Nazirliyin müəllifi, mükafatı bilinməyən loqosu

Yazar: Turan Muxtarlı

Mənbə: Gənclər və İdman Nazirliyi

Bir gündə 100-dən artıq loqonu qiymətləndirən münsiflər kimdir?

Mart ayının 2-də Gənclər və İdman Nazirliyi 20 ildən sonra qərara gəldi: Deyəsən, loqomuz köhnəlib, bəlkə ony yeniləyək?

Və nazirlikdə belə qərara gəlirlər ki, bunun üçün ayrıca müsabiqə elan edilsin.
Nazirliyin Mətbuat Xidmətindən “Report”a verilən məlumata görə, yeni loqonun dizaynı gənclər və idmana dair ümumi elementləri ehtiva etməli, orijinal və konseptual görünüşlü olmalıdır.

Müsabiqəyə isə yalnız indiyədək istifadə edilməyən və mövcud loqotiplərin elementlərini təkrarlamayan loqolar təqdim edilməliydi.

Şərtlərə görə, təkliflər 10 iş günü ərzində – 16 martadək nazirliyə göndərilməli idi.
Elə göndərilir də. Düz 14 gün müddətində nazirliyini yeni loqosunu yaradıb mükafat qazanmaq istəyənlərin sayı 100-ə çatıb.

Nəhayət, bu gün Gənclər və İdman Nazirliyinin yeni loqosu təqdim olunub.
Apasport.az saytının məlumatına görə, loqonun təqdimat mərasimi Bakı Gənclər Mərkəzində keçirilib.
Tədbirdə çıxış edən gənclər və idman naziri Fərid Qayıbov loqonu dəyişməyin vaxtı çatdığını bildirib: “Yeni tərzdə korporativ rənglərə yol açmaq istədik. İki həftə əvvəl elan etdik, yüzə qədər variantlar aldıq. Nəhayət, qalib loqonu seçdik. Sonda da bu gün təqdim etdiyimiz loqo üzərində dayandıq. Düşünürəm ki, bu loqo müasir tələblərə cavab verir”.
Bəs nədir, daha doğrusu necədir nazirliyin yeni loqosu? Görəsən bu “loqo”ya nə qədər pul xərclənib? Bəlkə də subyektiv fikrimizi qəribçiliyə salacaqsınız, amma belə bir loqonu 4-cu sinif şagirdləri informatika fənnindən paint-ə dair dərsdə ilk işlərində hazırlayırlar. Ağ fonda yaşıl şriftlə AZE yazılmış bir bu nəsnə doğrudanmı cənab nazirin dediyi kimi “gənclər və idmana dair ümumi elementləri ehtiva edir, orijinal və konseptual görünüşlüdür?”

Bu məsələnin bir tərəfi. Bəs görəsən, martın 2-də başlayıb 16-da bitən müsabiqəyə təqdim olunun 100 iş bir iş günü ərzində necə araşdırılıb? Bu föqəlmünsiflər kimdir?
Bəs görsən qalib kimdi, ona nə qədər mükafat verilib?
Nazirliyin mətbuat xidmətinin rəhbəri Qabil Mehdiyev Meydan TV-yə bildirib ki, onlar dünən bütün günü işləyiblər və nəhayət, qalibi seçiblər: “İstədik ən yaxşısını seçək. O ki qaldı mükafata, sizdən qabaq da zəng etmişdilər. Mükafatın məbləğindən xəbərim yoxdur”.
Deyəsən elə qalibdən də. Çünki qalibin kim olduğu da tədbirdə açıqlanmayıb.

Ana səhifəMənim FikrimcəNazirliyin müəllifi, mükafatı bilinməyən loqosu