Nazir: Xarici dövlət borcu 24 faizdən 19-a enib

“Qanunvericilikdə bəzi dəyişikliklər edilməlidir”

Source:


Rövşən Ağayev: ''Borcun müzakirəsi üçün əvvəlcə şəffaf statistika olmalıdır''

“Azərbaycanın xarici valyutadakı dövlət borcu əvvəlki 24 faizdən 19-a endirilib”.

Maliyyə naziri

Samir Şərifov

Dövlət Borcunun İdarə Edilməsi üzrə Asiya Regional Forumunda belə deyib.

Bildirib ki, dövlət borcu ilə bağlı görülən tədbirlər öz nəticəsini verir. Prezidentin dövlət borcunun ÜDM-ə nisbətinin azaldılması tapşırığı mərhələlərlə icra olunur:

“1 il ərzində həmin nisbəti 17 faiz azaltmışıq. Qarşımıza məqsəd qoymuşuq. Xarici valyutada ifadə olunan dövlət borcunu milli valyutayla əvəzləyəcəyik. Bu, Azərbaycanın borc sahəsində dayanıqlığını xeyli artıracaq. Dünya bazarlarında hər hansı xarici şoklara müqavimətimizi xeyli möhkəmləndirəcək”.


“Xarici valyutada olan borcları milli valyutaya çevirəcəyik”

Xarici dövlət borcunun milli valyutada olan dövlət borcuna çevrilməsi mexanizminə gəlincə, maliyyə naziri bunun uzunmüddətli iş olduğunu deyib:

“Bu sahədə bir sıra tədbirlər nəzərdə tutulur. Daxili bazarımızı daha da genişləndirərək xarici borcumuzu qaytarmağı nəzərdə tutmuşuq”.


“Nazirlik borcun təkcə məbləğini yox, strukturunu da açıqlasın”

İqtisadçı Rövşən Ağayev dövlət borcu ilə bağlı müzakirələrin aparılması üçün ilk növbədə şəffaf statistikanın olmasını vacib sayır. Yəni Maliyyə Nazirliyi dövlət borcunun təkcə məbləğini yox, həm də strukturunu açıqlamalıdır:

“Söhbət valyuta strukturundan, hansı ölkələrdən və təşkilatlardan alınmasından, müddətlərindən gedir. Eyni zamanda, şərti öhdəliklər anlayışı var. Yəni dövlət zəmanəti və birbaşa hökumətin aldığı borclar, layihələr üzrə olanlar ayrı açıqlanmalıdır”.

_23229.width-1024.jpg
Rövşən Ağayev


“Beynəlxalq Bankın borcunu dövlətə saymırdılar, ancaq dövlət ödədi”

İqtisadçı bildirir ki, ikinci məqam dövlət borcuna münasibətdə təsnifatdır. Bu, dəqiq bilinməlidir:

“Məsələn, SOCAR-ın borclarını dövlət borcu saymırlar. Hətta bir vaxt Beynəlxalq Bankın da borclarını dövlət borcları saymırdılar, amma problem yarananda borclar dövlətin üzərində qaldı. Bu hallar anlaşılmazlıq doğurur. Yaxşı olar ki, dövlət şirkətlərinin borclarını dövlət borcu kimi sayılması nəzərdən keçirilsin”.“Qanunvericilikdə bəzi dəyişikliklər edilməlidir”

R. Ağayev deyir ki, dövlət borcu ilə bağlı həm də qanunvericilikdə bəzi dəyişikliklər edilməlidir:

“Bu gün SOCAR və digər şirkətlərin borclarını da saysaq, böyük həcmdə vəsait alınır. Yeri gəlmişkən, 2016-2017-ci illərdə Mərkəzi Bankın mənfəəti hesabına böyük həcmdə dövlət borcları qaytarıldı. Onların böyük hissəsi dövlət zəmanəti verilməyən borclar idi. Ona görə də dövlət borclarını düz saymaq lazımdır. İkincisi, strukturu ilə bağlı informasiya şəffaf olmalı və ictimailəşməlidir”.


“Hökumətin zəmanət verdiyi borc necə borc sayılmaya bilər?”

Rövşən Ağayev əsas problemlər sırasında daxili dövlət borclarını görür. Təəssüf edir ki, bir çox daxili borcları hökumətin zəmanət verdiyi borc saymırlar və bunun hesabına onların həcmi əhəmiyyətli dərəcədə uzanır:

“Misal üçün, hökumətin zəmanəti ilə Beynəlxalq Bankın hesabına Mərkəzi Bankdan 10 milyard daxili borclanma həyata keçirilib. Amma bunu borc saymamaq nə qədər məntiqidir? Hətta Mərkəzi Bankın hesabatında belə göstərilib ki, 2040-cı ilədək qaytarılacaq bu borca hökumət zəmanət verib. İndi sual olunur, hökumətin zəmanət verdiyi borc necə borc sayılmaya bilər? Nazir Samir Şərifov bu kimi suallara cavab versə, daha yaxşı olar”.


“Borc götürdükdə ciddi şəkildə analiz aparılmalıdır”

Nazirin dövlət borcunu milli valyutaya çevirməsi fikrinə gəlincə, Rövşən Ağayev güman edir ki, belə olan halda hökumət daha çox daxili borclanmaya gedə bilər. Yəni 1 neçə milyard ehtiyac yarananda, onu xaricdən almaqdansa, dövlət istiqrazları buraxıb borclanacaqlar. Yaxud hökumət Mərkəzi Banka müxtəlif vasitələrlə borclanacaq:

“Bunu Beynəlxalq Banka münasibətdə gördük. Çox ciddi məsələdir və burada borca dayanıqlılıq sualı ortaya çıxır. Hökumət daxildən və xaricdən aldığı borcu səmərəli istifadə etməlidir. Həm də borcu məqsədli götürməlidir və nəhayət, vaxtında qaytarmalıdır. Daha vacib məqam da odur ki, daxili borc artdığı zaman hökumət özünü sığortalasa da, subyektlər özünü sığortalaya bilməyəcək. Bütün hallarda borc götürdükdə ciddi şəkildə analiz aparılmalıdır”.

Ana səhifəXəbərlərNazir: Xarici dövlət borcu 24 faizdən 19-a enib