Yataq xəstəsi olan Göyçay sakini əlillik ala bilmir
Göyçayın Ləkçıplaq kənd sakini, 1935-ci il təvəllüdlü Gülnaz Kərimova ağır xəstə olsa da, illərdir ki, əllilik dərəcəsi ala bilmir.
Hazırda yataq xəstəsi olan yaşlı qadın həm görmə, həm də eşitmə əngəllidir.
Gəlini Gülnar Kərimova Meydan TV-yə deyir ki, qaynanası eşitmə qabiliyyətini 60 yaşlarında itirib, görmə məhdudiyyəti isə on beş ildir ki, var:
“Sol gözü tamamilə görmür. Sağ gözündə 20-30% görmə olsa da, illər öncə Bakıda keçirilən əməliyyatdan sonra o da tamamilə itib. Daha sonra rayon xəstəxanasında da ardıcıl müalicə, yoxlanışdan keçsə də, əllilik dərəcəsi almaq mümkün deyil”.
“Tək ümidi ürək, ciyər və göz dərmanlarınadır”
Gülnar Kərimovanın sözlərinə görə, günü yataqda keçən Gülnaz Kərimovanın tək ümidi ürək, ciyər və göz dərmanlarınadır:
“Bakıda əməliyyatda dedilər ki, göz xərçəngidir, hara aparsanız, xeyri yoxdur. Yəni gözlərinin görməsi pərpa olunmayacaq. Ondan sonra rayona gətirdik. 5 il də davamlı olaraq, rayon xəstəxanasına apardıq. Orada da dedilər ki, müalicə effekt vermir. Sadəcə, dərman yazırlar ki, ömrünün axırına qədər bu dərmanı istifadə eləsin”.
“Bayaq dediyim kimi, qaynanamın eşitmə əngəlliyi də var. Nə qədər möhkəm səslə çağırsan da, heç nə eşitmir, köməksiz və çıxılmaz durumdadır. Tamamilə eşitməyən, görməyən, yatağa məhkum insan necə olar? O vaxtı əməliyyatın və bütün müalicələrin də pulunu özümüz ödəmişik. Hətta Bakıda əməliyyat etdirəndə həkim dedi ki, göz xərçəngidir, yəni qara su. Ancaq vaxtında səhv edib oradan kağız almamışıq. Ona görə də indi müxtəlif bəhanələr gətirib əlillik vermirlər”, – deyə o bildirib.
“Öz həkimi də dedi ki, qocadır, neynirsən onun əlilliyini?”
Qadının qulluğunda ailə üzvləri, xüsusən də gəlini dayanır, onun günlük ehtiyac və istəklərini də ailəsi qarşılayır. Ailə təsərrüfatda işləyir deyə kömək olmayanda qadın özü divarlardan tutaraq hərəkət edir. Bu da onun bir neçə dəfə yıxılmasına, köməksiz qalmasına səbəb olur. Aidiyyəti qurumlara edilən müraciətlər isə cavabsız qalır.
Ailənin dediyinə görə, yerli qurumlar “əllilik düşmür” deyərək müraciətləri yola verirlər:
“Göyçay DSMF-yə müraciət etdim. Dedilər ki, çoxlu kağızlar yığmalısız. Sənədləri tapladıq, onda da dedilər ki, yox, əlillik düşmür. Hətta 70-yaşdan yuxarı yaşlı və xəstə şəxslərə baxıcı üçün ödəniş edilməlidir. Onu da vermədilər. İllərdir ki, ona mən baxıram, oğlu da xəstədir. Əvvəl özünü qismən idarə edirdi, ciyəri də xəstələnəndən sonra tamamilə gücdən düşüb”.
Gülnar Kərimova deyir ki, həyat yoldaşı da xəstə olduğu üçün özü və məktəbli oğlu işləmək məcburiyyətindədir:
“Oğlum məktəblidir, çörək puluna görə səhər tezdən işləməyə gedir. Vallah hər gün ağlamaqdan, fikirləşmədən bilmirəm neyləyim? Döymədiyim qapı qalmayıb. Öz həkimi də deyir ki, qocadır, ömrünə az qalıb, neynirsən onun əlilliyini? Deyirəm ay həkim, axı əlillik dərəcəsi onun haqqıdır”.
“Eşitməsinə görə qulaqcıq dedilər. 700 manatdan yuxarı idi, imkan olmadı. Dedilər ki, ucuzunu da alıb taxmayın, çünki beyin pozuntusu var, ciddi zərər görər, ağır beyin travması alar. Yaxşı bəs 700 manatlıq qulaqcığı necə alaq? Ona baxım pulu ayırmalıdırlar ki, heç yerdə işləmək mümkün olmursa, o pulla aylıq dərmanlarını, müalicəsini, yeməyini almaqda kömək olsun”, – belə deyir Göyçay sakini…
“İstəyirik ki, ona əlillik alaq, məni də baxıcı kimi qeydiyyata alsınlar”
Şikayətçi deyir ki, 4 nəfərlik ailənin yeganə gəliri yaşlı qadının yaşa görə aldığı pensiyadır. Gülnar Kərimova özü isə əkin, təsərrüfat işləri ilə məşğuldur ki, o da borc-xərci, dərman pulunu ödəmir. Üstəlik, bir övladı ailə qurub, iki övladı təhsil alır.
Gülnar Kərimova deyir ki, özü də 2010-cu ildən onkoloji xəstədir. Həm özü, həm də həyat yoldaşı xəstə kimi rəsmi qeydiyyatdadırlar. Ötən ilə qədər usta kimi çalışan həyat yoldaşı artıq iş qabiliyyətini itirib. Məktəbli oğul isə ehtiyac üzündən fəhləlik edir.
