Nazir: Manatın məzənnəsi sabitləşib

Natiq Cəfərli: ”İqtisadiyyat halsızlaşıbsa, manatın məzənnəsində də müəyyən sabitlik yaranmalıydı”

Source:


Natiq Cəfərli: ”İqtisadiyyat halsızlaşıbsa, manatın məzənnəsində də müəyyən sabitlik yaranmalıydı”

“Azərbaycanda makroiqtisadi sabitliyin təmin edilməsi, xarici şokların təsirinin ölkə iqtisadiyyatına təsirinin azaldılması istiqamətində ciddi addımlar atılır”.

Bunu iqtisadiyyat naziri Şahin Mustafayev Azərbaycan – Avropa İttifaqı biznes forumunda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, görülən tədbirlərin nəticəsində bu ilin əvvəlindən milli valyutanın məzənnəsi möhkəmlənib: “Manatın məzənnəsi sabitləşib. Milli valyutamız öz yerini tapmaqdadır”.

Bank sektorunun sağlamlaşdırılmasının mühüm vəzifələrdən biri olduğunu deyən Ş.Mustafayev əlavə edib ki, bu istiqamətdə ciddi addımlar atılır.

“Biz bank sistemindən irəli addımlar gözləyirik. Biznes subyektlərinin maliyyə resurslarına çıxışının asanlaşdırılmasını mühüm vəzifə hesab edərək bu istiqamətdə bankların sağlamlaşdırılması ilə bağlı addımların sürətləndirilməsi əzmindəyik”.

Nazirin söylədiklərini Meydan TV-yə şərh edən ReAL İdarə Heyətinin üzvü, iqtisadçı Natiq Cəfərli son 2 ayda manatın məzənnəsində sabitləşmə olduğunu və ötən müddətdə manatın dollara nisbətən 1.72-dən artıq olmadığını dedi:

“Bu mənada cənab Mustafayevin fikrini bölüşürəm. Artıq hərraclar da formal xarakter daşıyır. Amma nazir bu sabitləmənin nəyin hesabına baş verdiyini açıqlasa, daha məntiqli olardı. Problem ondadır ki, Şahin Mustafayevin dediyi sabitləşmə nəticəsində iqtisadi aktivlik azalıb və  ÜDM-də rəsmi rəqəmlərə görə azalma 1,3 faizdir. İndi baxın, iqtisadi aktivlik, manatın dövriyyəsi, kreditləşmə azalıbsa, bank sektorunda ciddi azalmalar müşahidə olunursa, obrazlı desək, iqtisadiyyat halsızlaşıbsa, manatın məzənnəsində də müəyyən sabitlik yaranmalıydı. Bəs bu sabitlik iqtisadiyyatdakı mövcud duruma dəyərdimi? Bu sual açıq qalır. Əslində, iqtisadiyyat naziri manatın məzənnəsindən daha çox iqtisadi aktivliyin indiki səviyyədə olmasından, ÜDM-nin bu səviyyədə aşağı düşməsindən danışmalı və çıxış yollarını deməli idi”.

Nazirin “manat öz məzənnəsini tapmaqdadır” açıqlamasına gəlincə, Natiq Cəfərli hesab edir ki, Şahin Mustafayev bununla manatın öz məzənnəsini tapmadığına işarə vurur:

Natiq Cəfərli

“Dünyada və Azərbaycanda hansısa proseslər baş verəcəksə, manatın məzənnəsində növbəti dəyişikliklər görünəcək. Federeal Ehtiyatlar Sistemi bu il iki dəfə faiz artıracağını bəyan edib, bu isə dünyada bahalaşmağa səbəb olan amillərdən biridir. İkinci səbəb neftin qiymətidir, OPEC-in hasilatın dondurulmasının uzadılması anlaşmasına baxmayaraq, neft 8-9 faiz dəyər itirib, qiymət 48 dollardır. Bu qiymətin yenidən enməsini göstərir və beləliklə, Azərbaycanın valyuta gəlirlərinin azalması deməkdir. Bununla bərabər Azərbaycanın xarici borcları artır və Beynəlxalq Bankla bağlı öhdəliklər də bunun üzərinə gəlir. Deməli, ölkə daha çox valyutaya ehtiyac duyacaq”.

Natiq Cəfərli ehtimal edir ki, payız aylarında manatla bağlı daha ciddi proseslər görünəcək:

“Çünki hökumət də iqtisadi aktivliyi canlandırmaqdan başqa çıxış yolu qalmayıb. Bunun üçün isə bank sektoru kreditləşməyə başlamalı, daha çox manat dövriyyəyə çıxmalıdır və beləliklə, yerli valyutaya mənfi təsir edəcək. Məzənnə vacib amil olsa da, həlledici deyil. Hökumət  məzənnənin sabitləşməsini iqtisadi aktivliyin hesabına baş verdiyini anlamırsa, müsbət qiymətləndirilə bilməz”.

Ana səhifəXəbərlərNazir: Manatın məzənnəsi sabitləşib