Nə qədər ki, öləndə günah axtaracaqar…

Qana susamış cəmiyyətin baş barmağı…

Source:

2012 və 2013 –cü ildə küçədə döyülən bir qadın kimi bunu yazmağı özümə borc bilirəm. Heç bir səbəb olmadan kişilər məni döyəndə hər kəs deyirdi ki, necə olur e, səni küçədə döyürlər? Hər kəs mənim döyülməyimə qəzəblənmək aəvəzinə  səbəb axtarmağa çalışırdı. Bəlkə mənim dilimdən hansısa artrıq söz çıxar, onlar da bu artıq sözdən yapışıb məni günahkar çıxardar, məsələ bununla da bitər. Mənim hansısa artıq bir hərəkətimi axtaran insanlar, məsələnin nə qədər ağır olduğuna fokuslanmaqdan, döyülən qadında günah axtarırdılar. Cəmiyyət nə qədər ki, döyülən, öldürülən, zorlanan qızda, qadında günah axtaracaq, belə hadisələr daha çox baş verəcək.  Aytac  Babayeva kimi qızlar yenə öldürüləcək. Neçə aytclar öldürüləcək, döyüləcək, zorlanacaq.

Özü də proses mərhələ-mərhələ gedir. Əvvəlcə daha çox döyülmə faktları qeydə alınırdı. Bir neçə ay bundan əvvəl rektorun qızı da küçədə döyülmüşdü, daha sonar bir qız gec saatlarında küçədə zorlanmışdı, axrıncı məlum olay, ölüm faktı.  Deməli vəziyyət getdikcə pisləşir, əgər əvvəllər küçədə döyülürdüksə, indi  ölüm faktı var. Dünən rector qızının gecə küçədə döyülməsinə bəraət qazandıranlar, bu gün bir qızın sevgilisi tərəfindən qətlini sifariş verdilər. Yəni, arxayın ol, qardaş, qız səninlə görüşüb, gəzib? Şəkli var, sübutu  var ki, sənə üz verib, könül verib, əli əlinə dəyib? Var? Hə, onda kef elə, döy, zorla, lap öldür, günah onun özündədi. Biz səni yox, onu qınayacağıq.

Bəli, oğlana hər şey olar, kişiyə hər şey olar. Ona hər şeyin, istənilən vaxtda, istənilən saatda, istənilən vəziyyətdə hər şeyin icazəsini verən o vacib orqanı var. Qıza, qadına isə olmaz. İstədiyi vaxtda, istədiyi saatda ayaqlarını sallayıb küçədə otura bilməz, onun abrı-həyası olmalıdır. Qadın pisdisə kişi onu asanlıqla boşayar, heç bir qınaq eşitməz, amma qadının pis ərindən rahat boşanmaq lüksü yoxdur, onu qınaqlar, dedi-qodular, kinayə, üstən-aşağı baxmalar gözləyir.

Əvvəl belə xəbərləri, başqa ölkələrin, məsələn Türkiyə mətbuatından oxuyanda adamın gözü kəlləsinə çıxırdı. Necə yəni, ər arvadını boşandığı üçün öldürür? Ya da, sevgilisi ayrıldığı üçün onu güllələyir? Belə məsələləri heç cürə qəbul edə bilmirdik. Bir cəmiyyət olaraq  onların, o cəmiyyətin sevgiyə aclığına inanırdıq.  Bu hadisənin Azərbaycanda baş verməsinin səbəbi nədir bəs? Ucuz türk serialları, Üzeyir Mehdizadənin  “o mənim olmalıdır, ya heç kimin olmamalı” tipli zorakılıq aşılayan mahnıların fanatlarına çevrilməyimiz, yoxsa  indiki sosial-iqtisadi durum? Bu hadisəyə sosioloqlar daha yaxşı cavab verər məncə. Azərbaycan cəmiyyətində bir gərginlik var, ümumiyyətlə, mənəvi tələbatlarla yanaşı maddi tələbatlar da ödənməyəndə o psixoloji gərginliklər yaradır. İnsanlar reallıq hissini itirir, ümidlərini Zaurun verilişinə, Üzeyirin mahnılarındakı ovqata kökləyirlər.

Azərbaycan qadınları özünü küçədəki qaqaşların ümidinə qoymamalıdır, onlar öz haqqları uğrunda mübarizə aparmalıdır. Qadağalara qarşı gəlib, cəmiyyətin köhnəlmiş qayda-qanunlarını söküb atmalıdır. Onun üstündə gecə-gündüz keşik çəkən kişi yumruğunun altında əzilməkdənsə min dəfə döyülüb qalib gəlməlidir.

Azərbaycan qadınının heç vaxt olmadığı kimi birliyə, həmrəyliyə ehtiyacı var. Heç bir qız, qadın Aytacın aqibətindən sığortalanmayıb. Sabah bir kişi küçənin ortasında sizi bıçaqlaya bilər. Və bu kişi keçmiş sevgiliniz, keçmiş əriniz, nişanlınız, əriniz, sevgilinizdirsə, günahı sizdə görəcəklər. Bu gün bizim həmrəy olmamamız gələcəkdə buna zəmin yaradacaq. Günah öləndə olacaq. Günah zorlananda olacaq. Günah döyüləndə olacaq.

Bunun üçün sosial durumundan, yaşından, savadından asılı olmayaraq, hər bir qız, qadın öz bəyanatını verməlidir. Bəli, biz qanunların kişiyə də, qadına da eyni dərəcədə aid olduğu bir ölkədə yaşayırıq. Bizim gecənin istənilən saatında, istənilən yerdə küçəyə çıxmaq haqqımız var. İstədiyimiz insanla görüşmək, sevişmək, ayrılmaq haqqımız var. İstədiyimi kimi geyinmək haqqımız var. Heç bir gec saat, heç bir qısa ətək, birlikdə olduğumuz ya olmadığımız kişilərlə heç bir münasibət bizim döyülməyimizə, zorlanmağımıza, öldürülməyimizə haqq qazandıra bilməz. Bunun əksini iddia edən, əksini deyən hər bir insan bu zorlanmaya, bu döyülməyə, bu qətlə rəvac vermiş, qladiator döyüşlərində qana susamış tamaşaçı sayaq, baş barmağını aşağı tuşlamış adamdır.

Amma heç kim unutmasın ki, o baş barmağı bir gün özünüz də bilmədən, qızınızın, bacınızın, arvadınızın, ananızın, lap elə oğlunuzun qətli, döyülməyi, zorlanması üçün endirmiş ola bilərsiniz…


Yazıdakı fikirlər müəllifə məxsusdur və onlara görə Meydan TV məsuliyyət daşımır.

Ana səhifəMənim FikrimcəNə qədər ki, öləndə günah axtaracaqar…