“Nazirlik hesabatına adlı siyahı da əlavə etsəydi, yaxşı olardı”
2017-ci ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən 461 nəfər əlilliyi olan şəxs münasib işlərlə təmin edilib.
Bu barədə APA-ya Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildirilib.
Məlumata görə, onlardan bir hissəsinin Nazirlər Kabinetinin “Sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən vətəndaşlar üçün kvota tətbiq edilməsi Qaydası” əsasında müəssisələrdə kvota üzrə ayrılmış iş yerlərində işlə təminatı həyata
keçirilib
.
Həmçinin ödənişli ictimai işlərə cəlb olunan vətəndaşlardan 45 nəfərini əlilliyi olan şəxslər təşkil edib:
“Özünüməşğulluq proqramının icrası çərçivəsində ötən il 1 172 nəfər işsiz və işaxtaran şəxsə aktivlər (mal və materiallar) verilməklə kiçik ailə təsərrüfatları yaradılıb ki, onlardan 60 nəfəri əlilliyi olan şəxslərdən ibarət olub. Son bir ildə nazirliyin xətti ilə 432 nəfər əlilliyi olan şəxs peşə hazırlığına cəlb olunub. Həmin şəxslərdən 82 nəfəri üçün xidmət tərəfindən əmək bazarında tələb olunan peşələr üzrə peşə hazırlığı və əlavə təhsil kursları təşkil edilib”.
Məlumatda deyilir ki, digər 350 nəfərin isə nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Sağlamlıq imkanları məhdud gənclərin Peşə Reabilitasiya Mərkəzində peşə hazırlığı həyata keçirilib:
“Ölkəmizin müxtəlif bölgələrindən mərkəzə peşə hazırlığına qəbul olunmuş gənclər burada peşə təlimində olduqları müddətdə dövlət hesabına yataqxana, yemək, tibbi-fizioterapevtik xidmət və s. ilə də təmin olunublar. Həmçinin mərkəz tərəfindən onlar cəmiyyətə fəal şəkildə inteqrasiya olunmalarına yönələn müxtəlif reabilitasiya tədbirlərinə cəlb ediliblər. Burada kursları başa çatdıranlara peşə sertifikatları verilib, yeni yiyələndikləri peşələr üzrə məşğulluqlarının təmin olunması üçün müvafiq işlər görülüb”.
Meydan TV nazirliyin açıqladığı rəqəmin nə dərəcədə real olmasını yoxlamaq üçün əlilliyi olan şəxslər arasında sorğu keçirib. Əlilliyi olan Rafael Quliyev deyib ki, yaxın ətrafında işlə təmin olunan birisini tanımır:
“Nazirlik hesabatına adlı siyahı da əlavə etsəydi, yaxşı olardı. Obyektivlik qorunsun deyə bu gün buna böyük ehtiyac var. Biz bilək də işlə təmin olunanlar kimlərdir”.
Səda Əliyeva (soyad şərtidir) isə bildirib ki, ötən il işlə təmin olunmaq üçün məşğulluq idarəsinə baş vurub. İdarədən ona uyğun işlərinin olmadığını söyləyiblər:
“Əlavə olaraq da qeyd etdilər ki, ümumiyyətlə bizdə sizə uyğun vakansiya olmur. Səbəb axsamağımdır”.
İlham İsmayılov isə bildirir ki, gərək əlilliyə görə aldığı təqaüdünü 1-2 il yığıb işə düzələ:
“Pulsuz heç kimi işə götürmürlər. Bəlkə də bizi kütbeyin hesab edirlər ki, ayaqlarını itiriblər. Başımızı da itirsək veclərinə deyil. Bu gün ayağı olan insanlar iş tapa bilmir, qaldı, əlilliyi olan birini işlə təmin edələr”.
Kamal Aydəmirov açıqlanan rəqəmlərin həqiqətə uyğun olduğuna inanmır. Deyir, 1-ci qrup əlilliyi olan insanlara iş vermirlər ki, yararsızdır, 2-ci qruplara isə min bir bəhanə gətirirlər:
“Bizi qabiliyyətisiz, yararsız hesab edirlər. 1-ci qrup əlilliyi olanları ümumiyyətlə yararsız sayılırlar. İndi 2-ci qrup əlilli olanları da bu qrupa daxil etmək istəyirlər. Bunlar hansı işlə təminatdan danışırlar, anlamadım”.
Sevda Səfərəliyeva isə əksini düşünür, deyir, nazirlik bu boyda siyahı açıqlayıb. Belə böyük yalan danışmaz:
“Dəqiq nəsə demək çətin olar. Çünki əsasən 2-ci və 3-cü qrup əlilliyi olan şəxs işlə təmin edilir. Yəni bu halda düşünürəm ki, onlar bu səviyyədə yalan danışmazlar. Amma hansı qrupların işlə təmin edilməsini göründüyü kimi açıqlamırlar”.
Zaur Hacılı isə açıqlanan rəqəmlərə inanmır. Onun fikrincə açıqlanan məlumat şişirdilib:
“Əgər məşğulluğun təmin olunması məsələsini götürsək, deyə bilərik ki, Bəli, Ramanada da belə bir yer var. Hətta kompüter bilikləri də verir. Ancaq ora gedən uşaqların 90 faizi “peşəyə yiyələnib” sertifikatını alsalar da, özlərinə adicə bir e-mail açmaq nədir, onu belə bilmirlər. Ola bilsin toxumaçılığı, oymaçılığı öyrənirlər, hara qədər nəsə toxuyub satacaqlar? Müasir texnologiya dövründə yaşayırıq. Kompüter kurslarını gücləndirməlidirlər. Yoxsa, başdangetdi məlumatlar verməklə olmaz bu işlər. Ramanadakı mərkəz vaxt keçirmək üçün təşkil olunmuş bir yerdir”.
Zaur Hacılı deyir ki, belə mərkəzlərin sadəcə bir xeyri var. O da ki, əlaqələr, dostluqlar qurmaq üçün:
“Bizdə əlilliyi olan insanlar evlərə məhkumdur. Ancaq belə mərkəzlərə gələndə ürəkləri açıqlır, evdən çıxırlar, dostlar qazanırlar, əlaqələr qururlar, hətta ailə quranlar da olub və s. Amma peşə məsələsinə gələndə, reallığı əks etdirmir. Elə işlə təmin olunma ilə bağlı dediklərinə də inanmıram. Olsa-olsa 100 nəfəri güclə işlə təmin etmiş olarlar. Ondan artığı real deyil”.