”Bu işi görən adamlar məsuliyyətə cəlb olunmalıdır”
Mədəniyyət və turizm naziri Əbülfəz Qarayev şair Mikayıl Müşfiqin abidəsinin götürülməsinə münasibət bildirib. Nazir APA-ya olaydan sarsıldığını və xəbər tutan kimi dərhal müvafiq tapşırıqlar verdiyini söyləyib:
“Abidənin götürülməsi Azərbaycan qanunlarına hörmətsizlikdir. Müşfiqin heykəli Azərbaycanın dövlət əhəmiyyətli abidələri siyahısındadır. Büstün götürülməsi mütləq müvafiq dövlət orqanları ilə razılaşdırılmalı idi. Çox narahatıq. Artıq “Azəravtoyol”un rəhbərliyi ilə ciddi söhbət aparmışıq. Bütün bərpa işləri onların hesabına ediləcək. Bu işi görən adamlar məsuliyyətə cəlb olunmalıdır”.
Nazir bütün proseslərə ciddi nəzarət etdiklərini deyib: “Müşfiqin heykəli mütləq bərpa olunacaq”.
Fevralın 27-də
şair Mikayıl Müşfiqin büstünün İnşaatçılar prospekti, “Statistika dairəsi” adlanan ərazidəki parkdan götürüldüyü məlum oldu. “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinin Layihə İdarətmə Qrupunun rəhbəri Valeh İbrahimov buna səbəb kimi ərazidə yolun genişdirilməsini göstərdi. İş bitəndən sonra heykəlin yerinə qoyulacağını bildirdi.
Mədəniyyət Nazirliyi isə açıqlama yayaraq bildirdi ki, şirkət şairin abidəsinin götürülməsi ilə bağlı onların razılığını almayıb.
Heykəlin müəllifi Azərbaycan Respublikasının əməkdar rəssamı, heykəltəraş Münəvvər Rzayevadır. Heykəl 1970-ci ildə qırmızı qranitdən hazırlanıb.