”Onların Azərbaycana iradı mədən şəffaflığı ilə bağlı deyildi”
“Azərbaycanın Mədən Sənayesində Şəffaflıq Təşəbbüsündən (MSŞT) çıxması ölkənin investisiya reytinqinə təsir etməyib”.
APA yazır ki, bunu iyunun 8-də Bakıda keçirilən Azərbaycan – Avropa İttifaqı biznes forumunda iqtisadiyyat nazirinin müavini Sahil Babayev deyib.
O, Azərbaycanın bu təşəbbüsdən çıxmasının digər sahələrə də təsir etmədiyini söyləyib:
”Öz məqsədlərindən kənara çıxan təşkilat təzyiq alətinə çevrilib. Mədən Sənayesində Şəffaflıq Təşəbbüsü ilə bağlı bizim müzakirələrimiz olub. Azərbaycan Mədən Sənayesində Şəffaflıq Təşəbbüsünün əsas iştirakçılarından olub və əldə etdiyi uğurlara görə beynəlxalq dəyərləndirmə də alıb. Təəssüf ki, son dövrlər bu təşkilatın öz məqsədlərindən kənara çıxaraq daha çox təzyiq alətinə çevrildiyini gördük. Azərbaycan ilk monitorinq olunan ölkə oldu. Əsas meyar olan mədən şəffaflığı ilə bağlı iradlar eşitmədik. İradlar başqa sahələrlə bağlı idi. Azərbaycana qarşı təzyiq istəkləri var idi. Ona görə də, Azərbaycan bu təşəbbüsdən çıxdı”.
Nazir müavini deyir ki, Azərbaycan təşəbbüsdən çıxsa da, şəffaflıq prinsiplərindən geri çəkilməyib:
”Azərbaycan Hasilat Sənayesində Şəffaflıq üzrə Komissiya yaratdı. Mədən sənayesində şəffaflığın tam tərəfdarıdır. Bu təşkilatdan çıxsa belə, Azərbaycan müvafiq hesabatlarını açıqlayır. Mədən sənayesində fəaliyyət göstərən şirkətlər öz fəaliyyətini şəffaf qurmağa hazırdır və bunu elan ediblər”. S.Babayev əlavə edib ki, MSŞT-dən çıxdıqdan sonra Azərbaycana qarşı kampaniyalar aparılsa da, bu, effektiv olmayıb: “Azərbaycan Cənub Qaz Dəhlizi layihəsinə investisiya cəlbi ilə bağlı razılaşmalar əldə etmişdi. Dünya Bankı, Asiya İnkişaf Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankına müraciətlər olundu ki, Azərbaycana kreditlər verilməsin. Amma bunların heç biri baş tutmadı. Dünya Bankı və Asiya İnkişaf Bankı Azərbaycana kreditlər ayırır. Digər Avropa bankları da bu layihəyə sadiqliyini bildirib. Onlarla da sazişlər imzalanacaq”.
Sahil Babayev əlavə edib ki, Azərbaycan dövləti mədən sənayesində şəffaflıqla bağlı vətəndaş cəmiyyətinin nümayəndələri tərəfindən qaldırılan hər bir məsələni müzakirə etməyə hazırdır.