“Nazirlərin görüşünün ciddi nəticəsi yoxdur”

“Ən azı nazirin dedikləri ciddi qəbul oluna bilməz”.

Source: Specify Source


Rauf Mirqədirov: “Azərbaycan Rusiyayla açıq qarşıdurmaya getmək iqtidarında deyil”

Son iki gün Rusiya Müdafiə naziri Sergey Şoyqunun Bakı, Azərbaycan Xarici işlər naziri Ceyhun Bayramovun isə Moskva səfərləriylə yadda qalıb.

Azərbaycan Müdafiə Nazirliyinin nazirlərin görüşü barədə yaydığı məlumatda Sergey Şoyqunun Rusiyadan Ermənistana təyyarələr vasitəsilə silahların daşınması məsələsinə toxunduğu bildirilib. Rusiyalı nazir qeyd edib ki, bu daşınmalar Ermənistana silah və hərbi texnikanın, həmçinin digər hərbi əmlakın tədarükü üçün deyil. Rusiyanın bu ölkədəki 102-ci hərbi bazasında genişmiqyaslı tikinti işlərinin aparılması üçün nəzərdə tutulan tikinti materiallarının çatdırılması və həmin bazada xidmət edən çağırışçıların rotasiyası məqsədilə həyata keçirilib.

Moskvada xarici işlər nazirlərinin görüşündə isə Sergey Lavrov deyib ki, o, həmkarıyla Ermənistan-Azərbaycan münaqişəsi və dinc nizamlanma üzrə nəticələrə nail olmaq üçün atmosfer yaradılmasının vacibliyi barədə ətraflı danışıblar.

Cavab sözündə Ceyhun Bayramov deyib ki, Bakı ATƏT-in Minsk Qrupunun həmsədrlərindən biri kimi Rusiyaya ayrıca ümid bəsləyir:

“Ermənistan Azərbaycan ərazilərinin 20 faizini işğalda saxlayaraq dinc əhalini oradan qovmaqla beynəlxalq hüququ pozmaqda davam edir. İyulun 12-16-da Ermənistanla sərhəddə gedən döyüşlər Azərbaycanın nəqliyyat infrastrukturunu təhlükə altına salmaq məqsədilə təxribat idi”.

Azərbaycanlı nazir deyib ki, beynəlxalq birlik nizamlanmaya dair məzmunlu danışıqların davam etdirilməsi və BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrinin həyata keçirilməsi, Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi üçün Ermənistana təsir göstərməlidir.

“Nizamlanma ilə bağlı hansı addımlar atılır və gözlənilir” sualının cavabında C.Bayramov qeyd edib ki, danışıqlar “imitasiya” olmalı deyil, konkret məqsədlərə nail olmağa xidmət etməlidir.

S.Lavrov isə deyib ki, tərəflər danışıqlar illəri ərzində nizamlanmaya bir sıra sənədlər işləyib hazırlayıblar ki, bunlarda kompleks yanaşma təsbit edilib:

“Bütün bəndlərlə bağlı razılıq yoxdur. Danışıqları aparanların tərkibini dəyişmək cəhdləri olub ki, bu da qəbuledilməzdir”.

Amma S.Lavrov “BMT Təhlükəsizlik Şurasının qətnamələri də daxil olmaqla, beynəlxalq birliyin işləyib hazırladığı qərarların əldə rəhbər tutulması ilə razıyam”,-deyə söyləyib.

Hər iki ölkənin müdafiə və xarici işlər nazirlərin görüşlərini Meydan TV-yə şərh edən siyasi icmalçı Rauf Mirqədirovun danışıqlardan ciddi gözləntisi yoxdur. Rauf Mirqədirov “Azərtac”ın Vladimir Putinlə İlham Əliyevin telefon danışıqları haqda məlumatını xatırladaraq bildirib ki, iki dövlət münasibətlərində bir qədər gərginlik olmuşdu:

