Vəkil: “Mətbuatda Yavər Camalovla qudası Rüstəm Usubovun adı hallandırılır”
Avqustun 16-da Bakı Ağır Cinayətlər Məhkəməsində iş adamı Əlikram Camalova qarşı dələduzluqda təqsirləndirilən Samir Nəbiyevin cinayət işi üzrə növbəti məhkəmə iclası keçirilib.
Meydan TV-nin məlumatına görə, hakim Şəkər Məmmədovanın sədrlik etdiyi iclasda zərərçəkmiş Əlikram Camalov mülki iddia qaldırıb. Məhkəmə iddianı icraata qəbul edib.
İclasda çıxış edən Ə.Camalovun vəkili isə jurnalistləri məhkəməyə verəcəklərini deyib. Bildirib ki, mətbuatda Ə.Camalovun qardaşının və qudası, Baş prokurorun müavini Rüstəm Usubovun adı hallandırılır. O, bildirib ki, məhkəmənin həmin şəxslərə adiyyatı yoxdur.
Daha sonra Ə.Camalov ifadə verib. Bildirib ki, S.Nəbiyevlə münasibəti yaranıb və ona kömək məqsədi ilə 11613 dollar pul verib. Həmin pul altı ay ərzində ayda 1250 dollar olmaqla qaytarılmalı idi. Lakin Samir Nəbiyev vədinə əməl etməyib. O deyib ki,bir neçə dəfə S.Nəbiyevin mağazasına gedib və pulunu tələb edib, lakin qaytarmadığını görəndə ondan şikayət edib. Ə.Camalov S.Nəbiyev və onun vəkili Ceyhun Yusifovun onu şantaj etdiklərini, mətbuatda qohumlarının adını hallandırdıqlarını deyib. Bildirib ki, bu məsələ şantajla həll oluna bilməz.
Ə.Camalov deyib ki, əgər belə etməsəydilər, bəlkə də onu bağışlaya bilərdi.
Ə.Camalov məhkəmədən mülki iddiasının təmin edilməsini xahiş edib. S.Nəbiyev isə aldatmaq fikri olmadığını, devalvasiya olduğu üçün pulun bir hissəsini qaytara bilmədiyini deyib.
Proses avqustun 23-də davam edəcək.
Ötən iclasda məhkəmə istintaqının yenilənməsi barədə qərar qəbul edilib.
Prokuror S.Nəbiyevin 9 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
İttihama görə, 2015-ci ildə S.Nəbiyev Əlikram Camalova birgə biznes qurmaq təklif edərək, ondan icarəyə götürüb işlətdiyi Nəsimi rayonu, Ceyhun Hacıbəyli küçəsində yerləşən “Brend Elektrik” elektrik avadanlıqları satışı mağazasına investisiya qoymasını istəyib. Əvəzində isə qazancın yarısını Ə.Camalova verəcəyini vəd edib. Ə.Camalov razılaşıb və Nərimanov rayonu, Ağa Nemətulla küçəsində yerləşən ofisdə S.Nəbiyevə 2015-ci il noyabrın 3-də 18 min manat, 2016-cı il fevralın 1-də isə 3 min 993 manat pul verib. S.Nəbiyev isə vəsaiti mənimsəyərək Ə.Camalova pulu qaytarmayıb. Bundan sonra Ə.Camalov polisə müraciət edib. Təqsirləndirilən S.Nəbiyevə Cinayət Məcəlləsinin 178.3.2 maddəsi ilə cinayət işi açılıb və onun barəsində polisin nəzarətinə vermə qətimkan tədbiri seçilib.
Zərərçəkmiş Əlikram Camalov kəndli fermer təsərrüfatının təsisçisi və müdafiə sənayesi naziri Yavər Camalovun qardaşıdır.