Vətəndaşlar 4 aydır əmək və əhalinin sosial müdafiəsi naziri təyin olunan Sahil Babayevin qəbuluna gəliblər. Çərşənbə axşamı səhər saat 11-dən 1-ə qədər nazirin qəbuludur. Amma qəbula gələnlər nazirlə görüşə bilmirlər.
Vətəndaşlar iş, əlillik pensiyasının artırılması, ünvanlı sosial yardımın verilməsi ilə bağlı müraciətə gəliblər. Onlar bir neçə ildir nazirliyə ayaq döydüklərini, amma dərdlərinə çarə olmadıqlarını deyirlər.
Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Fazil Talıbov bildirib ki, vətəndaşlar nazirlə görüşmək üçün əvvəlcədən qəbula yazılmayıblar.
Fazil Talıbov Güllər Qasımovanın problemi ilə bağlı bildirib ki, ünvanlı sosial yardımın verilməsi elektron aparılır, burada məmur müdaxiləsi qeyri-mümkündür. O, əlavə edir ki, şikayətçi məlumatları düzgün doldurmadığına, kommunal xərcləri səhv göstərdiyinə görə ona ünvanlı sosial yardım verilməsindən imtina olunub. Bununla belə Güllər Qasımova Nərimanov rayon Dövlət Sosial Müdafiə Fondu şöbəsinə dəvət olunacaq və orada onun problemi araşdırılacaq.
Şükür Camalovun maşın probleminə gəlincə, nazirliyin sözcüsü bildirib ki, siyahı online şəkildə nazirliyin elektron ünvanında var, vətəndaş orada növbəsinə baxa bilər. Fazil Talıbov Əbülfət Baxşəliyevin yaşadığı yer üzrə Məşğulluq İdarəsinə müraciət etməsini məsləhət görüb. Vətəndaş orada təklif olunan iş yerlərini seçə bilər.
Böyüklərin problemi həll olunmasa da, qəbula gələn uşaqlar nazirliyin binasından istədikləri gülü dərib məmnun gedirlər.