Mənbə: Meydan Tv

Nazirlik: 565 minə yaxın uşaq müavinət alır

İqtisadçı: “Azərbaycanda 4 min manat aylıq gəliri olan üçün 100 manat uşaq pulu ciddi rəqəm hesab olunmaya bilər”

“Azərbaycanda 565 minə yaxın uşaq sosial təminat növləri ilə əhatə olunub”.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatında belə deyilir. Bildirilir ki, ailə başçısını itirməyə görə aylıq sosial müavinət və ya əmək pensiyası ödənilənlərin 166 min nəfəri, ünvanlı dövlət sosial yardımı ilə təmin olunan ailələrdəki ailə üzvlərinin (65 min ailə, 270 min ailə üzvü) 140 minə qədəri uşaqlardır:

“Həmçinin yeni doğulan uşaqlara görə də ailələrə birdəfəlik müavinət verilir. Ötən il bu müavinət 130 minə yaxın uşağa verilib”.

Nazirlik bildirir ki, o cümlədən, şəhid ailələrinin, əlilliyi olanların, yaxud vəfat etmiş valideynlərin, müddətli həqiqi hərbi xidmət qulluqçularının, həmçinin beşdən çox uşağı olan qadınların, aztəminatlı ailələrin 92.8 min uşağına da aylıq sosial müavinət verilir:

“İl ərzində 35 minə yaxın 3 yaşadək uşağa qulluğa görə onların sığortaolunan valideynlərindən birinə müavinət ödənilir. İl ərzində Azərbaycanda 565 minədək uşaq birbaşa və müxtəlif sosial proqramlar vasitəsilə maddi formada dəstəklə əhatə olunur”.

Məlumatda bildirilir ki, bu il uşaqlara yönələn sosial ödənişlər də ciddi şəkildə artırılıb:

“Sağlamlıq imkanları məhdud 18 yaşadək uşaqlar üçün sosial ödənişin məbləği 82 manatdan 200 manata, beşdən çox uşağı olan qadınların hər uşağına görə müavinət 33 manatdan 55 manata qaldırılıb. Müddətli həqiqi hərbi xidmət qulluqçularının uşaqları üçün hər uşağa görə müavinət 68 manatdan 100 manata yüksəlib. Yeni doğulan uşaqlara görə birdəfəlik müavinət də artırılıb. 109 manatdan 200 manata çatdırılıb”.

Son günlər ekspertlər, məmurlar və sosial şəbəkələrdəki insanlar tərəfindən uşaq pulunun bərpası məsələləri müzakirə edilir. Kimi müavinətin bərpasının vacibliyini, kimi isə buna gərək olmadığını söyləyir.

Vüqar Bayramov

Vüqar Bayramov

Mənbə: Meydan Tv

İqtisadçı Vüqar Bayramov deyir ki, rəsmi açıqlamalarda daha çox sosial qayğısı olanlara birbaşa ödənişin həyata keçirilməsi vacib hesab olunur:

“Biz bu sahədə fərqli ölkələrin təcrübəsini öyrənmişik. Azərbaycanda İtaliya modelinin tətbiqini məqəsədəuyğun hesab edirik. Belə ki, bəzi ölkələrdə uşaq pulunun məbləği ailənin gəlirlik səviyyəsinə uyğunlaşdırılır. Məsələn, İtaliyada illik gəliri 11 422 avroyadək olan ailələrə hər uşağa görə ayda 250 avo ödənilir. Ailənin gəliri artdıqca uşaq pulu məbləği dəyişir”.

İqtisadçı deyir ki, İtaliyada qanunla müəyyənləşdirilmiş həddən az gəliri olanlara uşaq pulu verilir ki, bu da onların sosial təminatının gücləndirilməsi baxımdan vacibdir:

“Azərbaycanda 4 min manat aylıq gəliri olan üçün 100 manat uşaq pulu ciddi rəqəm hesab olunmaya bilər. Amma 400 manat qazanan ailə üçün bu, əhəmiyyətli dəstəkdir. Yəni, imkanlı ailənin uşaq puluna ciddi ehtiyacının olmaması gəliri az olanların bu imkandan faydalanmasına əngəl olmamalıdır. Bu baxımdan, İtaliya modelində olduğu üçün gəliri az olan ailələrin uşaqların sayına görə uşaq pulu alması daha məqsədəuyğn hesab oluna bilər”.

