Nazirlik Ququşun konsert verməsinə qadağa qoymayıb

“Mədəniyyət və Turizm Nazirliyi kommersiya məqsədilə keçirilən konsert proqramlarının təşkilatçısı qismində çıxış etmir”

Source:
Ququş
Ququş


“Mədəniyyət və Turizm Nazirliyi kommersiya məqsədilə keçirilən konsert proqramlarının təşkilatçısı qismində çıxış etmir”

Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan əsilli İran müğənnisi Ququşun (Faiqə Atəşin) Azərbaycanda konsert verməsinə qadağa qoymayıb.

Bu barədə “Report”-a nazirliyin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən bildiriblər. Mətbuatda yazılanların doğru olmadığını vurğulayan nazirlik sözçüsü deyib ki, müğənninin Azərbaycanda konsertinin təşkil olunması ilə bağlı onlara müraciət daxil olmayıb:

“İlk növbədə onu qeyd etmək istəyirik ki, Mədəniyyət və Turizm Nazirliyi, mərkəzi icra hakimiyyəti orqanı olaraq ölkəmizdə kommersiya məqsədilə keçirilən konsert proqramlarının təşkilatçısı qismində çıxış etmir”.

Həmçinin qeyd olunub ki, bu cür kommersiya məqsədli, yerli və xarici müğənnilərin iştirakı ilə konsert proqramları Azərbaycanın müvafiq qanunvericiliyinə uyğun olaraq özəl qurumlar və prodüser mərkəzləri tərəfindən təşkil oluna bilər:

“Buna misal olaraq, son illər paytaxt Bakıda, eləcə də bir sıra şəhər və rayonlarımızda xarici populyar müğənnilərin konsert proqramlarının keçirilməsini nümunə kimi göstərə bilərik. Ölkəmizdə öz tamaşaçı auditoriyası olan istənilən əcnəbi müğənninin də konsertinin təşkil olunmasına nazirlik olaraq hörmətlə yanaşırıq. Mədəniyyət və Turizm Nazirliyinin strukturuna daxil olan və daxil olmayan konsert salonlarında tədbirlərin təşkili həmin müəssisə və prodüser mərkəzləri arasında bağlanılmış müqavilə əsasında müvafiq vergi, icarə və digər təşkilatı xərclər ödənilməklə həyata keçirilir. Bunun üçün Mədəniyyət və Turizm Nazirliyindən rəsmi icazə alınması tələb olunmur”.

Ana səhifəXəbərlərNazirlik Ququşun konsert verməsinə qadağa qoymayıb