Nazirlik internet istifadəçilərinə xəbərdarlıq edib

“Sisteminizi ehtiyac olmadığı təqdirdə “admin” olaraq idarə etməyin”

Source:
Xaker
Xaker


“Sisteminizi ehtiyac olmadığı təqdirdə “admin” olaraq idarə etməyin”

“BadRabbit” adlı reket-virus Rusiya və digər ölkələrə ziyan vurub. Kiberhücumdan Rusiyanın “Interfax” agentliyinin ziyan çəkdiyi, Ukraynanın Odessa aeroportunda uçuşların yubandığı bildirilir.

Məlumatı “Reuters” agentliyi yayıb.

Bildirilir ki, ABŞ hökuməti hücumla bağlı xəbərdarlıq edib. Mayda və iyunda da oxşar reket- virus hücumları olmuşdu, bəzi ölkələrə milyardlarla dollar ziyan dəymişdi.

“Hücumlar ona görə narahatlıq doğurur ki, kritik infrastuktura çox sürətli ziyan vurub. Bu da kampaniyanın “yaxşı əlaqələndirildiyini” göstərir”, – ESET kiberşirkətinin tədqiqatçısı Robert Lipovsky belə deyib.

Şirkətin hesablamasına görə, ən böyük ziyan Rusiya, Ukrayna, Bolqarıstan, Türkiyə və Yaponiyaya dəyib.

ABŞ Daxili Təhlükəsizlik Departamenti “BadRabbit” reket- virusuyla bağlı xəbərdarlıq edib. Bu virus düşdüyü kompüterləri qıfıllayır və qurbanlardan fidyə istəyir. Departament ABŞ-da qurbanların olub-olmadığını açıqlamayıb.

Azərbaycan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (NRYTN) də “Bad rabbit” virusunun yayılması ilə bağlı internet istifadəçilərinə xəbərdarlıq edib.

Bu barədə nazirliyin yaydığı məlumatda deyilir.

Nazirlik bildirir ki, “Bad rabbit” adlandırılan ransomware virusu müxtəlif ölkələrdə 200-dən çox dövlət və özəl qurumların informasiya sistemlərinə zərbə vurub:

“Virus “Win32/Diskcoder.D” “Trojan-Ransom.Win32.Gen.f”, “Win32/Tibbar”, “Troj/Ransom-ERK” adları altında sistemlərə nüfuz edir”.

Nazirlik vurğulayır ki, bu virus Rusiya, Türkiyə, Ukrayna, Almaniya kimi ölkələrdə sürətlə yayılan “Petya” virusunun bir başqa formasıdır:

“Virus kompüter sistemlərini kilidləyir, açılmasından ötrü qurbandan 0,05 bitcoin (~ $285) tələb edir. Tələb olunan məbləğ ödənilmədən şifrələnmiş sistemlərin deşifr olunması yolları, hələ də araşdırılmaqdadır”.

Nazirlik mövcud təhlükədən qorunmaqdan ötrü bir sıra təhlükəsizlik tədbirlərindən istifadəni tövsiyə edir

“WMI xidmətini deaktiv edin. Kompüterdəki faylların ehtiyat nüsxələrini başqa qurğuya köçürməyi, “Windows” əməliyyat sistemlərində boşluqların aradan qaldırılmasından ötrü dərhal yenilənmə (“patch”ın yüklənməsi və quraşdırılması) aparmaq lazımdır. Sisteminizi ehtiyac olmadığı təqdirdə “admin” olaraq idarə etməyin. Antivirus proqramından istifadə edin”.

Mayda “WannaCry” reket virusu xəstəxanaların, zavodların, digər qurumların işində fasilələr yarada bilmişdi.

Həmin vaxt Rusiyanın ən böyük xəbər agentliklərindən olan “Interfax” da bəzi xidmətlərinin hücuma məruz qaldığını bildirmişdi.

Rusiyanın “Kaspersky Lab” kibertəhlükəsizlik şirkəti bildirmişdi ki, “BadRabbit” iyundakı dağıdıcı “NotPetya” virusuna oxşar mexanizm üzrə yayılıb. Həmin virus Ukraynanın bir çox hökumət qurumlarının və şirkətlərinin işini iflic etmişdi.

“Kaspersky” “BadRabbit”-in “NotPetya” ilə əlaqəsi olub-olmadığını araşdırdığını açıqlayıb.

Ana səhifəXəbərlərNazirlik internet istifadəçilərinə xəbərdarlıq edib