Dediyinə görə, yaşadıqları ev təmirsiz və şəraitsiz durumdadır. Ailənin yeganə istəyi yaşlı qadına haqqı çatan 1-ci qrup əlillik dərəcəsinin verilməsi və ona günlük baxan sosial təminat işçisi kimi gəlininin qeydiyyata alınmasıdır:
“Evimiz soyuqdur. İmkansızlıqdan odun ala bilmədik. Qaz da ancaq bir otaqda yanır, heç o qadını isitmir də. Həyətdə ağac qalmayıb çıxardıb yandırıram. Ürəyim ağrıyır, Allahın normal yeməyini, ət istəyir, amma ala bilmirik. Lap Bakıya aparsaq da, bizə doğru yol göstərilsin ki, haqqı çatan əlilliyi alaq. Uzun yola da çıxa bilmir, çünki çox narahatdır, yaşlıdır, ciyəri ağrayır. Daim yataq vəziyyətindədir. Hər ay 15-20 manat gözünə, ürəyinə görə yüngül dərman alırıq”.
Göyçay Mərkəzi Xəstəxanasının baş həkiminin müavini Ləman Hacıyeva Meydan TV-yə deyib ki, xəstə yenidən müayinədən keçməli və 1-ci qrup əllilik dərəcəsinə uyğun göstəricilər təsdiqini tapmalıdır. Belə olduğu təqdirdə xəstəxana tərəfdən göndərişlə təmin olunar.
Bəs rəsmi qurumlar nə deyir?
Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyininin mətbuat katibi Fazil Talıblı isə Meydan TV-yə bildirib ki, vətəndaşın əlilliyinin qiymətləndirilməsi məqsədilə ilk növbədə qeydiyyatda olduğu tibb müəssisəsi tərəfindən “Əlillik” altsisteminə göndəriş daxil edilməlidir.
Onun sözlərinə görə, Kərimova Gülnaz İbrahim qızının əlilliyinin qiymətləndirilməsi üçün qeyd olunan altsistemə göndəriş daxil edilməyib.
Talıbova deyir ki, bununla bağlı vətəndaş qeydiyyatda olduğu ərazi üzrə tibb müəssisəsinə müraciət etməlidir:
“Burada şəxsin diaqnozu, ixtisaslaşmış həkim rəyi, aparılan instrumental, laborator müayinələrin nəticəsi, indiyədək aldığı stasionar və ambulator müalicələrə dair epikrizlər əsasında Forma 88 tərtib edilib rəsmiləşdirilərək “Əlillik” altsisteminə göndərilməlidir. Göndəriş daxil edildiyi halda qanunvericiliyə uyğun onun əlilliyinin qiymətləndirilməsi aparıla bilər”.
Dövlət Sosial Müdafiə Fondunun Göyçay Rayon Şöbəsi də Meydan TV-nin sorğusunu cavablandırıb.
Qurum bildirib ki, xüsusi qayğıya ehtiyacı olan şəxslərə baxan sosial təminat işçisinə ödənilən 80 manat məbləğindəki sosial müavinət həmin şəxsin 1-ci qrup əllilik statusu almasından sonra reallaşır.
Əks halda digər qrup əllilər üçün yaxud vətəndaşın sağlamlığının zəif, sosial təminatının isə aşağı olması üçün nəzərdə tutulmur.
Qurum qeyd edir ki, vətəndaş 1-ci qrup əllilik alarsa, indiki əmək pensiyasının üzərinə aylıq 130 manat ödəniş artım olacaq.
Hüquqşünas: “18 yaşdan yuxarı istənilən şəxs müaviq göstəricilərə uyğun əlillik ala bilər”
Hüquqşünas Azər Quliyev deyir ki, 18 yaşdan yuxarı istənilən şəxs müaviq göstəricilərə uyğun əlillik ala bilər. Onun fikrincə, vətəndaş qanunla bir pensiyanı seçməlidir: ya əlillik, ya da əmək pensiyası.
O, əlliliyin təyin edilməsi prosesində ərazi üzrə tibb müəssisəsinin və Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin rolunun da əsas olduğunu qeyd edir.
“Şəxs əliliyi alandan sonra əmək pensiyasından imtina edilməlidir. Xəstəxana baxıb göndəriş verməlidir. Göndəriş əsasında gedib ərazidəki TSEK-ə. “Asan” Xidmətə də müraciət edə bilər. Xəstəxana imtina versə, ailə rəsmi surətdə əliliyi təyin edən orqana rəsmi ərizə yazmalıdır. Əlilliyi də bizdə Tibbi-Sosial Ekspertiza Komissiyası təyin edir. Əgər imtina etsələr, bir ay müddətində həmin qərardan Şirvan İnzibati Məhkəməsinə müraciət edə bilərlər”.
“Baxıcılıq məsələsini də TSEK müəyyən edir. Səhv etmirəmsə, aylıq ödəniş 80 manatdır. Bir də xəstə ağır durumdadırsa, həmin şəxsə sosial təminat işçisinin əməkhaqqının 50%-i verilməlidir. Bütün bunlar isə özbaşına olmur. TSEK əlilliyi verəndə mütləq o kağıza: “Başqasının köməyinə ehtiyac var”, – deyə qeyd yazmalıdır. Məhz bundan sonra xəstəyə baxıcı təyin oluna bilər”, – hüquqşünas belə deyir.