Əhməd Əhmədovun qardaşı məhkəmə qarşısına çıxarılıb
2000-2017-ci illərdə Naxçıvan Muxtar Respublikasının daxili işlər naziri olmuş Əhməd Əhmədov vəzifəsindən azad ediləndən sonra həbs olunan qardaşı Əvəz Əhmədovun işi üzrə məhkəmə istintaqı başlayıb.
Dekabrın 20-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Samir Əliyevin sədrliyilə keçirilən məhkəmə iclasında prokuror ittiham aktını elan edib. İttihamda deyilir ki, Ə.Əhmədov hərbçi polkovnik Hörmət Əsgərova sələmlə 100 min dollar pul verib. H.Əsgərov faizi ilə birlikdə 140 min dollar olan pulu qaytara bilməyib. Ə.Əhmədov onu Sabunçu rayonu ərazisində yerləşən “Park Plyus” əyləncə mərkəzinə çağırıb, oradakı otaqlardan birinə salıb döyüb, borcu qaytarmağı tələb edib. Daha sonra H.Əsgərovun qohumu Rəşad Tahirovla danışıb. Ondan H.Əsgərovun pulu qaytaracağına zamin durmasını istəyib. Əks halda, onu buraxmayacağını bildirib. Pulun ödəniləcəyi barədə vəd alandan sonra H.Əsgərovu buraxıb.
İttihamda qeyd olunub ki, Ə.Əhmədov hədə-qorxu ilə sonda R.Tahirovdan 140 min dollar alıb.
Cinayət Məcəlləsinin 182.3.2-ci (hədə-qorxu ilə tələb etmə, külli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə) və 145-ci (adam oğurluğu) maddələrilə ittiham olunan Ə.Əhmədov özünü təqsirli bilməyib. Məhkəmədə indiki mərhələdə ifadə verməkdən imtina edib.
Zərərçəkən R.Tahirov bildirib ki, hadisə baş verən ərəfədə “Sumqayıt Texnologiyalar Parkı”nın satış şöbə şöbəsinin rəisi işləyirdi. Bu söz-söhbətlərdən sonra öz ərizəsilə işdən çıxıb. Onun sözlərinə görə, həyat yoldaşının əmisi oğlu H.Əsgərovla tikinti malları biznesi qurmaq qərarı vermişdilər. Bu razılaşmadan təxminən bir həftə sonra sabiq nazirin qardaşı ona zəng edib. Bildirib ki, Hörmət ona pul verməlidir, həmin vəsaiti R.Tahirovdan tələb edir: “Dedi ki, guya Hörmət ona məndə pulu olduğunu söyləyib. Dedim ki, nə danışırsan, Hörmətin mənə borcu var. Mübahisə elədik, məni hədələdi. Axşam Hörmət zəng elədi, uşaq kimi ağlayırdı, səsi pis gəlirdi. Dedi: “Pulu verməsən, məni öldürəcəklər”. Əgər mən zamin dursam, onu buraxacaqlar. Sonra yenə Əvəz kişi zəng eləyib dedi ki, “zamin durursansa, sənin sözünlə onu buraxım”. Mən zamin durmadım, sadəcə dedim ki, ona bir az vaxt verin, pulu tapıb qaytarar. Onda Hörmətin mənə 1 milyona qədər borcu vardı. İki gün sonra Hörməti gördüm, pulu istəyəndə ağlayıb üz-gözünü göstərdi, Əvəzin onu döydüyünü, təhlükəli adam olduğunu dedi. Qaşının üstü partlamışdı. Məndən xahiş etdi ki, Əvəzdən onun üçün yenə vaxt alım. Əvəzin ona yazdığı mesajları göstərdi, orada Əvəz ikimizi də söyüb hədələmişdi. Bundan bir neçə gün sonra Əvəz tez-tez mənə zəng edib hədələyərək pulu istəyirdi. Mənə sonuncu dəfə mesaj da yazmışdı ki, “namazqılan köpək oğlu, səni tutub pulu ikiqat alacam”. Bundan sonra telefonu birdəfəlik söndürdüm”.
