Nazir sahibkarları tarixi abidələrlə bağlı məsuliyyətə dəvət edib

“Konkret olaraq, Bakının “Sovetski”də, Basin küçəsində, Qış parkında 50-60 bina, hətta muzeylər söküldü, “İşərişəhər”in isə adı qalıb”.

Foto: arxiv


Nazim Bəydəmirli: ''Vəzifələrə qohumbazlıqla, yerlibazlıqla təyinat qaldıqca, problemlər qalacaq''

Mədəniyyət naziri Əbülfəs Qarayev tarixi abidələrin qorunması ilə bağlı sahibkarlara və ictimaiyyət nümayəndələrinə müraciət edib.

Nazirin sözlərinə görə, tarixi abidələr müqavilə əsasında istifadəyə verilərkən hər hansı dəyişiklik edilirsə, məsələn, pəncərə açılırsa, bu, mütləq dövlət qurumları ilə razılaşdırılmalıdır.

“Qədimliyi qorumaq lazımdır”, nazir deyib.

İqtisadçı-alim Nazim Bəydəmirli Meydan TV-yə “Mədəniyyət abidələrinin qorunması” haqqında qanunu xatırladaraq bildirib ki, sənəddə yerli və dünya əhəmiyyətli abidələrin istifadəsi birbaşa müəyyən olunub. Onun sözlərinə görə, təbii ki, iş adamlarının biznes və sosial məsuliyyəti olmalıdır:

“Son amanlar “İçərişəhər” qoruğunda baş verənlər mediaya sızdı və müəyyən problemlər yaşandı, amma təəssüf ki, nəticə çıxarılmadı. Elə Mədəniyyət Nazirliyi və qoruğun rəsmiləri də məsuliyyətlərini kənara çəkdilər. Halbuki, hamının hüquq və vəzifələri eyni olmalı və qanun hamıya eyni formada tətbiq edilməlidir”.

N.Bəydəmirli deyib ki, müxtəlif rayonlarda icra başçıları mədəniyyət abidələrini öz yaxınlarına pay verirlər və nəticədə əsas konstruksiyalar korlanır.

“Paytaxtın sabiq icra başçısı Hacıbala Abutalıbovun tarixi binaların üzünü laqundayla təmizlənməsi lətifəyə çevrilib. Təəssüf ki, Eldar Əzizovun vaxtında da “Təbriz” kinoteatrının yanması da sosial məsuliyyətsizlikdən irəli gəlir”.

Nazim Bəydəmirli
Nazim Bəydəmirli

Nazim Bəydəmirlinin sözlərinə görə, abidələrin qorunması üçün ilk növbədə dövlət qurumlarının məsuliyyəti müəyyən olunmalıdır.

“Vəzifələrə qohumbazlıqla, yerlibazlıqla təyinat qaldıqca, problemlər qalacaq. Çünki mədəniyyət abidələrini dağıdan da məmur sahibkarlığıdır. Normal sahibkarlara bu cür yerləri vermirlər”.

“Tarix-mədəni və təbii irsi qoruma” QHT İctimai Nəzarət Komitəsinin rəhbəri Aytəkin İmranova məsuliyyətin daha çox müvafiq nazirliyin daşıdığını düşünür:

“Müxtəlif təbəqələrə birbaşa çağırış etməkdənsə, öz funksiyalarını yerinə yetirsələr, işlər yaxşı olacaq. Buna görə dövlətdən maaş alırlar. Bu işlə elmi-təhqiqat institutları və irs qoruyan idarələr məşğul olur. Onsuz da mətbuat bu işləri dəfələrlə işıqlandırıb, vətəndaşlar da tarixi binaların sökülməsinə etiraz ediblər və edirlər də. Sahibkara gəlincə, mühafizə müqaviləsi olan yerdə, o tarixi abidəyə zərər vura bilməz”.

Aytəkin İmranova
Aytəkin İmranova

Aytəkin İmranova bildirib ki, son illərdə yüzlərlə tarixi binalar, abidələr sökülüb.

“Konkret olaraq, Bakının “Sovetski”də, Basin küçəsində, Qış parkında 50-60 bina, hətta muzeylər söküldü, “İşərişəhər”in isə adı qalıb”.

Ana səhifəXəbərlərNazir sahibkarları tarixi abidələrlə bağlı məsuliyyətə dəvət edib