Ekspertlər Rusiyanın prosesə təsir imkanlarından da danışıblar
Mayın 4-də başa çatan Azəbaycan və Ermənistan xarici işlər nazirlərinin Vaşinqton görüşü rəsmi dairələrdə irəliləyiş kimi qiymətləndirilir.
Dünən ABŞ-ın dövlət katibi Entoni Blinken brifinqdə Azərbaycan və Ermənistanın davamlı sülh sazişi istiqamətində nəzərə çarpacaq irəliləyiş əldə etdiyini bildirib:
“Son bir neçə gün ərzində hər iki tərəf bir sıra çox mürəkkəb məsələni müzakirə edib və davamlı sülh sazişinin əldə edilməsi istiqamətində nəzərəçarpacaq irəliləyiş əldə edib”.
Ancaq yerli ekspertlər fərqli yanaşma sərgiləyirlər.
“İndiki mərhələdə Azərbaycan hakimiyyət ermənilərin buraxdığı səhvləri təkrar etməməlidir”
Siyasi şərhçi Rauf Mirqədirov Vaşinqtonda 4 gün davam edən danışıqların nəticələri barədə konkret münasibət bildirməyin çətin olduğunu deyir:
“Çünki sülh sazişi bütövlükdə bir çox məsələni özündə ehtiva edir: ərazi bütövlüyünün tanınması, diplomatik münasibətlərin qurulması, delimitasiya, demarkasiya proseslərinin başlanması, sərhədlərin açılması və s. Ancaq Azərbaycan-Ermənistan münasibətlərində isə Dağlıq Qarabağdakı erməni icmasının taleyi öz əksini tapmalıdır. Danışıqlarda ən çətin məsələ bu mərhələdir”.
“Bu, Ermənistan hakimiyyəti üçün də kifayət qədər çətindir. Baş nazir Paşinyan da Çexiyada dünən Bakını Qarabağda etnik təmizləmədə və Ermənistanın ərazi bütövlüyünü tanımamaqda ittiham etdi. O, əvvəlki çıxışlarında Azərbaycan qaçqınlarının yerlərinə qayıtmasını Ermənistana növbəti təcavüz kimi qiymətləndirmişdi. Məsələ ondadır ki, sonuncu məsələ sülh sazişində əksini taparsa, Ermənistanda böyük çaxnaşmaya səbəb olar, Nikol Paşinyanı da bu narahat edir”, – deyə o bildirib.
“Kreml tərəflərə “qulaqburması” vermək niyyətindədir”
Yaxın vaxtlarda sülh sazişinin imzalanmasını istisna etməyən Mirqədirov deyib ki, bunun üçün bir neçə şərtin gerçəkləşməsinə ehtiyac var:
“Birincisi, Azərbaycan və Ermənistan rəhbərlərinin siyasətindən asılıdır. Son 30 ildə elə dövrlər olub ki, Bakı Qarabağdakı ermənilərə ən böyük səlahiyyətlər verməyə hazır olub. Təəssüf ki, Ermənistan müstəqillik tələb edirdi, amma nəticədə daha yaxşı şərtlərlə sülh sazişinin imzalanması şansını itirdilər. İndi vəziyyət əksinədir, Bakı maksimum üstün şərtlərlə sazişin imzalanmasına çalışır, Yerevan isə ən azı nəyisə əldə saxlamaq istəyir. İndiki mərhələdə Azərbaycan hakimiyyəti ermənilərin buraxdığı səhvləri təkrar etməməlidir. Yəni hər şeyi istəmək, əldə etmək olar, ancaq geosiyasi gedişatda elə situasiya yaranar ki, bu gün ala biləcəyindən az şey alarsan”.
“İkinci vacib şərt Ukrayna müharibəsidir. Əgər Ukraynanın hücum əməliyyatı uğurla nəticələnərsə, sazişin imzalanması çox gerçək olacaq. Nəhayət, danışıqlara Türkiyədəki 14 may seçkiləri də təsir edə bilər. Təəssüf ki, proses çox pis ssenaridə gedir, hətta daxili işlər naziri Soylu 11 mayda çevriliş cəhdinin olacağından danışır. Türkiyədə seçkilərdə kimin qalıb gəlməsindən daha çox ölkənin bir müddət qeyri-müəyyənlik xaos atmosferinə sürüklənməsi Azərbaycan üçün təhdidlər və təhlükələr yaradar”.
Rauf Mirqədirov hesab edir ki, yaxınlarda Moskvada iki ölkənin xarici işlər nazirlərinin görüşü gözlənilir:
“Əsas məqsəd onlara kənardakı hər hansı danışıqların qeyri-produktiv olduğunu çatdırmaqdır. Əslində, Kreml bununla tərəflərə “qulaqburması” vermək niyyətindədir”.
“Nə qədər ki ruslar Qarabağdadır, Kremlin Əliyevə və Paşinyana təzyiq imkanı var”
Siyasətçi Azər Qasımlı isə düşünür ki, Vaşinqton görüşünün əsas strategiyası Azərbaycanla Ermənistanın münasibətlərini maksimal dərəcədə yaxınlaşdırmaqdır:
“Bakı və Yerevanın da aşağı-yuxarı məqsədi eynidir. Birincisi, əgər münasibətlərdə yaxınlaşma varsa, Ermənistan üçün gərginlik olmayacaq. Azərbaycana gəlincə, Ukrayna müharibəsində Rusiya geri çəkilsə, İlham Əliyev daha konstruktiv mövqe ortaya qoyacaq”.
