Nazir müavini: Hazırda hər 100 doğulan qıza 117 oğlan düşür

Azərbaycanda qadın sayının çatışmazlığı təhlükəsi yarana bilər

Source:


Azərbaycanda qadın sayının çatışmazlığı təhlükəsi yarana bilər

“Son 12 ildə Azərbaycan əhalisinin sayı 16 faiz artaraq 2015-ci il sentyabrın 1-də 9 milyon 666 min nəfər təşkil edib. Təbii artım əmsalı 1,3 olub, hər 1000 nəfərə düşən doğum səviyyəsi 14 nəfərdən 18 nəfərədək artıb, hər 1000 nәfәrә düşən ölüm səviyyəsi isə 6,0 nəfərdən 5,9 nəfərədək azalıb”, – Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində “Azərbaycanda doğulan uşaqların cins nisbəti: 2014-2050-ci illər üzrə demoqrafik proqnozların təqdimatı” mövzusunda keçirilən tədbirdə nazir müavini İdris İsayev bildirib.

Əmək və Əhalinin Sosoial Müdafiəsi Nazirliyinin məlumatına görə, tədbirdə ayrı-ayrı hökumət qurumlarının, BMT-nin Əhali Fondunun, Türkiyənin Hacettepe Universitetinin Əhali Araşdırmaları İnstitutunun nümayəndələri iştirak ediblər.

Nazir müavini Azərbaycansa əhalinin 49,8 faizini kişilərin, 50,2 faizini isə qadınların təşkil etdiyini bildirərək bu göstəricinin ümumdünya göstəricisindən fərqli olduğunu deyib.

“Hazırda dünya əhalisinin 50,4 faizini kişilər, 49,6 faizini qadınlar təşkil edir. Dünya əhalinin cins strukturunun kişilərin xeyrinə dəyişməsinin əsas səbəbi Çin və Hindistanın əhalisinin cins strukturunda kişilərin üstünlük təşkil etməsidir. Belə ki, bu ölkələrdə əhalinin təqribən 52 faizi kişilərdir. Həmin ölkələrin əhalisinin dünya əhalisinin 36 faizdən çoxunu təşkil etməsi ümumdünya göstəricinə öz təsirini göstərmişdir. Çində hər 100 doğulan qıza 120, Hindistanda isə 108 oğlan düşür”, – o qeyd edib.

Nazir müavini vurğulayıb ki, Azərbaycanda diri doğulanların cins strukturunda 1990-cı illərin əvvəllərindən oğlan uşaqlarının artımı müşahidə olunur.

“Hazırda hər 100 doğulan qıza 117 oğlan düşür. Doğulan uşaqların cins nisbəti (hər 100 qıza düşən oğlanların sayı) bioloji normaya uyğun olaraq 105-106 olub. 2014-cü ildə ölkədə doğulan 171 min uşaqdan 46,4 faizini qızlar, 53,6 faizini oğlanlar təşkil edib. 2013-cü ilin məlumatlarına əsasən bütün doğum ardıcıllığı üzrə oğlanların sayı qızların sayını üstələyir və bu, bioloji normadan yüksəkdir. Belə ki, 2-ci uşaqlar arasında hər 100 qıza 112 oğlan, 3-cü uşaqlar arasında 151 oğlan düşür və 4-cü və daha sonrakı doğulan uşaqlar arasında bu göstərici 166-dır”, – İ.İsayev bildirib.

Doğulanların cins nisbətinin pozulmasının ümumi əhalinin cins strukturunu da dəyişdiyini qeyd edən nazir müavini nəzərə çatdırıb ki, əhalinin siyahıya alınması üzrə məlumatlara əsasən 1989-cu ildə hər 1000 kişiyə 1051 qadın, 1999-cu ildə 1048 qadın, 2009-cu ildə isə 1021 qadın düşüb. Bu gün hər 1000 kişiyə düşən qadınların sayı 1013-dür.

“Hazırda doğulanlar arasında oğlan uşaqlarının üstünlüyü meylinin növbəti illərdə də davam etməsi ehtimalını nəzərə alsaq, gələcəkdə doğumun tələb olunacaq səviyyədə təmin edilməsi üçün qadın sayının çatışmazlığı təhlükəsi yarana bilər, bu da öz növbəsində davamlı demoqrafik inkişafa öz mənfi təsirini göstərə bilər”, – İ.İsayev qeyd edib.

Ana səhifəXəbərlərNazir müavini: Hazırda hər 100 doğulan qıza 117 oğlan düşür