Vüqar Bayramov deyir ki, bunun üçün Azərbaycanda gəlirlərin deklarasiya haqqında qanunun qəbul edilməsinə ehtiyac var. Beləcə kimin varlı, kimin kasıb olduğunu müəyyənləşdirmək olacaq:

“Bununla da dövlət qulluqçularından tutmuş, sadə insanlara qədər hamı gəlirini bəyan edəcək. Nəticədə həm də şəffaflıq güclənəcək. Bu da çox vacibdir. Bu prosesdən sonra sosial qayğıya və ya uşaq pulunu ehtiyacı olan ailələr müəyyənləşəcək”.

İqtisadçı əlavə edir ki, prosesin ikinci mərhələsində az gəliri olan ailələrə uşaqların sayına uyğun birbaşa ödənişlər həyata keçirilməsi mümkün olar:

“Bu, həmin ailələrin sosial müdafiəsinin gücləndirilməsi baxımdan vacibdir. Bu baxımdan, uşaq pulunun bərpasında İtaliya modelinin tətbiq edilməsi həm ailələrin gəlirlərinin müəyyənləşdirilməsinə, həm də gəliri az olan ailələrin uşaq pulundan faydalanmasına imkan verəcək. Mexanizm ünvanlı sosial yardım ilə eyni deyil və birbaşa uşaq sayına hesablanmış modeldir. İlkin qiymətləndirməmizə görə, bu modelin tətbiq edilməsi ildə 800 milyon manata yaxın xərc tələb edəcək. Bu büdcə üçün ciddi maliyyə yükü yaratmamaqla istehlak bazarında qiymət tarazlığını da pozmayacaq”.

Uşaq pulunun bərpa edilib, edilməməsi məsələsini bəzi deputat və məmurlar da müzakirə edib, müxtəlif fikirlər səsləndiriblər. Onlardan da bəziləri uşaq pulu verilməsinin vacibliyindən, bəziləri isə bunun gərəksizliyindən danışıb. Məsələn, Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasınının (YAP) icra katibi Əli Əhmədov Azərbaycanda uşaqlara verilən aylıq müavinətlərin ("uşaq pulu") bərpasının vacib olduğunu söyləmişdi. Ancaq deputat Siyavuş Novruzov isə əksini bəyan etmişdi. Demişdi ki, uşaq pulunu o ölkələrdə verirlər ki, orada uşaq dünyaya gəlmir.

Əli Əhmədov jurnalistlərə açıqlamasında bu məsələyə ciddi şəkildə yanaşılmalı olduğunu söyləmişdi:

“Dövlətin mühüm vəzifəsindən biri aztəminatlı ailələrə dəstəkdir. Onlara yardım göstərilməsi müxtəlif formalarla həyata keçirilir. Bura ünvanlı sosial yardımın, eləcə də müxtəlif müavinətlərin verilməsi aiddir. “Uşaq pul”ları da bunlardan biri kimi tətbiq edilə bilər. Şəxsi fikrimdir ki, biz buna bir az daha ciddi şəkildə və eyni zamanda, ailələrin yaşayış, həyat səviyyəsini nəzərə almaqla yanaşsaq, düzgün olar”.

2006-cı ildən Azərbaycanda uşaqlara aylıq müvinətlərin (uşaq pulu) verilməsi dayandırılıb. 2019-cu ildə isə bu məsələ yenidən gündəmə gəlib. Bəzi ekspert və deputatlar onun bərpasını düzgün sayır. Bununla bağlı müxtəlif təkliflər səsləndirirlər. Azərbaycanın bəzi müxalifət qüvvələri isə bunu hökmətdən tələbləri sırasına daxil edib.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/irsuxc

Ən çox baxılan