”Ümumilikdə sosial yardımların və müavinətlərin, təqaüd və kompensasiyaların ödənişinə dövlət büdcəsindən 9 ay ərzində 425 milyon manat vəsait xərclənib”
“Hazırda ölkə əhalisinin 6 faizinə ünvanlı sosial yardım verilir”.
“Report” xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiə naziri Səlim Müslümov “Azərbaycan” qəzetində dərc olunan məqaləsində bildirib.
Nazir qeyd edib ki, 2016-cı ilin 9 ayı ərzində 459 min nəfərə aylıq və birdəfəlik sosial müavinət, 57 min nəfərə Prezident təqaüdləri ödənilib: “Müavinət və təqaüdlərin orta aylıq məbləği 2016-cı ilin əvvəlinə nisbətən 9,6 faiz artıb. Hazırda 135 762 ailəyə və ya onların 583,8 min üzvünə, yəni ölkə əhalisinin 6 faizinə ünvanlı sosial yardım verilir. Cari ilin 1 oktyabr tarixinə bir ailəyə düşən orta aylıq yardım məbləği 152 manat olub. Ümumilikdə sosial yardımların və müavinətlərin, təqaüd və kompensasiyaların ödənişinə dövlət büdcəsindən 9 ay ərzində 425 milyon manat vəsait xərclənib”.
S.Müslümov xatırladıb ki, fevralın 1-dən işsizlik müavinətinin minimum məbləği 36,4 faiz, bu məqsədə ayrılan büdcə vəsaitinin məbləği isə 2,4 dəfə artırılıb: “Bu əlavə maliyyə imkanları işsiz şəxslərin sosial müdafiəsinin gücləndirilməsinə, eləcə də vətəndaşların işsiz qalma risklərinin qarşılanmasına yönəldilib. 9 ay ərzində 10 min 355 nəfərə işsiz statusu verilib, 10 min 853 nəfərə işsizlik müavinəti təyin edilib”.