Nazirlər Kabineti: Yalnız COVİD-19 pasportu olan şəxslər məscidlərə buraxılacaq

“İbadət yerlərinə daxil olan şəxslərin COVID-19 pasportu və temperaturu yoxlanılmalı, bədən temperaturu norma daxilində olan və COVİD-19 pasportuna malik olan şəxslər içəri buraxılmalıdır”

Source: АПА


"Azyaşlı uşaqların ibadət yerlərinə gətirilməsinə yol verilməməlidir"

Məscidlərdə yalnız COVID-19 pasportuna (peyvənd vurulmasına dair və ya immunitet sertifikatına) malik olan şəxslərin ibadət yerlərində dini ayinlərin icrasında iştirakına icazə veriləcək.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahın məsciddə və digər ibadət yerlərində riayət olunmalı qaydalarında qeyd edilib.

Məlumatı “Azərtac” yayıb.

Bildirilib ki, məscid və digər ibadət yerlərinə gələn şəxslər mütləq COVID-19 pasportunu (peyvənd vurulmasına dair və ya immunitet sertifikatını) təqdim etməli, tibbi maska taxmalı, antiseptik məhluldan istifadə etməli, əl ilə görüşməməlidirlər: “İbadət yerlərinə daxil olan şəxslərin COVID-19 pasportu və temperaturu yoxlanılmalı, bədən temperaturu norma daxilində olan və COVİD-19 pasportuna malik olan şəxslər içəri buraxılmalıdır”.

Eyni zamanda, xatırlanır ki, Nazirlər Kabinetinin 26 may tarixli, 151 nömrəli Qərarının 2.2.1-ci yarımbəndinə uyğun olaraq dini ibadətlər dini ibadət yerlərinin (eyni vaxtda ibadət üçün nəzərdə tutulan yerlərin 50 faizindən – ümumi olaraq 50 nəfərdən çox olmamaq şərtilə) təşkil edilməlidir: “Azyaşlı (14 yaşdan yuxarı olmayan) uşaqların ibadət yerlərinə gətirilməsinə yol verilməməlidir. İnfeksiyasının yayılmasının qarşısının alınması məqsədilə COVID-19 xəstəliyinin əlamətlərini hiss edən şəxslər məscidə və digər ibadət yerlərinə buraxılmamalıdır. Məsciddə ibadət etmək istəyən şəxslər dəstəmaz zərurəti yarandıqda onlar öz şəxsi dəsmallarından istifadə etməli, özləri ilə səccadə və möhür gətirməlidirlər. İbadət etmək istəyən şəxslər məscidə yalnız namaz vaxtı, digər ibadət yerlərinə müvafiq ibadətlər icra olunan zaman gəlməli və namaz (ibadət) bitdikdən sonra məscidi (ibadət yerini) tərk etməlidirlər. Bu zaman ictimai yerlərdə qruplarda cəmlənməyə dair tələblərə ciddi əməl edilməlidir”.

Nazirlər Kabineti məscid və digər ibadət yerlərində bədən hərarətini ölçən termometr, dezinfeksiya məhlulu və ehtiyat tibbi maska ilə təmin olunmasını vacib sayıb: “Hər kütləvi ibadətdən sonra ibadət yerlərində hökmən dezinfeksiya – sanitar tədbirlər həyata keçirilməli və mütəmadi havalandırma təmin edilməlidir”.

Mayın 31-dən Azərbaycanda açıq məkanlarda maskanın taxılması tələbi ləğv olunub, o cümlədən metronun fəaliyyəti bərpa edilib.

Bu barədə mayın 25-də Operativ Qərargahın brifinqində Prezidentin köməkçisi Şahmar Mövsümov açıqlama verib.

O iyunun 10-dan ibadət yerlərinin, iri ticarət mərkəzlərinin, çimərliklərin fəaliyyətinə də icazə veriləcəyini

demişdi.

Ana səhifəSosialNazirlər Kabineti: Yalnız COVİD-19 pasportu olan şəxslər məscidlərə buraxılacaq