Onun sözlərinə görə, telefonu söndürəndən sonra Bakı Şəhər Baş Polis İdarəsinin polkovniki Şövqi Əhmədov onun iş yerinə zəng edib, onu idarəyə çağırıb. Ondan Ə.Əhmədova pulun qaytarılmasını tələb edib. Əks halda, ölkədən çıxışına qadağa qoyub, həbs olunacağıyla hədələyib. Həmin vaxt Ə.Əhmədov da idarədə olub: “Mən də qorxduğum üçün onların dediklərilə razılaşdım. Əvəzin diktəsi ilə məcbur olub ona 140 min dollar verəcəyimə dair izahat yazdım. Dedim ki, pulu indi verə bilmirəm, evlərimin sənədlərini girov qoydum. Əvvəlcə 40 min dollar düzəldib Əvəzə qaytardım, pul tapa bilmirdim. Sonra dostlarıma məsələni danışdım. Əvəz məndən əvvəl 140 min, sonra 220 min tələb edirdi. Ona görə Əvəzlə görüşdə dostum Habil əsəbiləşdi, dedi ki, “Rəşad sənə bir qəpik də verməyəcək, çünki o, səndən pul almayıb”. Mən onun qolundan tutub sakitləşdirdim. Çünki bilirdim, təhlükəli adamlardır. Ailəmə görə narahat idim. Dedim, belə etmək olmaz, razılığa gəlmək lazımdı. Sonda 140 minə razılaşdıq. Bir ay ərzində həmin pulu düzəldib Əvəzə verdim”.
Zərərçəkən R.Tahirov hadisədən bir il sonra şikayətçi olmasının səbəbini isə Ə.Əhmədovun qardaşının vəzifədə olmasıyla izah edib: “Onun qardaşı Əhməd Əhmədov Naxçıvanın daxili işlər naziri idi. Buna görə də ehtiyat edirdim. Vəzifədən çıxandan sonra şikayətlər yazmağa başladım. Çünki ondan əvvəl mənə hədə-qorxu gəlmişdilər. Həmin vaxt kimə şikayət edəcəkdim? Həm də eşitdim ki, zərərçəkənlərin pulu qaytarılır”.
Təqsirləndirilən Ə.Əhmədov isə bildirib ki, o, pulu Hörmətə yox, Rəşada verib – 100 minə həftəlik 8-10 min qazanc razılaşmasıyla. Lakin pulu gəlib aparan isə H.Əsgərov olub: “Hörmətdən pulu istəyəndə dedi ki, Rəşaddadır. Mən də Rəşada zəng elədim, dedi ki, qaytaracam”.
Zərərçəkən H.Əsgərov da ifadə verib. O, hazırda həbsdədir. Digər zərərçəkən R.Tahirovdan birgə biznes adıyla pul alıb qaytarmamaqda ittiham olunur. Ona qarşı külli miqdarda ziyan vurmaqla dələduzluq ittihamı irəli sürülüb.
Məhkəməyə istintaq təcridxanasından gətirilən H.Əsgərov bildirib ki, sabiq nazirin qardaşıyla birlikdə hərbi xidmətdə olublar. Onu 1998-ci ildən tanıyır, 17 il sonra təsadüfən Bakıda rastlaşıblar: “Onun obyektinə çay içməyə gəlmişdim. Orada onu tanıdım. Söhbət əsnasında Rəşadın nə iş gördüyünü dedim. Mən özüm Əvəzdən pul alıb iş görürdüm. Sonuncu dəfə də 100 min dollar alıb, makler Hətəmə verdim, o da yoxa çıxdı. Mən də pulu Əvəzə qaytara bilmədim. Bir neçə gün sonra Əvəz məni yanına çağırdı. Onun “Park Plyus” restoranında görüşdük. Orada Əvəz mənim üstümə qışqırıb “pulumu qaytarın” dedi, qaynar çayniki başıma atdı. Sonra məni yuxarı çıxartdı, orada bir otağa salıb döydü. İçəridə özündən başqa 4-5 nəfər də vardı. Dedi ki, pulu verməsən, səni burdan buraxmayacağam”.
H.Əsgərov təsdiqləyib ki, həmin vaxt Rəşada zəng edib ona zamin durmasını istəyib. Ə.Əhmədov telefonu alıb, R.Tahirovla danışandan sonra onu buraxıb: “Ordan çıxıb hərbi hissəyə getdim. Bu söhbətlərdən sonra işdən çıxarıldım”.
H.Əsgərov Müdafiə Nazirliyi Hərbi Hava Qüvvələrinin Tibb Xidməti rəisi, tibb xidməti polkovniki olub.
Məhkəmə prosesi dekabrın 26-da davam etdiriləcək.
Zərərçəkmiş R.Tahirov məhkəmədə mülki iddia qaldırıb. O, dəymiş 140 min ziyanın ödənilməsini tələb edir.