Elmar Məmmədyarov

Mənbə: Foto:arxiv

Başlıq: Elmar Məmmədyarov

Nazir: Ermənilər əsirləri dəyişməkdən imtina edir

“Siyasi durğunluq olduqca, jurnalistlərin səfərləri nəticə verə bilməz”

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Slovakiyanın paytaxtı Bratislava şəhərində ATƏT-in 26-cı Nazirlər Şurasının iclasında çıxışı zamanı erməni tərəfinin əsirlərin “hamının hamıya” prinsipi ilə dəyişməkdən imtina etdiyini bildirib.

Çıxışın mətni nazirliyin rəsmi saytında dərc edilib.

Elmar Məmmədyarov bildirib ki, Ermənistanla Azərbaycan arasında münaqişənin həlli üçün danışıqlarda irəliləyiş yoxdur.

“Bu xüsusda, Ermənistan tərəfindən girov götürülən və işgəncələrə və digər alçaldıcı rəftara məruz qalan Dilqəm Əsgərov və Şahbaz Quliyevin işini xüsusi qeyd etmək istərdim. Ermənistan, hətta “hamının hamıya” prinsipi əsasında da onları azad etməkdən inadla imtina edir”, - nazir deyib.

Elmar Məmmədyarov həmkarlarına xatırladıb ki, Ermənistan və Azərbaycan münaqişənin iki tərəfidir, Azərbaycanın Dağlıq Qarabağ bölgəsindəki azərbaycanlı və erməni icmaları isə iki maraqlı tərəfdir.

“Erməni icmasını “Dağlıq Qarabağ xalqı” kimi təqdim etmək cəhdləri bölgənin yerli Azərbaycanlı icmasının mövcudluğunu inkar edir və onların bölgənin gələcəyi üzrə qərar qəbulu prosesinin tərkib hissəsi olmaq hüququnu şübhə altına alır”.

Nazir, “Qlobal Militarizasiya İndeksinə” istinad edərək, vurğulayıb ki, Ermənistan ATƏT məkanında ən hərbiləşdirilmiş dövlətdir və dünya miqyasında üçüncü yeri tutur:

“Ermənistan Azərbaycan ərazilərinin işğalını saxlamaq üçün öz ÜDM-dən hərbi məqsədlər üçün ATƏT-in iştirakçı ölkələrinin hər hansı birindən daha çox pul xərcləyir”.

Elmar Məmmədyarov erməni və azərbaycanlı jurnalistlərin 2019-cu ilin noyabrında qarşılıqlı səfərləri barədə də danışıb. O bildirib ki, Ermənistan və Azərbaycandan olan jurnalistlərin qarşılıqlı səfərləri kimi, humanitar sahədə müəyyən tədbirləri razılaşdıra və həyata keçirə bildik.

“Bununla belə, siyasi proses durğunluq vəziyyətində qalarsa, bu cür addımlar heç bir nəticə verə bilməz. Onlar əsaslı danışıqlar prosesini əvəz edə bilməzlər”.

Əvəz Həsənov

Əvəz Həsənov

Mənbə: Foto: arxiv

Konfliktoloq Əvəz Həsənov Meydan TV-yə Azərbaycan hökumətinə istinadən Ermənistanda 800 nəfər azərbaycanlının əsir saxlanıldığını bildirib:

“Ermənistan isə 3 nəfəri etiraf edir. Onlardan ikisi Dilqəm Əsgərov və Şahbaz Quliyevdir. Ermənistan hökuməti bu iki nəfəri buraxmır. Dəfələrlə beynəlxalq işçi qrupun nümayəndələri onların buraxılması üçün cəhd etsə də, alınmadı. Faktiki olaraq məsələ belə qalıb, çox çətindir. Ermənistanın arqumenti budur ki, Dilqəm Əsgərov və Şahbaz Quliyev insan qətlində ittiham olunduğundan azad edə bilməzlər. Həm də azad etsələr, Azərbaycan hər iki şəxsi qəhrəmanlaşdıracaq. İkinci arqumentləri odur ki, “Dağlıq Qarabağ məhkəməsi” onlar haqqında ittiham qərarı çıxardığından Yerevan bu məsələyə müdaxilə edə bilməz. Azərbaycan hökumətinə deyirlər ki, “Dağlıq Qarabağ Məhkəməsinə” müraciət edin. Rəsmi Bakı isə heç vaxt buna getməz. Bir növ ötür-ötür oyunudur. Bir yol var, Dilqəm Əsgərov və Şahbaz Quliyevin qohumları bu işə cəlb olunmalı və səfər edib onlarla görüşməlidir. Amma bu variant alınmadı. Yəni qohumları bildirdi ki, işğal edilmiş əraziyə getmək istəmirlər. Başqa bir variant odur ki, Dilqəm Əsgərov və Şahbaz Quliyevin bitərəfli qaydada ittiham olunması haqqında Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət etmək lazımdır. Çünki insan haqları pozulub”.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/lkpba9

Ən çox baxılan