Qasımlının fikrincə, nə qədər ki ruslar Qarabağdadır, Kremlin Əliyevə və Paşinyana təzyiq imkanı var:
“İndiki situasiyada sülh sazişinin imzalanması, diplomatik əlaqələrin qurulması, kommunikasıyaların açılması inandırıcı deyil. Dəyişikliklər yalnız o ola bilər ki, Ermənistan Qarabağdakı erməni icmasının tələblərinə bağlı irəli sürdüyü məsələlərdən bir qədər geri çəkilsin”.
O hesab edir ki, Rusiyanın reaksiyası məlumdur:
“Dmitri Peskov bir həftə əvvəl demişdi ki, 2020-ci ilin 10 noyabr bəyanatının xaricində problemin həllini görmürlər. Bu mənada Kremlin reaksiyası ənənəvi olacaq, hər iki tərəfi Moskvaya, yaxud Soçiyə dəvət edib danışacaqlar. Ardınca da tərəflər Vaşinqtondakı danışıqlardan 180 dərəcə fərqli bəyanatlar səsləndirəcəklər”.
“Rusiya artıq reallıqla barışıb…”
Politoloq Fərhad Məmmədov hesab edir ki, əgər Blinken irəliləyişin olmadığını söyləsəydi, o zaman ABŞ-ın vasitəsiylə keçirilən görüşün nəticəsiz olduğu ortaya çıxardı:
“Ona görə məcbur olub həmin ifadəni səsləndirdilər. Bəli, hər iki ölkənin xarici işlər nazirlikləri eyni vaxtda və eyni məzmunda məlumat yaydılar. Bu da o deməkdir ki, ABŞ qarşılıqlı ittihamların olmamasını xahiş edib”.
Fərhad Məmmədov diqqəti Əliyevin Şuşada, Paşinyanın isə Praqadakı bəyanatlarına yönəldib:
“Bu çıxışlarda hansı məsələlərdə problemlərin yaşandığını söyləmək olar. Paşinyanın açıqlamasından belə çıxır ki, Azərbaycan anklav məsələsində prinsipiallıq nümayiş etdirir. Bakı həmçinin qarant ölkələr institutunun olmamasının tərəfdarıdır və Qarabağ erməniləri ilə bağlı məsələlərdə hər hansı beynəlxalq iştirakı inkar edir. Azərbaycan Prezidentinin Şuşadakı çıxışını təhlil etsək, görərik ki, Bakı Qarabağ ermənilərinin hüquq və təhlükəsizliklərini hər hansı mücərrəd formada deyil, ölkənin üzv olduğu beynəlxalq konvensiyalara uyğun həyata keçirilməsi istiqamətində fikrini formalaşdırıb. ABŞ-da da qeyri-rəsmi şəkildə etnik azlıqlarla bağlı fikirlər oldu. Amma ermənilərin Azərbaycanda yaşadığını, Ermənistanda isə azərbaycanlıların olmadığını nəzərə almalıyıq”.
O, Vaşinqton görüşünün vaxt məhdudiyyəti olmadan üz-üzə keçirilməsini müsbət sayır:
“Bu, Bakının çoxdankı tələbi idi. Həm də konkret aydın oldu ki, hansı məsələlərdə yanaşmalar üst-üstə düşür, hansında prinsipial fikir ayrılığı var”.
Politoloqun “Rusiyanın reaksiyasının necə olacaq?” sualına cavabı belə olub:
“Praqada ərazi bütövlüyü məsələsi hər iki ölkə tərəfindən razılaşdırıldı. 2 həftədən sonra Rusiya Soçidə bu reallığı qəbul etməyə məcbur oldu. Düşünürəm ki, həmin təcrübədən istifadə etmək mümkün olacaq. Azərbaycan və Ermənistan hər hansı məsələdə ortaq fikrə gəlirsə, üçüncü tərəf, Rusiya, Avropa, ABŞ və ya İran, bunu qəbul etmək məcburiyyətindədir. Rusiyanın mövqeyi hazırda sülh sazişinin müzakirə edilməməsindən ibarət idi. Amma Azərbaycan diplomatiyası 2 ildə öz istəklərinə faktiki nail olub. O mənada ki saziş mövzusu aktuallaşıb və sərhəd, humanitar, kommunikasiyaların açılması da ondan asılı vəziyyətə gəlib”.
“İkinci məqam odur ki, Rusiya və ABŞ-ın vasitəçilik platformalarında Bakının təklif etdiyi 5 prinsipin müzakirəsi gedir. İndi də elə vaxt gəlib çatıb ki, Laçın yolundakı nəzarət-buraxılış məntəqəsi də bunun bariz nümunəsidir. Rusiya artıq formalaşan reallıqla barışaraq öz maraqlarını təmin etmək üçün hər hansı təklifləri irəli sürə bilər”,-deyə Məmmədov fikrini tamamlayıb.
Münaqişənin qısa xronikası
2020-ci ilin sentyabrında Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında qarşıdurma başlayıb.
Ümumilikdə 44 gün sürən və İkinci Qarabağ müharibəsi adlandırılan münaqişədə hər iki tərəfdən 6 mindən artıq hərbçi həlak olub.
Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.
Həmin ilin 10 noyabr bəyanatına (Azərbaycan, Ermənistan və Rusiya arasında imzalanıb) əsasən, döyüşlər dayandırılıb.
Bundan sonra Laçın dəhlizində və Qarabağda Rusiya sülhməramlıları yerləşdirilib.
İkinci Qarabağ müharibəsindən öncə, 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilib.
Münaqişə SSRİ dönəmindən Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları ilə başlayıb.