Vəhdət Partiyasının sənədləri geri qaytarılıb
Avqustun 4-də Ədliyyə Nazirliyi Vəhdət Partiyasına üzvlərinin sayı ilə bağlı müraciətinə mənfi cavab verib.
Bu barədə Meydan TV-yə Vəhdət Partiyasının Baş Məclisinin sədri Fəxrəddin Ağazadə danışıb.
Partiya iyulun 5-də siyahını nazirliyə təqdim edib.
Fəxrəddin Ağazadə nazirlikdən iki məktub aldıqlarını bildirib:
“Avqustun 2-də eyni məktub almışdıq”.
Fəxrəddin Ağazadənİn sözlərinə görə, Ədliyyə Nazirliyinə təqdim olunan siyahıda 11 nəfər 18 yaşına çatmayan üzvümüz olduğu aşkarlanıb:
“Bu problem ay və gün fərqi ilə əlaqədardır, amma biz nazirliyin iradını qəbul edirik”.
O, nazirliyə təqdim olunan 11788 nəfərlik üzv siyahısından 151 nəfərin vəfat etdiyi bəlli olub:
“171 nəfər başqa partiyanın üzvü imiş. Bundan əlavə telefon nömrələri səhv olan, yaxud ümumiyyətlə, nömrəsi olmayanları da qeyd ediblər”.
Baş Məclisin sədri İşçi Qrupu yaradıldığını, sənədlər üzərində işlədiklərini bildirib:
“Yəqin, bir aya iradlar aradan qaldırılacaq və təkrar nazirliyə təqdim edəcəyik”.
Vəhdət Partiyası 1994-cü ildə Hacı Cəbrayıl Əlizadənin rəhbərliyi ilə yaradılıb.
1998-ci ildən partiyaya deputat Tahir Kərimli sədrlik edir.
Tahir Kərimli 1992-1993-ci illərdə Azərbaycan Ali Məhkəməsinin sədri olub.
Neçə partiya müraciət edib?
İndiyə qədər 27 siyasi partiya üzvlərinin siyahısını nazirliyə təqdim edib.
Ədliyyə Nazirliyi indiyə qədər AXCP, Müsavat, REAL, Ümid, AMİP, AĞ, Ədalət, VHP, BAXCP, MCP və s. partiyalara mənfi cavab verib.
Yalnız hakim Yeni Azərbaycan Partiyası müsbət cavab alıb.
Hansı partiyalar buraxılıb?
Son bir neçə ayda Azərbaycanda 30-dan çox partiya özünü buraxıb.
Bu sıraya Müstəqil Xalq Partiyası (MXP), Azərbaycan Milli Demokrat Partiyası (AMDP), Yeni Yol Partiyası, Azərbaycan Respublikaçılar Partiyası, Müstəqil Azərbaycan Partiyası, Azərbaycan Vahid Kommunist Partiyası, Azərbaycan Sosial Demokrat Partiyası (ASDP), Azərbaycan Liberal Demokrat Partiyası (ALDP), Milli Vəhdət Partiyası (MVP), Azərbaycan Sosial Rifah Partiyası (ASRP), Azərbaycan Naminə Alyans Partiyası (ANAP), Azərbaycan Təkamül Partiyası, Birlik Partiyası, Aydınlar Partiyası, Kommunist Partiyası, Vahid Azərbaycan Milli Birlik və Azərbaycan Azad Respublikaçılar Partiyası və digərləri daxildir.
Meydan TV-yə daxil olan məlumata görə, partiyaların çoxu özündən xəbərsiz, Prezident Administrasiyası tərəfindən buraxılır və həmin partiyaların rəhbərləri bu haqda hökumətə yaxın media orqanlarında çıxan xəbərlərdən öyrənirlər.
2022-ci ilin dekabrında Milli Məclis “Siyasi partiyalar haqqında” Qanunu III oxunuşda qəbul edib.
Daxili və xarici etirazlara rəğmən, Prezident İlham Əliyev 2023-cü ilin yanvarında qanunu təsdiqləyib.
Yeni qanunun narazılıq doğuran maddələri sırasında partiyaların 5 min üzv toplaması və onların hər birinin reyestrdən keçirilməsi xüsusi yer tutur.
2022-ci ildə Azərbaycanda 59 siyasi partiya qeydiyyatda olub.