Nazirlər Kabineti işsiz kimi qeydiyyatda olanlara iyun ayında ödəmə edəcək

Ödəmə həmin şəxslərin banklar tərəfindən təqdim edilmiş bank kartlarına köçürüləcək.

Source: Meydan TV


“Təkrar yoxlanılan şəxslərə 190 manata birdəfəlik yardım ediləcək”

Nazirlər Kabineti “Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron, Yevlax, Cəlilabad, Masallı rayonları üzrə 190 manat məbləğində birdəfəlik ödəmənin verilməsi haqqında”

qərar

verib.

Baş nazir Əli Əsədovun iyunun 23-də imzaladığı qərarda xatırlanıb ki, Nazirlər Kabinetinin 2020-ci il 7 aprel tarixli 127 nömrəli Qərarı ilə təsdiq edilmiş “Koronavirus (COVID-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası”na əsasən Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron, Yevlax, Cəlilabad, Masallı rayonları üzrə 190 manat məbləğində birdəfəlik ödəməni almış şəxslərə müvafiq qaydalara uyğun olaraq təkrar yoxlama keçirildikdən sonra 190 manat məbləğində ödəmənin verilməsi birdəfəlik şəkildə həyata keçiriləcək.

Ödəmənin iyun ayı üçün nəzərdə tutulduğu qeyd olunub.

Ödəmə həmin şəxslərin banklar tərəfindən təqdim edilmiş bank kartlarına köçürüləcək.

Eyni zamanda, Nazirlər Kabinetinin digər Qərarında ünvanlı dövlət sosial yardımının müddəti bitmiş aztəminatlı ailələrə, əlillik müddəti başa çatan əlilliyi olan şəxslərə, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara, peşə hazırlığı prosesində fasilə yaranan kursların müdavimlərinə ödənişlərin də davam etdirilməsi nəzərdə tutulur.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, eləcə də Maliyyə Nazirliyi bu Qərardan irəli gələn məsələləri həll edəcək.

Koronavirus pandemiyası ilə əlaqədar olaraq Azərbaycanda sərt karantin rejimi tətbiq edilib. İlkin olaraq məhdudiyyətlər martın 28-də qəbul edilib. Bir sıra həyati vacib sahələr istisna olmaqla, digər fəaliyyət növləri qadağan edilib, vətəndaşların aptek, mağazaya getmək üçün yaşadıqları evi tərk edə bilməsindən ötrü SMS icazə sistemi tətbiq edilib. Bununla əlaqədar olaraq hökumət işsiz kimi qeydiyyatda olan şəxslərə mart və aprel ayı üçün iki dəfə 190 manat yardım edilməsi barədə qərar qəbul edib.

Aprelin 27-də isə karantin rejimi qismən yumşaldılıb. Nazirlər Kabineti yanında Operativ Qərargah 18 may tarixində isə karantin rejimi çərçivəsində tətbiq edilən məhdudiyyətlərin daha bir qisminin yumşaldılmasına qərar verib. Həmin gündən Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonu üzrə yaşayış yerini SMS icazə ilə, xidməti vəsiqə və ya iş yeri barədə arayışla tərk etmək sistemi ləğv olunub.

Bakıda, bir sıra şəhər və rayonlarda koronavirusa yoluxma faktlarının artması səbəbindən Nazirlər Kabineti 21 iyun-5 iyul tarixlərində sərt karantin rejiminin, SMS icazə sisteminin bərpası barədə qərar verib. Qərar Bakı, Gəncə, Sumqayıt, Lənkəran, Masallı, Cəlilabad, Yevlax və Abşeron rayonuna aid edilib.

Ana səhifəSosialNazirlər Kabineti işsiz kimi qeydiyyatda olanlara iyun ayında ödəmə edəcək