İlkin Vəliyev: ”Vergi Məcəlləsinə müvafiq dəyişikliklər layihəsi hazırlanacaq”
Azərbaycanda istehsal fəaliyyəti ilə məşğul olan kiçik və orta sahibkarlar üçün mənfəət (gəlir) və əlavə dəyər vergisinin dərəcələri aşağı salınacaq.
“APA-Economics”in məlumatına görə, bunu Vergilər Nazirliyində prezident İlham Əliyevin “2016-cı ildə vergi sahəsində aparılacaq islahatların istiqamətləri”nin təsdiqi və vergi inzibatçılığının təkmilləşdirilməsi haqqında” 4 avqust 2016-cı il tarixli sərəncamı və bu sərəncamla bağlı Vergilər Nazirliyinin qarşısında duran vəzifələrə həsr edilmiş mətbuat konfransında vergilər nazirinin müavini İlkin Vəliyev deyib.
Onun sözlərinə görə, bununla əlaqədar qanunvericilikdə dəyişikliklərin edilməsi və bu sahədə vergi inzibatçılığının yüngülləşdirilməsi nəzərdə tutulur.
Nazir müavini qeyd edib ki, sərəncamda müəyyən edilmiş islahatların başlıca istiqamətləri biznes mühitinin bir qədər də yaxşılaşdırılması, vergi qanunvericiliyinin, sahibkarlığın inkişafı üçün daha əlverişli şərtlərin yaradılması və sahibkarların hüquqlarının genişləndirilməsi ilə bağlı müddəaların, həmçinin vergitutma bazasının genişləndirilməsi və vergi nəzarətinin səmərəliliyinin artırılması ilə bağlıdır, – deyə İ. Vəliyev vurğulayıb.
Sərəncamın mühüm bir müddəasının ƏDV-nin differensiallaşdırılması ilə bağlı olduğunu vurğulayan İ.Vəliyev bir sıra istehlak mallarının qiymətlərinin ƏDV-nin differensiallaşdırılması yolu ilə tənzimlənməsinin nəzərdə tutulduğunu diqqətə çatdırıb: “Beynəlxalq təcrübədə belə mallara uşaq qidaları, məktəbli ləvazimatları, dərman vasitələri, əlillər üçün tibbi məhsullar və avadanlıqlar, kitablar və bir sıra xidmət növləri daxildir. Qarşıdakı dövrdə bu sahədə beynəlxalq təcrübə öyrəniləcək və Vergi Məcəlləsinə müvafiq dəyişikliklər layihəsi hazırlanacaq”.
Nazir müavini əlavə edib ki, uzun müddətdir müəyyən diskussiyalara səbəb olmuş kənd təsərrüfatı məhsullarının ticarət şəbəkələrində pərakəndə satışı zamanı tam dəyərinin ümumi qaydada ƏDV-yə cəlb edilməsi ilə bağlı məsələ də artıq öz həllini tapacaq: “Bu addım kiçik və orta sahibkarlığı stimullaşdırmaqla yanaşı, pərakəndə ticarətdə rəqabət mühitini təmin edəcək”.