Nazirlik müharibədə həlak olan 2723 hərbi qulluqçunun ad və fotosunu yaydı

“Vətən müharibəsində 2783 nəfər şəhid olmuş Silahlı Qüvvələrimizin hərbi qulluqçuları barədə 3 dekabr 2020-ci il tarixli məlumatına əlavə olaraq bildiririk ki, bu günədək 2723 şəhidimiz dəfn edilib”.

Foto: Müdafiə Nazirliyi


"İtkin düşmüş hesab olunan hərbi qulluqçuların tapılması üzrə işlər davam etdirilir"

Azərbaycan Müdafiə Nazirliyi II Qarabağ Müharibəsində həlak olanların siyahısını

yayıb

.

Bu barədə nazirliyin saytında məlumat yerləşdirilib.

“Vətən müharibəsində 2783 nəfər şəhid olmuş Silahlı Qüvvələrimizin hərbi qulluqçuları barədə 3 dekabr 2020-ci il tarixli məlumatına əlavə olaraq bildiririk ki, bu günədək 2723 şəhidimiz dəfn edilib. Dəfn edilən şəhidlərimizin foto şəkilləri, adları, soyadları, hərbi rütbəsi və doğum tarixi haqqında məlumat təqdim olunur. İtkin düşmüş hesab olunan hərbi qulluqçuların tapılması və şəxsiyyəti müəyyən olunmayan şəxslərin identifikasiyası üzrə işlər davam etdirilir. İctimaiyyətə bu barədə mütəmadi məlumat veriləcək”, – deyə nazirlik bildirib.

2723 hərbçidən 158 nəfər 2000-ci il, 310 nəfər 2001-ci il, 144 nəfər isə 2002-ci il təvəllüdlüdür.

Sentyabrın 27-də Ermənistan və Azərbaycan Ordusu arasında cəbhənin bütün istiqamətlərində hərbi əməliyyatlar başlayıb.

44 gün davam edən müharibə nəticəsində Azərbaycan Ordusu tərəfindən noyabrın 9-dək 5 şəhər, 4 qəsəbə və 286 kənd işğaldan azad edilib.

İndiyədək Cəbrayıl şəhəri və rayonun 90 kəndi, Füzuli şəhəri və rayonun 53 kəndi, Zəngilan şəhəri, rayonun Mincivan, Ağbənd, Bartaz qəsəbələri və 52 kəndi, Xocavənd rayonunun Hadrut qəsəbəsi və 35 kəndi, Tərtər rayonunun 3 kəndi, Qubadlı şəhəri və rayonun 41 kəndi, Xocalı rayonunun 9 kəndi, Şuşa şəhəri, Laçın rayonunun 3 kəndi, həmçinin Ağdərə və Murovdağ istiqamətlərində bir neçə strateji yüksəkliyi, Zəngilanda isə Bartaz, Sığırt, Şükürataz yüksəkləri və daha 5 adsız yüksəklik azad olunub.

Noyabrın 10-da Azərbaycan Prezidenti, Ermənistanın baş naziri və Rusiya Prezidenti münaqişə zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması barədə bəyanat imzalayıblar.

Bəyanata uyğun olaraq, 2020-ci il dekabrın 1-dək Kəlbəcər, Ağdam və Laçın rayonları Azərbaycana təhvil verilib.

Müdafiə Nazirliyinin rəsmi yaydığı məlumata görə, müharibədə Azərbaycan Silahlı Qüvvələrinin 2783 nəfər hərbi qulluqçusu həlak olub.

Onların sırasında 103 nəfər hərbi qulluqçunun DNT analiz metodu ilə şəxsiyyətinin müəyyən edilməsi üzrə işlər davam etdirilir.

100 nəfərdən artıq hərbi qulluqçu isə itkin düşmüş hesab olunur.

Nazirlik onların tapılıb ailələrinə məlumat verilməsi üçün zəruri tədbirlərin gördüyünü açıqlayıb.

Bildirilir ki, hazırda 1245 nəfər hərbi qulluqçumuzun tibb müəssisələrində müalicəsi davam edir.

Ana səhifəSiyasətNazirlik müharibədə həlak olan 2723 hərbi qulluqçunun ad və fotosunu yaydı