Nazirlik: “Yeni artım və pensiyaçılara maddi yardım üçün 352 milyon manat ayrılıb”

Source: Modern.az

“Yaxın vaxtlarda Birinci Qarabağ müharibəsi nəticəsində əlilliyi olanlara birdəfəlik ödənişlərin verilməsinə başlanacaq”

“Əməkhaqqı və digər sosial ödənişlərin 2022-ci ilin əvvəlindən artırılması üçün 1,5 milyard manat, pensiyalarda indeksasiya əsaslı yeni artım və pensiyaçılara maddi yardım üçün 352 milyon manat həcmində əlavə illik vəsait ayrılıb”.

Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin yaydığı press-relizdə belə deyilir. 

Bildirilir ki, son illərdə yeni sosial ödəniş növləri təsis edilib, ödəniş təyin edilənlərin sayı artıb. Hazırda isə İkinci Qarabağ  müharibəsi iştirakçılarına “Müharibə veteranı” adı verilməklə onlara Prezident təqaüdünün təyinatı işləri aparılır və yaxın günlərdə bitəcək.

Məlumata görə, nazirliyin kollegiya iclasında nazir Sahil Babayev vurğulayıb ki, 2018-2021-ci illərdə sosial təminat növləri üzrə illik xərclər 2,4 milyard manat və ya 60% artaraq 6,4 milyard manata çatıb. Keçən il yalnız pensiya təminatı istiqaməti üzrə əhaliyə 4,6 milyard manat vəsait ödənilib. Bu da əvvəlki ilə nisbətən 118 milyon manat çoxdur.

“Cari ilin əvvəlindən edilən artımlar onu deməyə əsas verir ki, 2022-ci ildə də sosial təminat üzrə ayrılan vəsaitlərdə növbəti ciddi artım olacaq”, – məlumatda bildirilir.

Nazirliyin məlumatında deyilir ki, digər sosial ödənişlər (müavinət, təqaüd və s.) kimi, pensiyaların məbləği də ildən-ilə artır, üç il əvvələ nisbətən minimum pensiya məbləğində 2,2 dəfə, ölkə üzrə orta aylıq pensiya məbləğində 60% artım olub:

“Dövlət başçısının 8 fevral 2022-ci il tarixli Sərəncamı ilə pensiyalarda orta hesabla daha 9 faiz artıma nail olunub ki, nəticədə pensiyaların orta aylıq məbləğinin bu il 360 manata, o cümlədən yaşa görə pensiyaların orta aylıq məbləğinin 385 manata çatacağı gözlənilir”. 

Nazirliyin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirlərində dövlət büdcəsindən ayrılan vəsaitin (transfert) payı ötən il bir qədər də azalaraq 25,2 faizə endiyi də diqqətə çatdırılıb. Bildirilib ki, ümumilikdə transfertin payı DSMF gəlirlərində 2017-ci illə (38,1 faiz) müqayisədə 12,9 faiz azalıb.

“Bu müsbət dinamika sosial sığorta daxilolmalarında mütəmadi artımın, fəaliyyət sahələrində şəffaflığın təminatı və optimallaşdırma tədbirlərinin nəticəsi olmaqla, DSMF-nin maliyyə dayanıqlığının möhkəmlənməkdə davam etdiyini göstərir”, – press-relizdə qeyd olunur.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi
Source: Meydan Tv

Kollegiya iclasında 1991-1997-ci illərdə Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar hərbi xidmətdə olarkən xəsarət nəticəsində əlilliyi müəyyən edilmiş şəxslərə və onlardan vəfat edənlərin ailə üzvlərinə birdəfəlik ödəmələrin verilməsinə hazırlıq işləri də müzakirə olunub, yaxın vaxtlarda həmin ödənişlərin verilməsinə başlanacağı bildirilib.

İqtisadçı Nemət Əliyev isə hesab edir ki, hökumətin pensiya siyasəti yanlışdır:

“Azərbaycanda qiymətlər hədsiz dərəcədə yüksəlib. Təxmini hesablamalarımıza görə, 30-40 faiz bahalaşma yaşanıb. Bundan sonra da qiymət artımı davam edəcək. İki yüz on bir min nəfər pensiya təminat sistemindən uzaqlaşdırılıb. Bəs onların aqibəti necə olacaq? Uzaqlaşdırılmalar bu il ərzində də davam etdiriləcək. 2017-ci ilin iyul ayının 1-nə olan vəziyyətə görə, ölkədə 1 milyon 328 min nəfər pensiyaçı vardı. İndi onların sayı 1 milyon 200 min nəfərə düşüb. Bu ilin sonuna qədər də onun anonsu edilib ki, 1 milyon 185 minə qədər azaldılacaq. Yəni kəsib-doğrama prosesi bu ilin sonuna kimi davam edəcək. Bu cür aldadıcı addımlar atmaqla pensiyaçıların həyat səviyyəsinin yaxşılaşdırmasına nail olmaq mümkün deyil”.

Ana səhifəSosialNazirlik: “Yeni artım və pensiyaçılara maddi yardım üçün 352 milyon manat ayrılıb”