”Rövşən Əhmədov həyatıma qəsd etmək istəyib”
Noyabrın 22-də Bakı Ağır Cinayətlər Məhkəməsində mənimsəmədə təqsirləndirilən Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin sabiq nəzarətçisi, 58 yaşlı Salyan rayon sakini Rövşən Əhmədovun cinayət işi üzrə məhkəmə məhkəmə prosesi keçirilib.
Meydan TV-nin məlumatına görə, hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqı başlayıb. Prokuror ittiham aktını elan edib.
İttihama görə, Rövşən Əhmədov nəqliyyat naziri Ziya Məmmədovun sabiq müşaviri Çingiz Baxşıyevin və qızının əmlakını mənimsəməyib. Onlara ümumilikdə 800 min manat məbləğində maddi ziyan vurub.
Rövşən Əhmədov qohumu Çingiz Baxşıyevin ona etibar etdiyi 695 min manat, qızları – Fatimə İbrahimovanın 50 min manat, Sevil Baxşıyevanın isə 55 min manat dəyərində müxtəlif çeşiddə qızı-zinət əşyalarını ələ keçirməkdə təqsirləndirilir.
Nəqliyyat nazirinin sabiq müşaviri olan, bundan əvvəl isə Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəisi vəzifəsində işləyən Ç. Baxşıyev R. Əhmədovla qohum olub.
R. Əhmədov elan olunan ittiham üzrə özünü təqsirli bilməyib.
Sonra zərərçəkmiş Ç. Baxşıyev ifadə verib. O bildirib ki, təqsirləndirilən şəxslə uzaq qohumdur və R. Əhmədov onun yanında müfəttiş vəzifəsində işləyib: “Qohum olduğumuz üçün mən hər şeyi ona etibar etmişəm. 12 il bir yerdə işləmişik. 2015-ci ilin axırlarında mən yoldaşımla müalicəyə gedirdim. Gedəndə qızıllarımızı Rövşən Əhmədova etibar etdim. Qızılları bankalara yığdıq, üstünə də içində nə olduğunu yazdıq. Rövşənə dedim ki, biz gedib gələnə kimi bunu saxla, gələndən sonra götürərik. O, məni arxayın elədi. Yoldaşım dedi ki, Rövşən, biz ömür boyu nə yığmışıqsa, hamısı burdadı, bunu yaxşı saxla. Orada təxminən 6-7 kiloqram qızıl vardı”.
Ç. Baxşıyevin sözlərinə görə, R. Əhmədov onun həyatına qəsd etmək istəyib: “Bu ilin fevral ayında Rövşən Əhmədov Bayraq Meydanında mənimlə gəzirdi. Onun əlində su vardı, sonra o, suyu mənə təklif etdi və mən də içdim. Sonra səhər yuxudan duranda, halım pisləşdi. Məni xəstəxanaya apardılar, mədəm qan içindəydi. Uzun müalicədən sonra halım düzəlmədi, məni təcili Avstriyaya apardılar. İki həftə orda qaldım, amma bir şey tapa bilmədilər. Mədəmdə iki litr qan vardı. Rövşən mənə dedi ki, qızılları hara qoyum? Mən də dedim ki, qızılları qızım Fatmaya ver. Qızım isə mənə dedi ki, qızılların üstündən götürülüb. Çünki qızıllar ona veriləndə, 6-7 kiloqram idi. Mən qayıdanda, qızım mənə dedi ki, qızıllar çox yüngüldü. Mən baxdım, orada 300-400 qram qızıl qalmışdı. Sonra Rövşənə zəng elədim ki, bizə gəl. Rövşənin yanında bağlantını göstərib dedim ki, burda heç ne yoxdu. İkinci qab bomboş idi. Soruşdum ki, qızıl panetlər hardadı? Rövşən qışqırmağa başladı. Sonra ona zəng etdim, telefona cavab vermir. Sonradan dedi ki, məndə qızıl yoxdur. Belə olan halda mən şikayət etdim və Rövşəni saxladılar. Müstəntiqə deyirdi ki, məni buraxın, qızılları gətirim. Bundan sonra Rövşənin vəkili vasitəsilə mətbuatda əleyhimə böhtan kampaniyası başladı. Mənə hər tərəfdən təzyiq başladı”.
Proses dekabrın 1-də davam edəcək.