“220 mindən çox təhsil işçisindən 138 min nəfərə iki dozada vaksin vurulub”
İndiyədək ümumi təhsil müəssisələrində çalışan 220 mindən çox təhsil işçisindən 138 min nəfərə yaxını hər iki dozada vaksin olunub.
Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Cəsarət Valehov belə deyib.
Bildirib ki, bugünədək ümumi təhsil müəssisələri işçilərindən təxminən 60 min nəfərdən çoxu vaksin olunmayıb: “Onlardan immuniteti olanlar 16 500, bu və ya digər səbəbdən vaksin olunmayanlar isə 42 min nəfərdən çoxdur. Vaksin olunmaq həm də ənənəvi qaydada daha çox saatda dərs demək imkanıdır. İnanırıq ki, növbəti 20-25 gündə təhsil işçiləri arasında vaksinləşmə faizi daha da yüksələcək”.
Valideynlər də vaksin olunmalıdırmı?
Sualına cavab olaraq Cəsarət Valehov deyib ki, son vaxtlar bu istiqamətdə həddindən artıq sual alırlar. Ancaq belə bir tapşırıq verilməyib: “Ancaq suala cavab verilərkən həm də “bəli” demək istərdik. Niyə? Ona görə ki yeni tədris ilində məktəb təkcə vaksin olunmuş müəllimdən deyil, həm də vaksinlənmiş valideyndən asılıdır”.