Nazir neftin bahalaşacağına inanmır

“Gələn il dövlət büdcəsində neftin 1 barrelinin baza qiymətini 40 dollardan hesablamaq lazımdır”

Source:


“Gələn il dövlət büdcəsində neftin 1 barrelinin baza qiymətini 40 dollardan hesablamaq lazımdır”

“ABŞ-ın yüksəkrütbəli şəxsləri dəfələrlə deyib ki, Rusiya, OPEC və qeyri-OPEC ölkələri hasilatı dondursa, bizim hasilatı artırmaq, dolayısı ilə qiymətlərin artmasının qarşısını almaq imkanımız var”.

APA-nın xəbərinə görə, bunu energetika naziri Natiq Əliyev bildirib.

Nazirin deməsinə görə, neftin qiyməti ilə bağlı indi ABŞ-ın hansı məqsədi güddüyünü demək çətindir:

“Bu yaxınlarda Əlcəzairdə OPEC-in növbəti iclası olacaq və geniş müzakirələr aparılacaq. Qəbul olunan istənilən qərar olduqca vacib olacaq… Bilirsiniz ki, bazarın əsas oyunçularından olan Səudiyyə Ərəbistanı ilə İranın ciddi fikir ayrılığı var. Maraqlı məqam odur ki, bazarın əsas oyunçuları yanvardan etibarən hasilatı durmadan artırdı. İndi məni bəzi suallar düşündürür:

Əlcəzairdəki iclasda nədən danışacağıq? Hasilatı hansı ayın səviyyəsində dondurulmasını təklif edəcəklər? Düzdür, iclasdan öncə yaranmış vəziyyətdən, səslənən bəyanatlardan görünür ki, hansısa konsensusa gəlmək olacaq. Onu da etiraf edirəm ki, bəzi ölkələrin maraqları üst-üstə düşməyə bilər. Məsələn, İran hasilatın səviyyəsini sanksiyadan öncəki səviyyəyə çatdırmaq istəyir. İran itirdiyi mövqeyi bərpa etmək niyyətindədir. Fikir verin, hətta OPEC-in daxilində maraqlar üst-üstə düşmür”.

Yaxın perspektivdə neftin qiyməti ilə bağlı proqnozlarını bölüşən nazir qeyd edib ki, qiymət hazırda müəyyən olunmuş dəhlizdən kənara çıxmayacaq: “Neftin qiymətinin formalaşmasında bir sıra amillər vacibdir. İlk növbədə söhbət siyasi amillərdə gedir. Lakin indiki şəraitdə bunların altında onlarla subamillər var və onlar barədə biz sizinlə saatlarla danışa bilərik. Neftin qiyməti ilə bağlı proqnoz vermək artıq ən əhəmiyyətsiz işə çevrilib. Fundamental əsaslar, iqtisadi qanunauyğunluq tamamilə pozulub. Yaxın perspektivdə hansı hadisə baş verə bilər ki, qiymət indiki dəhlizdən kənara çıxsın? Mən elə bir hadisəni görmürəm”.

Hazırda Azərbaycan neftinin 47.78 dollara satıldığı bildirilir. Son gündə “Azeri Light” markalı neft təqribən 3 faiz ucuzlaşıb.

OPEC (Neft İxrac Edən Ölkələr Birliyi) 1960-ci ildə yaradılıb. Hazırda bu birliyə 12 ölkə daxildir. Bunlar Anqola, Liviya, Əlcəzair, Nigeriya, İran, İraq, Küveyt, Qətər, Səudiyyə Ərəbistanı, BƏƏ, Venesuela və Ekvadordur.

“Növbəti ilin dövlət büdcəsində neftin 1 barrelinin baza qiymətini 40 dollardan hesablamaq lazımdır, – deyib, Natiq Əliyev.

Nazirin bildirməsinə görə, bu rəqəm indiki şəraitdə ən optimal və daha realdır. “Neft hasilatçısı olan bir sıra ölkələr, o cümlədən bizim qonşularımız da gələn ilin dövlət büdcəsində neftin 1 barrelinin baza qiymətini 40 dollardan götürüb. Hesab edirəm ki, indiki şəraitdə bu rəqəm ən optimaldır. Bu, mənim şəxsi fikrimdir”, – deyə nazir qeyd edib.

Bu ilin dövlət büdcəsində neftin bir barrelinin qiyməti 50 dollar götürülmüşdü. İlin əvvəlində neftin qiymətində kəskin azaldıqdan sonra parlament dövlət büdcəsinə yenidən dəyişiklik etdi. Dəyişiklikdən sonra büdcədə neftin baza qiyməti 25 dollar götürüldü.

Ana səhifəXəbərlərNazir neftin bahalaşacağına inanmır