Nazirlik: Baku Shopping Festivalında 6 milyon 313 min manatlıq alış-veriş edilib

”Festival ölkəyə valyuta gətirmək əvəzinə, valyuta çıxartmağa xidmət edir”

Source:


”Festival ölkəyə valyuta gətirmək əvəzinə, valyuta çıxartmağa xidmət edir”

Vergilər Nazirliyi 10-23 aprel tarixlərində keçirilən Baku Shopping Festivalla bağlı məlumat yayıb.

Məlumata görə, əcnəbilərə ƏDV-nin qaytarılması məqsədilə ümumi məbləği 1 milyon 211,1 manat olan 954 elektron vergi hesab fakturası verilib.

“Ticarət festivalı çərçivəsində alınmış mallara görə 172 obyektdə 8358 elektron vergi hesab fakturası tərtib edilib. Onlardan 7902-si Vergilər Nazirliyinin ƏDV köşklərində təsdiqlənib. Təsdiqlənmiş hesab fakturaların 505-i əcnəbilər tərəfindən təqdim olunub”.

Xəbərə görə, 7,9 min hesab üzrə ümumi dövriyyə məbləği 6 milyon 313,2 min manat olub:

“Müştərilərə 595 min manat nağd pul qaytarılıb. Bu dövrdə əcnəbilərə “TaxFree” sistemindən istifadə imkanı yaradılıb. 449 əcnəbi vergisiz sistemdən istifadə edib. Onlar 830 min manatlıq alış-veriş edib”, – deyə nazirlik bildirib.

Əbülfəz Qarayev

Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev aprelin 10-da Shopping Festivalın açılışında jurnalistlərə demişdi ki, dünya təcrübəsində ilk dəfə olaraq “tax free”nin qaytarılması xarici turistlərlə yanaşı, Azərbaycan vətəndaşlarına şamil olunacaq. Bu isə nəinki turizmin, ümumiyyətlə ticarətin stimullaşdırılması istiqamətində atılan addımdır:

“İlk dəfə keçirilən festival müəyyən sınaq müddəti tələb edir”.

İldə iki dəfə Shopping Festivalı keçirməyi nəzərdə tutduqlarını deyən nazir ehtimal etmişdi ki, 10-23 aprel ticarət festivalı çərçivəsində büdcəyə 50 milyon manata qədər vəsait daxil olacaq:

“Hesab edirəm ki, bu gözəl bir fürsətdir. Amma bunu peşəkarlıqla, həssaslıqla və diqqətlə yerinə yetirmək lazımdır”.

ReAL İdarə Heyətinin üzvü, iqtisadçı Natiq Cəfərli Baku Shopping Festivalının başlanmasından 15 günə yaxın vaxt keçdiyini xatırladaraq bildirib ki, bundan sonrakı dövrdə də 7 milyon manat olması ehtimal olunduqda, maksimum 15 milyon manatlıq ticarət dövriyyəsinin artması gözlənilir.

““TaxFree” olaraq vergi şəklində büdcəyə daxilolmalar minimum səviyyədə olacaq. Əslində turistlərin cəlb olunması vasitəsilə əlavə xərcləmələr hesabına büdcəyə gəlir gəlməsi gözlənilirdi. Turist sayının çox az olduğunu nəzərə alsaq, “TaxFree” xidmətindən 90 faiz yerli əhali istifadə edib. Bu, nonsensdir. Çünki “TaxFree” dünya praktikasında məhz əcnəbilərin vergilərini qaytarmaq üçün yaradılan prosedurdur. Məqsəd əcnəbilərin ödədiyi verginin onlara xərclənmədiyinə görə geri qaytarılmasıdır. Azərbaycanda ilk dəfəydi bu praktikadan istifadə olunurdu”.

Natiq Cəfərli

Natiq Cəfərli deyib ki, festivalda satılan malların böyük əksəriyyəti  xaricdə istehsal olunub. 1 aylıq dövrdə 15 milyon manatlıq ticarət dövriyyəsi yaranacaq, bunun yarıdan çoxu yenidən dollara çevrilib, ölkədən çıxacaq:

“Çünki həmin məhsullar valyutayla alınıb. Deməli, Baku Shopping Festivalı ölkəyə valyuta gətirmək əvəzinə, valyuta çıxartmağa xidmət edir. Türkiyə kimi ölkələrdə shopping festivallar ona görə keçirilir ki, satışa çıxarılan məhsulların 80-85 faizi yerli olur. Bu, turizm cəlb olunmasıyla bərabər yerli istehsalçıya, ticarət şəbəkələrinə dəstək üçündür”.

Ana səhifəXəbərlərNazirlik: Baku Shopping Festivalında 6 milyon 313 min manatlıq alış-veriş edilib