Nə qədər televiziyalarda həkimlərin reklamını etmək olar?

Deputatlar TV-lərdə həkim və dərman reklamlarının çoxluğuna qarşı çıxdı

Source:
Aqil Abbas
Aqil Abbas


Deputatlar TV-lərdə həkim və dərman reklamlarının çoxluğuna qarşı çıxdı

“Bu gün biz burada danışırıq, axşam evdə ara həkimi reklam ediləcək. Nə qədər ara həkimləri efirdə reklam edilməlidir? Özümüz özümüzə hirslənməklə heç bir nəticə olmayacaq”.

Bunu Milli Məclisin iclasında reklamla bağlı bir neçə qanuna edilən dəyişiklik layihəsi zamanı deputat Aqil Abbas deyib. Deputat bildirib ki, ölkəmizdə savadlı həkimlərin sayı kifayət qədər olsa da, xaricdən gələn həkimlər daha çox reklam olunur.

“Yaxşı həkimin reklama ehtiyacı yoxdur. Televiziyanı açan kimi görürsən reklam edirlər, İrandan, Türkiyədən-filan həkim gəlib, 5 günlük xəstələri qəbul edəcək, tez gəlin. Öz məşhur həkimlərimiz kənarda qalır. Televiziyalarda hətta ara həkimlər də reklam edilir. Bunu gəlir əldə etmək məqsədilə etdikləri hər kəsə məlumdur. Bir zamanlar televiziyada bir qadın ara həkimi reklam edilirdi. Hər dəfə 3 kiloqramlıq balonla efirə çıxırdı. Özü də dərmana “darman”deyirdi”.

Deputat qeyd edib ki, müzakirələr aparılır, etiraz edilir, amma nəticə olmur:

“Axşam televizyada yenə də ara həkimlər reklam olunacaq, yenə “darman” reklam olunacaq. Telekanallarda bu gün əsasən həkimlərin, dərmanların və klinikaların, bir də son zamanlar mərasim evlərinin reklamı aparılır. Bu cür reklamların qarşısı alınmalıdır. Milli Məclisdə deyilənlər həyata keçirilməlidir. Onlara dövlət tərəfindən ciddi təpki göstərilməlidir”.

Çingiz Qənizadə
Çingiz Qənizadə

Deputatı Çingiz Qənizadə də televiziya kanallarında həkim və dərmanların reklamına qarşı çıxış edib:

“Özümüzü zay həkimlərdən qorumalıyıq. Nə qədər televiziylarda həkimlərin reklamını etmək olar? Hələ bu azmış kimi artıq telefonlar vasitəsilə də insanları özlərinə cəlb etməyə çalışırlar. Televiziya kanallarında dərmanların təbliği və reklamına yol vermək olmaz”.

Ç.Qənizadə qeyd edib ki, televiziya kanallarında müxtəlif verilişlər var ki, orada həkimlərin və dərmanların kütləvi şəkildə reklamları aparılır və bunun qarşısı alınmalıdır: “Çünki insanlar buna görə həm maddi, həm mənəvi narahatlıq keçirirlər. Çox təəssüf ki, televiziya kanallarında sosial reklamlar, ümumiyyətlə, yoxdur. Səhiyyə Nazirliyi bununla bağlı reaksiya verməlidir. Dərman və həkimlərin kortəbii reklamının qarşısının alınması istiqamətində təkliflər verməlidir”.

Deputat Elmira Axundaova da bildirib ki, mobil telefon istifadəçilərinin razılığı olmadan onlara bezdirici reklamların göndərilməsi problemi qalmaqdadır:

“Halbuki, biz bunu da həmin qanunla qadağan etmişik. Ona görə mən yenə də deyirəm, qanunlarımızın icrasına görə nəzarət mexanizmləri olmalıdır”.

Ana səhifəXəbərlərNə qədər televiziyalarda həkimlərin reklamını etmək olar?