyyət və cəmiyyətimiz üçün əsla qəbul edilməzdir!
Çingiz Hüseynov indi İsraildə nəcib bir işlə məşğuldur. Belə nəcib və nəhəng vəzifəni qarşısına yalnız Çingiz müəllim kimi saf və savadlı insan qoya bilər. O, İbrahim peyğəmbərdən törəmiş üç dünya dininin bağlılığını və ardıcıllığını qabardıb müasir insanlara çatdırmaq istəyir. O, israr edir ki, İsa Musanı, Məhəmməd İsa və Musanı inkar etməmişlər, əslində sevib yüksəltmişlər. Bunun üçün İsraildə “Trialoq” adlanan görüş-seminarlar keçirir, onun videoyazısını İnternetə qoyur. Belə üçtərəfli mükalimə terrorizmə qarşı mübarizədə nəzəri olaraq öz təsirinə görə min qırıcı təyyarədən və bombadan daha güclüdür. Di gəl ki, bəşəriyyət bunu anlamır. Çingiz müəllim onun bu təşəbbüsünün Azərbaycanda da laqeyd qarşılandığından acı-acı təəssüflənir. Mən isə bu təəssüfün səbəbini anlamıram, zira Azərbaycanda Makiavellinin və Şah Abbasın dəyərləri ilə yaşayan bir toplum zindəganlıq edir.
Çingiz Hüseynovun başqa bir inqilabi təşəbbüsünü bizim cəmiyyət nəinki anlamadı, heç bilmədi də: ədib 2002-ci ildə “Quran: surələr Rəsula nazil edildikləri sıra düzümü ilə” başlıqlı bir kitab nəşr etdi. Ədib deyir ki, tam fərqli bir kitab alındı: mətn həmin mətndir, bir hərf belə dəyişməyib, lakin kitabın ruhu dəyişib, hədələyici deyil, məhəbbət və nəsihət saçır. Lakin Azərbaycan nə bu kitabı, nə də Çingiz Hüseynovun digər kitablarını oxudu, anladı. Azərbaycanın ilahiyyatçıları da özlərində cürət tapıb bu mətn ətrafında müzakirə açmadılar.
Çingiz müəllim SSRİ-ni dağıtmış milli-ərazi münaqişələri barədə də kitab yazıb, göstərib ki, bu münaqişələrin mahiyyəti hakimiyyət və sərvət uğrunda mübarizədir. Yenə səhrada tənha insanın çağırışı cavabsız qalıb. Daha döğrusu, rəsmi dairələrin laqeydliyi və düşmənçiliyi onun fikirlərinin yayılmasının qarşısını alıb.
Çingiz müəllim yorulmadan çalışır, yazır, çağırır. Həqiqi ziyalının qisməti, görününr, elə budur. Onun haqqında kitab da yazılıb, lakin adı “Çingiz fəthi” deyil. Yelena Tverdislova öz “ədəbiyyatşünaslıq romanı”nın adını “Özgə sirri: yazıçı və azərbaycanlı Çingiz Hüseynov”(1996) qoyub.
Uzaq İsraildə də ədibimiz vətənini düşünür, ondan yazır,millətə səslənir. Lakin heyhat… camaatın fikri-zikri “dolanışıq”dır.
Elə yaxşı ki, Çingiz müəllim İsraildə yaşayır. Azərbaycanda yaşasaydı, bəlkə də yaşamazdı. Allah ona cansağlığı versin.