Nazir Şahin Mustafayev: 4 faizlik iqtisadi artım və inflyasiya gözlənilir

Natiq Cəfərli: “Nə düzəlir ki, yalan rəqəmlər, qulağa xoş gələn məlumatlar səsləndirəndə?!”

Source:


Natiq Cəfərli: “Nə düzəlir ki, yalan rəqəmlər, qulağa xoş gələn məlumatlar səsləndirəndə?!”

Bu ilin sonuna Azərbaycanda təxminən 4%-lik iqtisadi artım gözlənilir.

Bu barədə “APA-Economics”ə iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev bildirib.

Ş. Mustafayev əlavə edib ki, ilin sonuna inflyasiya 4% səviyyəsində olacaq.

Xatırladaq ki, Azərbaycanın 2016-cı ilin dövlət və icmal büdcələri üzrə layihələrin təqdimatında İqtisadiyyat və Sənaye Nazirliyinin hazırladığı makroiqtisadi proqnozlara əsasən, 2015-ci ilin sonuna ölkə üzrə ÜDM istehsalının 57,2 mlrd. manat təşkil edəcəyi gözlənilir ki, bu da 3,3% real artım deməkdir. Sənəddə qeyd olunub ki, bu göstəricilər ilkin müəyyən edilmiş proqnozlardan 3,9 mlrd. manat və 1,1 faiz-bənd aşağıdır.

Yeri gəlmişkən, Azərbaycan İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən 2016-cı il və sonrakı üç il üçün hazırlanmış ölkənin iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz göstəricilərinə əsasən 2016-cı ildə ölkə üzrə real iqtisadi artım 1,8% olmaqla, ÜDM istehsalı 57,7 mlrd. manat təşkil edəcək.

2015-ci ilin dövlət və icmal büdcələri üzrə layihələrin təqdimatında Azərbaycanda inflyasiyanın 2,3% həcmində olacağı proqnozlaşdırılıb.

Nazir Mustafayevin fikirlərini Facebook səhifəsində şərh edən iqtisadçı Natiq Cəfərli “tutaq ki, bu həqiqətdir, əgər il ərzində milli valyutası 34 faiz devalvasiyaya uğramış ölkədə inflyasiya cəmi 4 faizdirsə, deməli o ölkə “xəstədir”, o ölkədə iqtisadiyyat yoxdur”,-deyərək əlavə edib ki, 2014-cü ildə rəsmi məlumatlara görə ölkəmizdə ÜDM manatla 59 milyard manat olub, bu il isə cənab nazir, özünüz deyirsiniz ki, ÜDM 57,2 milyard manat olacaq: “Hər ikisini də özünüz deyirsiniz, hardadır bu 4 faizlik ÜDM artımı?! ÜDM dünyada dollarla hesablanır, beynəlxalq hesabatlara dollarla düşür, keçən il ÜDM dollarla 75 milyard dollar olub, bu il isə 54 milyard dollar olacaq. Siz nəyi və necə hesablayırsınız? Bu qədər yalan danışmağın nə mənası var axı?! Nə düzəlir ki, yalan rəqəmlər, qulağa xoş gələn məlumatlar səsləndirəndə?!Sovet “modundan” çıxın, sovetlər, yalan üzərində qurulan sistemin sancılı dağılması sizə dərs olmadımı? Xəstəni düzgün müalicə etmək üçün doğru diaqnoza ehtiyac var, iqtisadiyyat da elədir, sağlamlaşdırmanın ilk yolu doğru diaqnozdan, düzgün rəqəmlərdən keçir”.

Ana səhifəXəbərlərNazir Şahin Mustafayev: 4 faizlik iqtisadi artım və inflyasiya gözlənilir