Nazir müavini: Kino sənayesinin inkişafı üzrə qanunvericilik bazası mükəmməl deyil

”Bəzi problemlər qanunvericiliklə yox, Nazirlər Kabineti səviyyəsində həllini tapmalıdır”

Source:
Ədalət Vəliyev
Ədalət Vəliyev


”Bəzi problemlər qanunvericiliklə yox, Nazirlər Kabineti səviyyəsində həllini tapmalıdır”

“Azərbaycanda kino sənayesinin inkişafı üzrə qanunvericilik bazasının mükəmməl olmaması, dövrlə uyğunlaşmaması səbəbindən “Azərbaycan kinosunun 1998-2018-ci illər üzrə inkişafına dair Dövlət Proqramı”nın bəzi bəndlərini icra edə bilmirik”.

Trend-in məlumatına görə, bunu mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev Milli Məclisin Mədəniyyət Komitəsinin bu gün keçirilən iclasında “Kinomatoqrafiya haqqında” yeni qanun layihəsinin ilkin müzakirəsi zamanı deyib.

Azərbaycanda “Kinomatoqrafiya haqqında” qanunun 2008-ci ildə qəbul edildiyini xatırladan nazir müavini deyib ki, ötən müddətdə dünyada kino sahəsi üzrə bir çox yeniliklər, texnologiyalar tətbiq edilib.

Komitə sədri Rafael Hüseynov isə əlavə edib ki, ötən müddətdə kino sahəsində texnologiyaların dəyişməsi, yeni yanaşmanın ortaya çıxması mövcud qanuna yenidən baxmaq ehtiyacını yaradıb.

Onun sözlərinə görə, yeni qanun layihəsi filmlərin istehsalı, yayımı, milli kinomatoqrafiyanın təbliği və qorunması sahəsində yaranan münasibətləri tənzimləyəcək.

R.Hüseynov deyib ki, artıq layihə rəy alınması üçün müvafiq qurumlara göndərilib: “Aprelin sonu-mayın əvvəllərində isə layihənin ilkin variantının geniş müzakirəsinin keçirilməsi nəzərdə tutulur. Həmin müzakirələrdə iştirak etmək üçün İqtisadiyyat, Maliyyə, Vergilər Nazirliyi və Gömrük kömitəsinin nümayəndələri Milli Məclisə dəvət ediləcək. Bu layihənin ətarfında ciddi müzakirələr olmalıdır. Çünki kino sahəsindən əldə olunan gəlirin çox olmasını istəyiriksə, o zaman onun istehsalına daha çox diqqət yetirilməlidir. Belə olan təqdirdə bu iş cavabsız qalmayacaq, kinonun məhsulu dövlətin xəzinəsinə, büdcəyə öz müsbət təsirini göstərmiş olacaq”.

R.Hüseynov deyib ki, bu qanun layihəsi 20-40 il ərzində kinomatoqrafiya sahəsinin inkişafı üçün hüquqi baza rolunu oynamalıdır.

Layihənin müəllifi, hüquqşünas Fikrin Bəktaşı Meydan TV-yə bildirib ki, qanunda müəyyən mexanizmlər var ki, birbaşa tətbiq olunmur. Bu mexanizmlər Nazirlər Kabinetinin qərarları, digər qanunverici aktlarla, nazirin əmriylə tənzimlənir. Ona görə layihədə hüquqi mexanizmlər bilavasitə əks olunmasa da, kino sahəsinin inkişafına yardımçı olacaq kifayət qədər yeni mexanizmlər var.

Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi Əli İsa Cabbarov isə təşəbbüsdən xəbəri olsa da, qanun layihəsiylə tanış olmadığını söylədi: “Əslində, söhbət yeni qanundan getmir, əlavələr olacaq və bu proses uzun çəkəcək. Təşəbbüs yaxşı olduğundan ancaq uğurlar arzulaya bilərəm. Hazırki qanun ittifaqın sədri Rüstəm İbrahimbəyov və o zaman Mədəniyyət Komitəsinin sədri, xalq yazıçısı Anarın birgə fəaliyyəti nəticəsində qəbul olunmuşdu”.

Əli İsa Cabbarov
Əli İsa Cabbarov

O, yeni layihədə nələri görmək istəməsi haqda suala belə cavab verdi: “Bizdə problemlər qanunvericilikdən daha çox Nazirlər Kabineti müstəvisində həll olunmalıdır. Birinci həll olunası məsələ vergi və gömrük güzəştləri haqdadır. Kino istehsalçılarına, kinoya investisiya qoymaq istəyən iş adamlarına güzəştlər olmalıdır ki, bu sahə inkişaf etsin. Məsələn, Fransada nümayiş olunan xarici filmə satılan biletdən Milli Kino Fonduna vergi gedir. İkinci məsələ müəlliflərin qonorarlarında yuxarı planka var, yəni dövlət sifarişiylə çəkilən filmlərin yuxarı plankası təsdiq olunub, buda kino sahəsinin inkişafına mane olur. Bunlar aradan qaldırılmalıdır. Ancaq bu məsələlər qanunvericilikdə yox, Nazirlər Kabineti səviyyəsində həllini tapmalıdır.

Ana səhifəXəbərlərNazir müavini: Kino sənayesinin inkişafı üzrə qanunvericilik bazası mükəmməl deyil