“İmtahan tarixləri mövcud vəziyyətə uyğun olaraq təqdim ediləcək”
“Mövcud vəziyyət təhlil edilərək tədris prosesinin bərpa olunması üçün müvafiq addımlar atılacaq”.
Bunu aprelin 27-də mətbuat konfransı keçirən təhsil naziri Ceyhun Bayramov deyib.
Nazir deyib ki, yumşaldılma tədbirləri barədə qərarlar qəbul olunan zaman təhsil sektoru ilklərdən ola bilməz.
“Növbəti mərhələdə bunlar müzakirə oluna bilər. Şagirdlərin dərs proqramından geri qalmaması üçün tədbirlər davam etdiriləcək. Ehtiyac olarsa, növbəti aylarda onlayn rejimdə dəstəkləyici vasitələrlə geri qalmalarının qarşısı alınacaq”.
C.Bayramov repetitor fəaliyyətinə icazə verildiyini xatırladaraq bildirib ki, belə məşğələlərin təşkili zamanı xüsusi tələblər, məsafənin saxlanması, sanitar normalara əməl olunması əsasdır. Nazir repetitor fəaliyyəti haqqında aidiyyəti qurumlar tərəfindən xüsusi qaydalar hazırlandığını xatırladıb:
“Bu qaydalar açıqlanacaq. Mövcud qaydalarda şagirdin çölə çıxarkən məşğələ sayı yox, icazə müddəti nəzərə alınacaq. Hər bir şəxs 3 saat ərzində fəaliyyət planlarını müəyyənləşdirməlidir”.
Nazir imtahanlarla bağlı məsələnin Dövlət İmtahan Mərkəzi ilə müzakirə edildiyini deyib. C.Bayranov yeni reallıqlara uyğun olaraq imtahanların keçirilməsi planlarının hazırlandığını bildirib və qeyd edib ki, imtahan tarixləri mövcud vəziyyətə uyğun olaraq təqdim ediləcək:
“Ötən həftə rektorlarla geniş videokonfransımız oldu. Hazırda tətbiq edilən yanaşma və növbəti aylarda bu ilin yaz semestri ilə bağlı qiymətləndirmənin hansı üsulla aparılması barədə təkliflər hazırlanır. Baş nazirlə də ilkin müzakirələr həyata keçirmişik. Çevik modellərdən istifadə olunacaq”.
Tədris ilinin bitməsi ilə əlaqədar son zəng tədbirlərinə toxunan nazir, vurğulayıb ki, 11-ci sinif şagirdləri kifayət yetkin insanlardır:
“Bu tədbiri daha sonrakı mərhələdə də keçirmək olar. Onu da istisna etmirəm ki, bizim bəzi şagirdlərimiz kreativlik nümayiş etdirərək onlayn rejimdə də bunu keçirə bilərlər. Mən düşünürəm ki, bu müddət ərzində hər birimiz məsuliyyət nümayiş etdirərək böyük kütləvi tədbirlərdən çəkinməliyik”.