01__4_.jpg
S.Şoyqu İ.Əliyevlə görüşdə

“Həmin danışıqlarda Rusiyanın Ermənistana silah daşınması əsas müzakirə mövzusu idi və Azərbaycan tərəfindən ilk açıq narazılıq idi. Amma gərginlik yalnız silah yox, başqa məsələlərlə bağlıydı. Gərginliyin aradan qaldırılması istiqamətində müəyyən addımların atılması kifayət qədər məntiqliydi. Yəni Azərbaycan Rusiyayla açıq qarşıdurmaya getmək iqtidarında deyil, amma münasibətlərin normal məcraya yönəlməsi üçün addımların atılmasını gözləmək olardı. Və yeni Xarici işlər nazirinin təyini və onun ikinci səfərinin Rusiyaya olması vacib sayılıb. Xarici işlər nazirlərinin görüşündə Lavrovun münaqişənin BMT Təhlükəsizlik Şurasının qətnaməsi əsasında həllinə tərəfdar olması və həm də ATƏT-in Minsk qrupu həmsədrlərinin hazırladığı planı da əlavə etməsi diqqətdən yayınmamalıdır. Xüsusilə ATƏN-nin Minsk Qrupunu xatırlatması Kremlin mövqeyidir. Ceyhun Bayramov isə Moskvaya müəyyən ümidlər bəslədiyini bəyan edib”.

Ancaq Rauf Mirqədirov Sergey Şoyqunun Bakıda səsləndirdiyi bəyanatı gülməli adlandırıb:

Jurnalist mühacir Rauf Mirqədirov
Rauf Mirqədirov

“Ən azı nazirin dedikləri ciddi qəbul oluna bilməz. Məsələn, təyyarələrlə hərbi avadanlıq, texnika yox, tikinti materiallarının daşınması haqqında dedikləri gülməlidir. Rusiyanın hava məkanıyla Ermənistana tikinti materialları aparması ciddi qəbul edilə bilməz. Çünki Ermənistan qonşu ölkələrdən, konkret olaraq, İrandan və Gürcüstandan tikinti materialları gətirə bilər. Görünür, Şoyqu Azərbaycan tərəfinin qəbul edəcəyi səbəbi səsləndirib. Eyni zamanda, nazir Şoyqunun “Rusiya heç zaman Azərbaycanın əleyhinə fəaliyyət göstərmir” bəyanatı heç bir çərçivəyə sığmır. Adi bir misal, Rusiya ilə Ermənistanın ikitərəfli hərbi yardım, xarici təhlükələrdən qorunmaq öhdəlikləri var, bunun özü Azərbaycanın əleyhinədir. İkinci, Rusiya Ermənistana hərtərəfli hərbi yardımı təmin edən yeganə xarici dövlətdir. Həm də bu təminatı ya əvəz edilmədən, yaxud uzunmüddətli kreditlər ayırmaqla ödəyir. Kreditlərin çoxu da sonradan qaytarılmır. Belə olanda, Azərbaycan ərazisini işğal edən bir dövləti silahlandıran ölkənin Müdafiə nazirinin bəyan etməsi ki, onlar Azərbaycanın maraqlarına qarşı heç bir addım atmırlar, ən azı yalan və gülüncdür. Moskva bu cür bəyanatlarıyla Bakını axmaq yerinə qoymaq istəyir”.

Dağlıq Qarabağ münaqişəsinin müasir mərhələsi 1988-ci ildə Ermənistan SSR-in Azərbaycan SSR-ə qarşı ərazi iddiaları əsasında başlayıb. 1991-1994-cü illərdə Azərbaycanın Dağlıq Qarabağ ərazisi uğrunda Ermənistanla Azərbaycan arasında müharibə baş verib. Nəticədə Azərbaycan ərazilərinin 20 faizi – Dağlıq Qarabağ və ətraf 7 inzibati rayon (Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan) Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub, 1 milyondan artıq insan qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Hərbi əməliyyatlar 1994-cü ilin may ayında Bişkekdə Azərbaycan və Ermənistan arasında imzalanmış atəşkəs sazişi ilə başa çatıb.

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə ATƏT-in Minsk Qrupu və Rusiya, ABŞ, Fransadan ibarət həmsədrləri məşğul olur. Danışıqlar Azərbaycan və Ermənistan arasında aparılır.

Ana səhifəSiyasət“Nazirlərin görüşünün ciddi nəticəsi yoxdur”