”Fərəhləndirici haldır ki, bu gün Azərbaycanda hərbi-sənaye kompleksi müəssisələrində 1000-dən artıq çeşiddə müdafiə təyinatlı məhsullar istehsal edilir”
Martın 15-də baş nazir Artur Rasizadə hökumətin ötən ilki fəaliyyəti barədə Milli Məclisə hesabat verir.
Onun sözlərinə görə, ötən il Azərbaycanın 165 ölkə ilə xarici iqtisadi əlaqələri olub. Dövriyyənin 47 faiz, ixracın 60 faizi Avropa İttifaqı ölkələrinin payına düşür.
İqtisadiyyata 16 mlrd manat, o cümlədən neft sənayesinə 7,1 mlrd, qeyri-neft sənayesinə 8,38 mlrd vəsait qoyulub.
Dağlıq Qarabağ münaqişəsindən danışan baş nazir qeyd edib ki, Ermənistan yenə də vaxtı uzadaraq problemin həllindən yayınır və beynəlxalq qurumlar bu məsələdə hüquqa zidd mövqe tutub.
A.Rəsizadə deyib ki, bunu nəzərə alaraq Ordunun gücləndirilməsinə xüsusi diqqət yetirilib və Ordumuz xeyli güclənib: “Düşmənin təxribatlarına Ordumuzun verdiyi tutarlı cavablar da bunu sübut edir”.
O, bildirib ki, hərbi qulluqçuların təminatının yaxşılaşdırılması məqsədilə yeni hərbi hissələr və şəhərciklər tikilib istifadəyə verilib, 1500 zabit ailəsi mənzillə təmin edilib.
A.Rəsizadə vurğulayıb ki, Silahlı Qüvvələrə Yardım Fonduna cəmiyyətin müxtəlif təbəqələri tərəfindən ianə kimi daxil olan vəsait artaraq 70 milyon manatdan çox olub: “Ümumilikdə, Silahlı Qüvvələrlə bağlı görülən bütün işlərin maliyyələşməsinə 3.3 milyard manat vəsait ayrılıb. Fərəhləndirici haldır ki, bu gün Azərbaycanda hərbi-sənaye kompleksi müəssisələrində 1000-dən artıq çeşiddə müdafiə təyinatlı məhsullar istehsal edilir”.