Prokuror Samir Nəbiyevə iş istədi
İyulun 26-da Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Samir Nəbiyevin məhkəmə iclası davam edib.
Meydan TV-nin məlumatına görə, hakim Şəkər Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edərək, təqsirləndirilən şəxsin 9 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Proses avqustun 2-də davam edəcək.
İttihama görə, 2015-ci ildə S.Nəbiyev Əlikram Camalova birgə biznes qurmaq təklif edərək, ondan icarəyə götürüb işlətdiyi Nəsimi rayonu, Ceyhun Hacıbəyli küçəsində yerləşən “Brend Elektrik” elektrik avadanlıqları satışı mağazasına investisiya qoymasını istəyib. Əvəzində isə qazancın yarısını Ə. Camalova verəcəyini vəd edib. Ə.Camalov razılaşıb və Nərimanov rayonu, Ağa Nemətulla küçəsində yerləşən ofisdə S.Nəbiyevə 2015-ci il noyabrın 3-də 18 min manat, 2016-cı il fevralın 1-də isə 3 min 993 manat pul verib. S.Nəbiyev isə vəsaiti mənimsəyərək Ə. Camalova pulu qaytarmayıb. Bundan sonra Ə. Camalov polisə müraciət edib. Təqsirləndirilən S.Nəbiyevə Cinayət Məcəlləsinin 178.3.2 maddəsi ilə cinayət işi açılıb və unun barəsində polisin nəzarətinə vermə qətimkan tədbiri seçilib.
Zərərçəkmiş Əlikram Camalov kəndli fermer təsərrüfatının təsisçisi və müdafiə sənayesi naziri Yavər Camalovun qardaşıdır.