Nazir: “Rusiya Qarabağın statusu ilə bağlı məsələnin gələcək illərə qalmasını təklif etmişdi”

Foto: Azərtac

“Azərbaycan dövləti ən yüksək səviyyədə bəyan edib ki, Qarabağdakı etnik ermənilərin Azərbaycanda yaşamaq hüququ var”

“Ermənistanla sülh müqaviləsi, delimitasiya və kommunikasiyaların açılması bir-birindən ayrı proseslərdir”.

Bunu xarici işlər naziri Ceyhun Bayramov dekabrın 27-də ilin yekunları ilə bağlı keçirdiyi mətbuat konfransında deyib.

Nazir Ermənistanın sülh müqaviləsi ilə bağlı təkliflərini Moskva görüşündən əvvəl açıqladığını deyib:

“Bir gün sonra Ermənistanın Baş naziri Nikol Paşinyan dedi ki, bu təkliflə sülh müqaviləsini imzalamaq olar. Bu, ictimaiyyətə mesaj vermək xətrinə verilən açıqlamadır. Bir çox hallarda Ermənistan rəhbərliyi daxili auditoriyaya hesablanmış açıqlamalar verir”.

“Ermənistanın öz milli maraqları baxımından praqmatik addımlar ataraq öhdəliklərini yerinə yetirməsi, ilk növbədə, onun özünə faydalı olar. Biz Ermənistanın üzərinə götürdüyü öhdəliklərini yerinə yetirməsinə səy göstərməyə davam edəcəyik”, – deyə nazir vurğulayıb.

O, Ermənistanla delimitasiya prosesində 8 Azərbaycan kəndinin qaytarılmalı olduğunu bildirib:

“Bu kəndlərdə azərbaycanlılar yaşayıb və həmin kəndlərin qaytarılması həyata keçirilməlidir”.

Ceyhun Bayramov, həmçinin qeyd edib ki, Beynəlxalq Ədalət Məhkəməsində və Avropa İnsan Hüquqları Məhkəməsində Azərbaycan tərəfinin Ermənistana qarşı şikayətləri üzrə tədbirlər görülür.

C.Bayramov Qarabağdakı təbii yataqların istismarı ilə bağlı araşdırma işlərinə azərbaycanlı mütəxəssislərlə bərabər, beynəlxalq ekspertlərin də cəlb olunduğunu deyib:

“Hazırda orada hesablamalar aparılır. Bütün faktlar Azərbaycanın Ermənistana qarşı qaldırdığı dövlətlərarası iddiasının tərkib hissəsidir”.

Qarabağın statusuna gəlincə, Ceyhun Bayramov vurğulayıb ki, Rusiya tərəfi Qarabağın statusu ilə bağlı məsələnin gələcək illərə qalmasını təklif etmişdi, bu, sirr deyil:

“Hər bir tərəf təklif verə bilər. Biz öz gündəliyimizə, təkliflərimizə əsaslanmalıyıq. Biz ilk gündən bu təklifin qəbuledilməz olduğunu bildirmişik. Biz baza prinsipləri üzrə danışıqlar aparırıq. Azərbaycan yalnız öz milli maraqları çərçivəsində addım atır”.

Nazir Azərbaycanın Qarabağdakı etnik ermənilərlə təmaslarının olduğunu söyləyib. Amma əlavə edib ki, adlar çəkilərsə, o şəxslərə qarşı təzyiq arta bilər:

“Belə bir təmaslar var idi, bu, sirr deyil. Azərbaycan dövləti ən yüksək səviyyədə bəyan edib ki, Qarabağdakı etnik ermənilərin Azərbaycanda yaşamaq hüququ var, Azərbaycan dövləti isə onların hüquqlarını təmin etməyə hazırdır”.

C.Bayramov Azərbaycanın Ruben Vardanyanla heç vaxt təmaslarının olmayacağını bildirib:

“Vardanyanın bu regionla heç bir bağlılığı yoxdur, o, orada doğulmayıb və bu regionda qanunsuz məskunlaşıb”.

Diplomat deyib ki, Laçın dəhlizinə alternativ yolun tikilməsi müsbət bir təcrübə idi:

“Bu yol ermənilərin yaşadıqları ərazilərdən keçirdi. Yolun tikintisi zamanı yerli ermənilərin müraciətləri nəzərə alınıb. Bu yolun tikilməsi zamanı inşaatda çalışanlarla ermənilər arasında normal bir ünsiyyət var idi. Yaxud Sərsəng su anbarı ilə bağlı müzakirələr aparıldı ki, torpaqların suvarılması üçün nə qədər su götürülsün, elektrik enerjisi istehsalı necə təmin edilsin. Ancaq ləkəli keçmişi olan şəxs (Ruben Vardanyan) bölgəyə göndərilir, Azərbaycan belə təxribatların qarşısını almağa hazırdır. Bu şəxsin Azərbaycana gəlişindən sonra Azərbaycanın sərvətlərinin istismarında fəallaşma müşahidə olunur, Azərbaycanın bunu monitorinq etmək imkanı var. Həmin şəxsin Qarabağda başqa qanunsuz fəaliyyəti də istisna deyil”.

Ana səhifəXəbərlərNazir: “Rusiya Qarabağın statusu ilə bağlı məsələnin gələcək illərə qalmasını təklif etmişdi”