Kənd Təsərrüfatı Nazirliyi

Mənbə: Kənd Təsərrüfatı Nazirliyi

Başlıq: Kənd Təsərrüfatı Nazirliyi

Nazirlik: Qubad İbadoğlunun əlində fakt varsa, açıqlasın

İqtisadçı: "Məmurların o torpaqları ələ keçirməyə “müstəsna hüququ” var”

Kənd Təsərrüfatı Nazirliyi iqtisadçı Qubad İbadoğlunun Şəki və Qax bölgəsində salınan fındıq bağlarının məmurlara məxsus olması ilə bağlı fikirlərinə cavab verib.

Qubad İbadoğlu bildirirdi ki, salınan bağlar keçmiş çay yatağındadır, ərazi daşlıqdır, burada bağ salınması faydasızdır: “Ancaq bu bağı salan məmurlar dövlət büdcəsindən nə qədər əvəzsiz vəsait (subsidiya) alacaq. Heç kimə sirr deyil ki, belə böyük təsərrüfatlar yüksək çinli məmurlara məxsusdur. Adi fermerin belə təsərrüfat yaratmağa nə maddi imkanı, nə də o torpaqları ələ keçirməyə “müstəsna hüququ” var”.

Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Vüqar Hüseynov bildirib ki, Qubad İbadoğlunun fikirləri əsassızdır: "Əgər əlində salınan bağın hansısa məmura məxsus olduğuna dair əsas, fakt-sübut varsa, adını çəksin. Biz də bilək. Bundan əlavə, adi sahələrdə intensiv fındıq bağlarının salınması hər hektara 15-16 min manata, bu cür daşlıq ərazilərdə bir hektar bağın salınması ən azı 18 min manata başa gəlir. Bu 18000 manata ərazinin daşlardan təmizlənməsi, sahənin hazırlanması, tinglərin basdırılması, gübrə verilməsi, budamanın aparılması, işçilərin əməkhaqqı, elektrik məsrəflərinin ödənilməsi, maaşların verilməsi və sair aiddir”.

Vüqar Hüseynov deyir ki, dövlət çay yatağında salınan fındıq bağına çəkilən xərcin 25 faizini qarşılayır: “Hesablamaq çətin deyil ki, daşlıq ərazidə, çay yatağında 320 hektar intensiv fındıq bağının salınmasına ən azı 5 milyon 760 min manat sərf olunub. Dövlət bu xərcin təxminən 25 faizini qarşılayırsa, bunun nəyi pisdir? O ərazilərin elə çatlaq yeri, daşlıq ərazi olaraq qalması yaxşıdır, yoxsa dövlətin də bir qisim xərcləri kompensasiya etməsi ilə investisiya yatırılaraq fındıq bağı salınması?”

Qubad İbadoğlu isə Şəkinin Bideyiz kəndində 320 hektar ərazidə salınan fındıq bağına veriləcək subsidiyanı hesablayıb.

Deyir ki, bağın salındığı ildən ilk 4 il ərzində hər hektara 730 manat – 320 ha X 730 manat = 233 600 manat veriləcək. 4 ildən sonra isə hər hektara 250 manat – 320 ha X 250 manat = 80 000 manat düşəcək. İntensiv fındıq bağlarının salınması üçün birdəfəlik ödəmə hər hektara 4 400 manat – 320 X 4 400 manat = 1 408 000 manatdır: “Gördüyünüz kimi kimi fındıq bağının salınmasına görə həmin iri təsərrüfatın sahibi olan məmur dövlət büdcəsindən birinci il 1 milyon 641 min 600 manat (1 408 000 + 233 600) subsidiya alacaq” - iqtisadçı belə deyir.

2021-ci il ərzində salınan fındıq bağlarına da birdəfəlik əkin subsidiyası verilməsi nəzərdə tutulur.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/4n55b9

Ən çox baxılan