Vahid Məhərrəmov: ”Məmurlar reallıqdan çox uzaqdırlar”
“Son bir ildə Azərbaycanda 517 min ton pomidor istehsal edilib və bunun 100 min tonu Rusiyaya ixrac edilib. Bu da 5,2 faiz edir”, – Azərbaycan iqtisadiyyat nazirinin müavini Sahil Babayev Rusiyanın Federal Gömrük Xidməti, Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidmətinin məsul əməkdaşlarıyla görüşündə belə deyib.
S.Babayev ötən bir ildə Azərbaycana alma idxal edilmədiyini və ölkədə istehsal olunan almanın bir qisminin ixraca yönəldildiyini söyləyib.
Nazir müavini bu gün Azərbaycan Rusiyanın meyvə-tərəvəzə olan tələbatını tam olaraq ödəmək qabiliyyətində olduğunu deyib.
Kənd təsərrüfatı üzrə mütəxəssis Vahid Məhərrəmov nazir müavininin söylədiklərini Meydan TV-yə şərh edərkən Azərbaycan məmurlarının əksəriyyətinin öz sahələriylə bağlı anlayışlarının olmadığını deyib. Sahil Babayev ölkənin resurs imkanlarını, potensialını nəzərə alaraq, Dövlət Statistika Komitəsinin məlumatlarına əsaslanaraq belə görüşlərdə doğru-dürüst rəqəmlər səsləndirməli idi. Söhbət meyvə-tərəvəzdən gedirsə, adambaşına meyvə istehlakı norması il ərzində 100, tərəvəz istehlakı isə 146 kiloqrama yaxındır. Sahil Babayev Rusiya nümayəndəsinə söz verəndə mütləq bunu nəzərə almalıydı:
“Rusiya əhalisinin 145 milyon olduğunu nəzərə alıb ona uyğun rəqəm səsləndirməliydi. Onların istehlakı azı 15 milyon ton meyvə və giləmeyvə edir. Azərbaycan isə təxminən 800 min ton istehsal edir. Bu mənada Azərbaycan özünün meyvə və giləmeyvəyə ehtiyacını tam ödəmir. Rusiyanın tərəvəz və bostan məhsullarına olan təlabatını tam ödəmək üçün isə 21 milyon ton tərəvəz ixrac etmək lazımdır. Azərbaycan bu sahədə də özünü təmin edə biləcək məhsul istehsal edə bilmir. Özünün meyvə və giləmeyvəyə, tərəvəzə olan tələbatını ödəmədiyi halda bu cür bəyanatlar səsləndirmək qeyri-ciddidir”.
Ekspert deyir ki, Sahil Babayevin qarşısındakılar da bu cür açıqlamaları qeyri-ciddi qəbul edir. Bəzi beynəlxalq təşkilatların ekspertləriylə görüşəndə onlar Azərbaycan məmurlarının reallığı dərk etmədiyini deyirlər. Ümumiyyətlə, Rusiya bazarını 100 faiz təmin etmək mümkün deyil. Gərək Azərbaycan məhsuldarlığı 20 dəfə artırsın ki, yalnız Rusiyanı təmin edə bilsin:
“Belə ifadələr səsləndirən məmurlar reallıqdan çox uzaqdırlar”.
İxrac edilən tərəvəzlə bağlı nazir müavinin dediklərinə gəlincə, Vahid Məhərrəmov bildirib ki, bu, heç də hökumətin iqtisadi siyasətinin nəticəsi deyil:
“Gəncə-Qazax, Masallı bölgələrində istixana biznesi normal inkişaf edib. Orada daha çox pomidor istehsalına üstünlük verilir. Buna görə Rusiyaya müəyyən qədər məhsul göndərə bildik. Həm də qonşu ölkələr yaxşı, keyfiyyətli məhsul çıxarda bilmədiklərindən, Rusiya bazarında Azərbaycan pomidoruna yüksək qiymət verdilər. Ancaq 100 min ton pomidor Azərbaycan üçün cüzi göstəricidir və münbit iqlim şəraiti və əhalinin işgüzarlığı nəzərə alındıqda, həmin rəqəmi 5 dəfə artırmaq olar”.