”Meşə gözətçisi başından ağır zərbə alıb, direktorun qolu iki yerdən sınıb”
Lerik Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin direktoru Eyvaz Babayevin və meşə gözətçisi Kürdəsər meşəbəyliyinin 9 saylı dolayının meşə gözətçisi Adıgözəl Cavadovun 14 nəfərdən ibarət dəstə tərəfindən döyüldüyü bildirilir.
Bu barədə APA-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat xidmətindən məlumat verilib.
Bildirilir ki, iyulun 1-i gecə saat 2 radələrində Lerik Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin Kürdəsər meşəbəyliyinin 9 saylı dolayının meşə gözətçisi müəssisənin direktoruna zəng edərək bir neçə şəxsin “QAZ 66” markalı avtomaşınla meşə ərazisinə daxil olduğunu deyib.
Dərhal müəssisənin direktoru, meşəbəyi və digər işçilər Lerik rayonunun Kirkan kəndi ərazisində Kürdəsər meşəbəyliyinin 9 saylı dolayına yollanıb və 14 nəfərdən ibarət dəstənin motomişarla ağacları kəsdiyinin şahidi olublar.
Nazirlik sözçüsü deyir ki, meşə mühafizəçiləri qanunvericiliyə uyğun olaraq həmin şəxslərdən qırıntının dərhal dayandırılmasını tələb etdikdə dəstə üzvləri onlara hücum edib, əllərindəki küt alətlərlə Eyvaz Babayevə və Adıgözəl Cavadova ağır bədən xəsarətləri yetiriblər.
“Nəticədə meşə gözətçisi başından ağır zərbə alıb, direktorun qolu iki yerdən sınıb. Xəsarət alanlar digər meşə işçiləri tərəfindən xəstəxanaya çatdırılıb. Gözətçinin başına bir neçə yerdən tikiş qoyulub, direktorun qolu gipsə salınıb” – məlumatda deyilir.
Məlumatda o da bildirilir ki, meşə işçilərinə xəsarət yetirənlərin hamısı Lənkəran rayonunun köhnə Kirgan kəndinin sakinləridir.
“Bu şəxslər dəfələrlə qəsdən ETSN-yə meşə işçilərindən şikayət edərək onları şantajla təzyiq altında saxlamaq və bununla meşədə öz qanunsuz qırıntılarına göz yumulmasına şərait yaradılmasına nail olmaq istəyiblər.
Meşələrin mühafizəsi zamanı meşə işçiləri ayrı-ayrı şəxslərin ciddi müqavimətləri ilə tez-tez üzləşirlər” – nazirliyin əməkdaşı vurğulayıb.
Hadisə ilə bağlı cinayət işinin açılması, kimlərin məsuliyyətə cəlb olunması barədə məlumat verilmir. Lerik Rayon Polis şöbəsinin rəisi, mayor Ülfət Novruzov Meydan Tv-yə deyib ki, onun bu məsələdən xəbəri yoxdur: “Bu cür məsələlərlə prokurorluq məşğul olur”.
Baş Prokurorluğun mətbuat xidmətindən də münasibət öyrənmək mümkün olmayıb.